backend

Şuşanın işğalından 26 il ötür

Şuşanın işğalından 26 il ötür













Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür.



APA-nın məlumatına görə, Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.



Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.



Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.



Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.