backend

İcra başçısının hansı oğlu avtoqəzaya düşüb?

İcra başçısının hansı oğlu avtoqəzaya düşüb?



















Oktyabrın 19-da baş vermiş olayda Ceyhun Cəfərovun hərbi hissədə olan övladının adı hallanır

Kürdəmirin icra başçısı təkcə rayonu deyil, belə başa düşülür ki, heç özünü də idarə edə bilmir. Bir müddət əvvəl rayonda Azərbaycan bayrağının yandırılması baş verdi ki, bu bir rayon rəhbəri üçün ciddi siqnal idi. Amma ona qədər Ceyhun Cəfərovun bir başqa törətdiyi hadisə daha vardı.

Qeyd edək ki, hələ bir neçə ay bundan əvvəl Kürdəmirin icra başçısı Bakıya gedərkən, idarə etdiyi «Lexus» markalı maşının idarəetməsini itirərək, aşırmışdı. Bu barədə məlumatda vurğulanırdı ki, Cəfərov özü idarə etdiyi maşını saxlaya bilməyib və dəyəri yüz min dollarla ölçülən həmin avtomobil istifadəyə yararsız hala düşüb.

Eyni zamanda o da qeyd olunurdu ki, Cəfərov maşın sıradan çıxdıqdan sonra eyni markadan olan bir başqasını alıb. Qəzaya saldığı maşını isə yaxın adamları vasitəsi ilə satdırıb.

Lakin bilinən odur ki, maşını doğru-düzgün idarə edə bilməmə təkcə ata Cəfərova xas cəhət deyil. Elə oğlu da eyni onun kimi, qəza törətməyə meyilli görünür. Belə ki, oktyabrın 19-da Bakıda, Neftçilər prospektində, Port-Baku Towers-in qarşısında “BMW” markalı avtomobil TİR-lə toqquşub. Nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib. Avtomobildəki digər 3 nəfər müxtəlif bədan xəsarətli yaralar alıb. Onların durumlarının yaxşı olduğu bildirilir.

«Yeni Müsavat»ın yaydığı həmin məlumatda hadisə zamanı yaralanan şəxslərdən birinin Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilirdi. Məlumatda qeyd olunurdu ki, icra başçısının oğlu dostları ilə birlikdə Hava Limanından bir başqa dostlarını götürərək, şəhərə gələrkən qəza baş verib. Lakin bu xəbərdən bir neçə saat sonra Cəfərov apar-topar məlumatı təkzib edib. İcra başçısı deyib ki, onun iki oğlu var. «Biri 4 aydır ki, hərbi xidmətdədir. Digər oğlum isə Diplomatiya Akademiyasının tələbəsidir, sağ-salamatdır və Bakı şəhərində avtomobil sürmür".

Əslində, Ceyhun Cəfərovu narahat edən məqam avtoqəzanın olub-olmaması yox, bu işdə oğlunun adının hallanmasıdır. Təbii ki, bu, bir ata kimi mənəvi məsələsidir. Amma bir də karyerasının sual altına düşməsi problemi də var ki, bunu heç bir məmur arzulamır. Çünki indiyə qədər dövlət məmurlarının uşaqlarının törətdiyi qəzalardan və hadisələrdən dolayı hamısının atası ya işdən çıxarılıb, ya da bir şəkildə cəzalandırılıb.

Ceyhun Cəfərovu burada narahat edən təkcə karyerası da deyil, həm də qəza zamanı maşında onun hansı oğlunun olmasıdır. jam.az-a daxil olan məlumata görə, qeyd olunan avtomobil qəzasına düşən Ceyhun Cəfərovun Bakıda Ali Diplomatiya Akademiyasında oxuyan yox, məhz hərbi xidmətdə olan oğlu olub. Mənbə iddia edir ki, 4 ay əvvəl hərbi xidmətə çağırılmış oğul Cəfərov Bakıda dolanır, amma adı qulluq etdiyi hərbi hissədə gedir.

Onun Bakıda maşın idarə etdiyi və davamlı olaraq dostları ilə əyləncə məclisləri təşkil etdiyi də məlumatda vurğulanır. Mənbə bildirir ki, qəzanın videoçəkilişi də var. Və həmin çəkilişləri yaxın vaxtlarda sosial şəbəkələr vasitəsi ilə yayımlayacaqlar.

Qeyd edək ki, bizə verilən məlumatların birmənalı olaraq həqiqət olduğunu deyə bilmərik. Amma təcrübədən məlumdur ki, məmur uşaqları heç də uzaq yerlərdə və ya cəbhə xəttində hərbi xidmət keçmirlər. Və onların əksər hallarda adları hərbi hissədə qeydiyyatda olsa da, özləri Bakının küçələrində avtomobil sürürlər. Bununla bağlı yetərli qədər məlumatlar var və bu məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfi də dinləməyə hazırıq.