backend

Ermənistanda ilk dəfə əli qana batmamış liderin hakimiyyəti başlayır

Ermənistanda ilk dəfə əli qana batmamış liderin hakimiyyəti başlayır














Ötən gün Ermənistandan gələn xəbərlər bu reallığı ortaya çıxarmış oldu-Nikol Paşinyanın hakimiyyətə gedən yolunu artıq heç kim və heç nə kəsə bilməz. Az qala 100 faizlik ehtimalla Nikol mayın 1-də Ermənistanın yeni baş naziri seçləcək. Çünki Serj Sərkisyanın ardınca onun əslində sosial bazası çoxdan zəifləmiş və oliqarxiyaya söykənən partiyası da 43 yaşlı bu keçmiş qəzet müxbirinə təslim oldu.

Parlamentdə yerlərin yarıdan çoxuna nəzarət edən Respublika partiyası elan etdi ki, mayın 1-də baş nair postuna öz namizədini irəli sürməyəcək. Bunun ardınca Sərkisyanın istefasına bir neçə dəqiqə qalmış “Çiçəklənən Ermənistan” adlı partiyası (parlamentdə 31 mandata malikdir) ilə birlikdə “xalqın tərəfinə keçən” oliqarx Qaqik Tsarukyan və hakim koalisiyanın keçmiş ortağı olan Daşnaksütun partiyası Nikol Paşinyanın namizədliyini dəstəkləyəcəklərini elan etdilər.

Beləliklə, Nikol Paşinyanın tamamilə konstitusion formada hakimiyyət başına gəlməsi üçün heç bir maneə qalmır. Onun təmsil olunduğu “Çıxış” bloku 9, daşnaklar 7, “qaqoçular” isə 31 mandata malik olduğuna görə Nikola Serj Sərkisyanın partiyasından cəmi bir neçə deputatın səs verməsi kifayətdir. Hərçənd Paşinyan ötən gün Vanadzorda keçirdiyi izdihamlı mitinqdə elan etdi ki, proseslər onların xeyrinə cərəyan etsə də hər halda bu gün saat 12.00-dan etibarən bütün Ermənistan boyu dinc kütləvi itaətsizlik aksiyalarını bərpa edəcək. Başqa sözlə, Nikol işini ehtiyatlı tutur və baş nazir kürsüsünə oturmadan və qələbəsini rəsmiləşdirmədən başlatdığı hərəkatı dayandırmaq niyyətində deyil.

Lakin artıq tamamilə aydındır ki, nə indiyə qədər Ermənistan hakimiyyətinin “səhmdarları” qismində bu ölkəni idarə edən erməni əsilli rusiyalı oliqarxlar, nə misli görünməmiş sürətlə genişlənən etiraz hərəkatına qəfil yaxalanıb ən yaxın müttəfiqi və dostu Sərkisyanı qoruya bilməyən Kreml, nə indiyə qədər Sərkisyan-Köçəryan tandemi sayəsində sərvət toplayan kriminal oliqarxlar Paşinyanın hakimiyyət başına gedən yolunu kəsə bilməz. Bütün maraqlı tərəflər mövcud status-kvo ilə barışmağa məcbur olub və Ermənistanda tamamilə yeni era başlayır.

Şübhəsiz ki, düşmən ölkədə baş verən digər proseslər kimi bu baş verənlər də Azərbaycan üçün maraqlıdır, izlənməlidir və geniş təhlil edilməlidir. Ən çox maraq doğuran məsələ isə şübhəsiz ki, Nikol Paşinyan və onun formalaşdıracağı “xalq hakimiyyətinin” Qarabağ məsələsində hansı dəst-xəttə malik olacağıdır.

Bəs Nikol Paşinyan özü kimdir və ondan Qarabağ məsələsində yeni nəsə gözləməyə dəyərmi? Bu suala cavab tapa bilmək üçün inqilabçının, xarici KİV-lərdə artıq “ermənilərin Çe Gevarası” adını qazanmış Paşinyanın portretini cizməyə çalışaq.

Beləliklə, Nikol nə Ermənistana 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində rəhbərlik etmiş keçmiş partnomenklatura nümayəndəsidir, nə Levon Ter-Petrosyan kimi erməni diasporunun yetişdirdiyi görkəmli siyasi xadimdir, nə Robert Köçəryan, Vazgen Sərkisyan, Serj Sərkisyan kimi keçmiş səhra komandiridir. O, Azərbaycanla sərhəd İcevan bölgəsində doğulmuş adi kənd uşağıdır və müxalifyönümlü qəzetlərin 90-cı illərdə məmurları tənqid etdiyi üçün tez-tez məhkəmələrə çəkilən adi müxbiri kimi siyasət səhnəsinə atılıb.

Nikol Paşinyan 1975-ci il iyunun 1-də İcevanda anadan olub. 1991-ci ildə İcevanda orta məktəbi bitirib və həmin il Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin “jurnalistika” ixtisasına qəbul olub. Nə qərb təhsili , nə elmi dərəcəsi var, ümumiyyətlə belə məlum olur ki, heç diplomu da yoxdur. Çünki “Kavkazskiy uzel” portalının yazdığına görə Paşinyan yaxşı oxusa da 1995-ci ildə siyasi fəaliyyətinə görə universitetdən qovulub və diplom ala bilməyib. Nə ingilis, nə rus dilini bilmir, ən azından onun bioqrafiyasında bu barədə heç bir məlumat yoxdur. Və bu da təəcüblü deyil-Paşinyan SSRİ dağılandan sonra ali məktəbə daxil olub, Yerevan elitasından çıxmayıb və ifrat erməni millətçiliyinin tüğyan etdiyi 90-cı illərin siyasi burulğanlarına atıldığı üçün rus dilini müəkəmməl öyrənməyə onda istək də yarana bilməzdi.

Paşinyan universitetə daxil olan kimi ixtisası üzrə fəal məşğul olmağa başlayır və onun ilk məqaləsini “Avanqard” adlı qəzet birinci səhifədən dərc edir. 1993-1994-cü illərdə Nikol “Dprutyun” adlı qəzetdə müxbir işləyir, 1994-cü ildə “Lragir” adlı qəzetə müxbir keçir. 1995-1997-ci illərdə isə “Molorak” adlı qəzetin “MSE” adlı əlavəsində redaktor olur.

1998-ci ildə Paşinyan “Lragir” qəzetinin baş redaktoru oldu və bu həmin dövr idi ki, qarabağlı səhra komandirləri Ermənistanda çevriliş edib Levon Ter-Petrosyanı Qarabağ məsələsinin mərhələli nizamlanması planına razılıq verdiyi üçün devirmişdilər. Və Ermənistanda yarımhərbi xunta formalaşmışdı, “Yerkrapa” yarımhərbi birləşməsi ölkədə əsas söz sahibi idi.

Beləliklə, Paşinyan öz qəzetində hakimiyyəti qəsb etmiş qarabağlı səhra komandirlərinə qarşı yazır və çox keçmədən “Lragir”i məhkəməyə verib bağlayırlar. Paşinyanın özünü isə böhtan və təhqir ittihamı ilə cərimələyir, 1 il icbari həbsə məhkum edirlər. Lakin Paşinyan Köçəryan-Sərkisyan klanına qarşı jurnalist fəaliyyətini dayandırmır, 1999-cu ildə “Aykakan jamanax” qəzetinin baş redaktoru olur. Bu, həmin dövrlər Ermənistan hakimiyyətinə qarşı ən sərt tənqidi mövqedə olan və Ter-Petrosyana yaxınlığı ilə tanınan nəşr idi.

Bir neçə il həmin qəzetdə hakimiyyətin qatı tənqidçilərindən biri kimi dolayı siyasi fəaliyyətlə məşğul olan Paşinyan 2006-cı ildə birbaşa siyasətə keçir. “Alternativ” adlı ictmai-siyasi hərəkat yaradır və 2007-ci ilin parlament seçkilərində daha iki kiçik müxalif partiya ilə birlikdə “İmpiçment” adlı blok formalaşdırır. Lakin bu seçkilərdə Paşinyanın bloku cəmi 17 min səs (1.2 faizə yaxın) yığır və parlamentə keçə bilmir. Nikol seçkilərin saxtalaşdırıldığını elan edib İrəvanın “Azadlıq” meydanında müddətsiz , oturaq etiraz aksiyasına başlayır. Əlbətdə, həmin vaxt Paşinyanın başlatdığı hərəkat uğurlu olmur və tezliklə sönüb gedir.

Siyasətdə ilk uğursuzluqdan sonra Paşinyan taktikanı dəyişir. 2008-ci ildə yenidən siyasətə qayıdan və prezidentliyə namizədliyini irəli sürən eks-prezident Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olur. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq başlayan etiraz hərəkatında Nikol əsas təşkilatçılardan biri idi və bu aksiyalar silah gücünə dağıdıldıqdan sonra onun barəsində cinayət işi qaldırılır.

Kütləvi iğtişaşların təşkilində ittiham edilən Paşinyan təxminən 1 il 4 ay gizləndikdən sonra hakimiyyətə könüllü təslim olur. Milli Təhlükəsizlik Xidmətiinin təcridxanasında özünün həbsxana qeydlərini yazmağa başlayır, bu qeydlər “Aykakan jamanax” qəzetində dərc edilir. 2010-cu ildə 7 il azadlıqdan məhrum edilir. Həmin ilin noyabrında həbsxanada Nikola qara geyimli və maskalı iki nəfər hücum edib bərk döyür. Nikol qışqırıb köməyə səsləyir və həmin adamlar kameranl tərk edir.

Bu insidentin üstü əlbətdə ki, açılmamış qalır, amma hamıya aydın idi ki, Nikolu həbsxanada cəzalandırmaq istəyənlər hakimiyyətin adamlarıdır. Paşinyanın həbsxanaya karyerası onun tez-tez karserə salınması ilə müşaiyət olunur, həbsxana rəhbərliyi onu davakar, başqa məhbuslarla tez-tez dava salan biri kimi xarakterizə edir. Amma Nikolun həbsxana həyatı uzun sürmür-2011-ci ildə bir qrup siyasi məhbusla birlikdə aministiyaya salınır.

Əlbətdə, Nikol həbsdən çıxan kimi dərhal siyasi fəaliyyətə qaytdı və Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Konqresi hərəkatının başlatdığı etiraz mitinqlərindən təşkilatçılarından biri oldu. 2011-ci ilin mayından başlayaraq özünün alovlu nitqləri ilə Nikol Konqresin keçirdiyi cəmi 21 mitinqin hamısında aparıcı olub. 2012-ci ilin mayında Nikol ilk dəfə Ermənistan parlamentinə seçilib və bu dəfə sərt anti-hakimiyyət çıxışlarını deputat kimi davam etdirib.

Bir il sonra yenidən özünün siyasi hərəkatını-“Vətəndaş sazişi”ni yaratmağı qərara alıb. Bununla da Paşinyan dalbadal üzləşdiyi uğursuzluqlardan sonra zəifləyən Ermənistan Milli Konqresindən uzaqlaşır. 2016-cı ildə isə “Çıxış” adlı blokun lideri olur, ötən il bu partiyadan deputat seçilir.

Belə demək olar ki, 2017-ci ilin parlament seçkiləri kampaniyası Nikol Paşinyanın müstəqil siyasi lider kimi o vaxta qədər ən yaddaqalan mərhələsi idi. Bu həmin vaxtlar idi ki, Serj Sərkisyanın hakimiyyəti Qarabağda 4 günlük aprel müharibəsi zamanı Azərbaycan ordusunun zərbələrindən ciddi sarsılmışdı. Və konstitusiya dəyişikliyinə əsasən bu seçkilərdə formalaşacaq parlament ölkənin yeni baş nazirini seçməliydi. Sərkisyan isə iki prezidentlik müddətini başa vurduqdan sonra hakimiyyətinin ömrünü baş nazir qismində uzatmaq niyyətində idi. Hərçənd o vaxtlar Serj Sərkisyan belə niyyətinin olmadığını deyirdi, amma Paşinyan və digər müxalif siyasətçilər onun sözünə inanmırdılar. (Zaman göstərdi ki, onlar tamamilə haqlı idilər)

Ötən ilki parlament seçkiləri kampaniyasında Nikol Paşinyan Serj Sərkisyanı ən çox sıxışdıran müxalifətçi hesab edilə bilər. O, iki-üç xırda partiyanın birləşdiyi “Çıxış” blokunun lideri kimi İrəvan məhəllələrində, regionlarda fəal seçki toplantıları keçirir, azsaylı tərəfdarları qarşısında çıxış etmək üçün binların həyətlərində qarajların damına belə çıxırdı.

O vaxt Serj Sərkisyan təbii ki, Paşinyanı ciddi qəbul etmirdi və çıxışlarından birində ona eyhamla demişdi ki, aprelin 2-nə təyin olunmuş seçkilərdə “evlərin həyətlərində, avtoqarajların damında hoppanıb bacardıqda yüksəkdən qışqıranları yox, xalqın mövcudluğunu qoruyanları” seçmək lazımdır.

Paşinyan isə Sərkisyana Vanadzorda seçicilərlə görüşündə cavab verdi. Dedi ki, xalqı bu uçurumdan çıxarmaq üçün onlar evlərin damında tullanmağa da hazırdırlar. Sitat: “O deyir ki, bizim dama qalxmağımız xoşuna gəlmir. Lakin bağışlayın məni, bu gün Respublika partiyası elə adamların namizədliyini irəli verib ki, 10 il deputat olduqları vaxtda dama yox, heç tribunaya da qalxmayıblar. O zaman bu adamları təzədən niyə deputatlığa namizəd irəli sürmüşünüz?”

Yaxud Paşinyan Qarabağdan Azərbaycanı “İsgəndər” raketləri ilə hədələyən Sərkisyana cavab olaraq demişdi: ““İsgəndər” raketləri nə qədər müasir texnika olsa da o, ötən əsrin 80-ci illərinin “xoda getməyən” tankları ilə birlikdə vahid təhlükəsizlik sistemi ola bilməz. Bu, ona bənzəyir ki, kimsə 80-ci illərin sovet televizoru “Rekord”u “Panasonic”in məsafədən idarə etmə pultu ilə işə salmağa çalışır. Serj Sərkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir”.

Seçki yekunlaşdı və Paşinyanın bloku 7 mandat qazanıb parlamentdə təmsil olunmaq haqqı qazandı. Və həmin “damdan dama tullanan” və “bacardıqca bərkdən qışqırmağa çalışan” kepkalı siyasətçi çox keçmədi ki, azsaylı tərəfdarları ilə birlikdə küçələrə çıxıb Serj Sərkisyanı hakimiyyətdən biabırçı şəkildə qovan lider kimi tarixə düşməyi bacardı. Ona görə biabırçı ki, Sərkisyan yiyələndiyi baş nazir kreslosunda heç düz-əməlli orturmağa imkan tapmadan istefa verməli oldu-“Paşinyan haqlı idi, mən səhvə yol verdim...”

Paşinyanın qələbəsindən çıxan ilk mühüm nəticə budur ki, Ermənistanda müstəqilliyin əldə olunmasından bu yana ilk dəfə hakimiyyət başına əli azərbaycan xalqının qanına bulaşmamış biri gəlir. Paşinyandan əvvəl hakimiyyətdə olanların -Levon Ter-Petrosyandan tutmuş Robert Köçəryana, Serj Sərkisyana qədər hamısının əli birmənalı şəkildə azərbaycan xalqının qanına batıb. Hələ onu demirik ki, Köçəryan və Sərkisyan nəinki Azərbaycan ərazilərinin işğalına rəhbərlik ediblər, üstəlik şəxsən əllərini dinc azərbaycanlıların qanına bulayıblar və hərbi cinayətlər törədiblər.

Nikol isə bioqrafiyasından məlum olduğu kimi nəinki Qarabağda döyüşməyib, heç əsgərlikdə də olmayıb. Çünki Qarabağda müharibənin getdiyi illərdə o, Yerevan Dövlət Universitetinin tələbəsi və eyni zamanda qəzet müxbiri idi. Və universiteti tərk edəndə Qarabağda artıq atəşkəs əldə olunmuşdu və Nikol bu müharibədə özlərini qalib hesab edənlərin hakimiyyətini tənqid edərək jurnalistika ilə məşğul olurdu.

Lakin bu o deməkdirmi ki, Paşinyan Qarabağ məsələsində daha konstruktiv mövqe tutacaq və çoxdan çıxılmaz dalana dirənmiş nizamlama prosesində dönüş yaradacaq?

Belə nəticə çıxarmaq, Paşinyanın konstruktiv mövqe tutacağını təxmin etmək üçün əlbətdə , çox tezdir və Nikol Qarabağda döyüşməsə də bu məsələdə keçmiş səhra komandirlərindən heç də az radikal mövqedə deyil. Əlbətdə, Paşinyan fanatik də deyil, artıq sübut etdiyi kimi kifayət qədər bacarıqlı siyasi texnoloqdur və erməni millətçisidir. Onun Rusiyaya qarşı əvvəllər etdiyi çıxışlar da Paşinyanın guya qərbə bağlı biri olmasından (hansı ki, belə fakt mövcud deyil və olmayıb) deyil, erməni millətçiliyindən irəli gəlirdi. Rusiyanın Ermənistanla vassal kimi davranması Paşinyanın xoşuna gəlmirdi və bu münasibətlərin bərabərhüquqlu formata keçməsinin vacibliyini deyirdi. Son etiraz hərəkatında isə Paşinyan siyasətdə naşı olmadığını sübuta yetirərək Rusiyanın əleyhinə bir dəfə də olsun çıxış etmədi, belə çıxışlara yol vermədi. Çünki Rusiyasız Ermənistanın nə demək olduğunu anlayırdı.

Qarabağ məsələsində isə Paşinyanın belə demək olarsa radikallıq baxımından ən yaddaqalan çıxışlarından biri 2016-cı ilin aprel döyüşlərinin ardınca olmuşdu. O, Qarabağdan qayıdandan sonra demişdi ki, indiki şərtlərdə atəşkəsə razılaşmaq olmaz. Paşinyana görə yaranmış vəziyyətdən çıxış yolu Azərbaycanın “hansısa iri şəhərini tutmaq və onu ciddi itkilərə məruz qoymaqdır”, yoxsa baş verənlər nə vaxtsa yenə təkrarlanacaq.

Əlbətdə, Nikol həmin günlərdə başqa cür danışa bilməzdi və erməni cəmiyyətinin eşitmək istədiyini deyirdi. Reallıqda isə başa düşməmiş deyildi ki, “Azərbaycanın hansısa şəhərini tutmaq” və ya “ona sarsıdıcı zərbə vurmaq” artıq keçmişdə qalıb. Daha 90-cı illərin əvvəlləri deyil və Ermənistan hazırda hərbi, iqtisadi potensialına görə onunla müqayisə olunmayacaq ölkə ilə üz-üzədir. Hansı ki, Paşinyan çıxışlarında bunu dəfələrlə deyib, hakimiyyəti hərbi tarazlığın Azərbaycanın xeyrinə dəyişməsinə imkan verdiyi üçün tənqid edib.

Digər tərəfdən Nikol indi də dərk etməmiş deyil ki, onu hakimiyyətə gətirən başlıca səbəblər-yoxsulluq, kütləvi mühacirət, sosial-iqtisadi səfalət məhz Qarabağ məsələsinin nizamlanmamasından qaynaqlanır. Əks halda xalq bu keçmiş qəzet müxbirinin ardınca küçələrə axın etməzdi. Çünki Nikolun heç düz-əməlli siyasi platforması, iqtisadi proqramı da yoxdur. Heç əvvəllər də olmayıb. O, yaxşı orator, bacarıqlı siyasi texnoloq və təşkilatçıdır, vəssalam.

Hakimiyyətə isə ona görə gəlir ki, erməni xalqı Sərkisyan və onun təmsil olunduğu “Qarabağ klanı”nın hakimiyyətindən bezmişdi, Qarabağ naminə daha aclığa və səfalətə dözmək istəmirdi.

O zaman sual yaranır-Paşinyan onu hakimiyyətə gətirən bu başlıca səbəblə bağlı necə davranacaq? Nikol “Azərbaycanın hansısa iri şəhərini tutmaq”, “sarsıdıcı zərbə vurub şoka salmaq” kimi fantastik ideyalarına hakimiyyət başında da sadiq qalaraq ölkəsinin düşdüyü uçurumu daha da dərinləşdirəcək, nəticədə “Qarabağ xəstəliyinə” yoluxmuş xəstə cəmiyyətin yeni xəstə liderinə çevriləcək? Yoxsa bir vaxtlar liderliyini qəbul etdiyi Levon Ter-Petrosyanın 2016-cı ildə etdiyi məşhur çıxışında əksini tapan acı reallıqlara əsaslanacaq?

Bunları əlbətdə ki, zaman göstərəcək. Hələlik isə Azərbaycan liderləri Qarabağ məsələsində on illər sonra ilk dəfə əli qana batmamış erməni ilə danışıqlar aparmağa (əgər Nikol danışıqları tam dayandırmasa) hazırlaşmalıdır. Və yəqin ki, tərcüməçilərin köməyi ilə ... (virtualaz.org)