backend

Bakıda evə görə yaşlı qadını küçələrə saldılar - VİDEO

Bakıda evə görə yaşlı qadını küçələrə saldılar - VİDEO






















“Mən onların cəzalarını almalarını istəyirəm”.

“28 May” metrosunun çıxışının yanında daş üstə oturan, nimdaş əşyaları ətrafında bu zavallı nənəni görən onun halına acımaya bilməz. Əslən Ukraynadan olan Larisa nənə artıq 4 aydır ki, Bakı küçələrinin soyuq daşlarının daimi sakininə çevrilib.

qaynarxett.az ANS TV-yə istinadən xəbər verir ki, müəmmalı olan məsələ isə əslində, 81 yaşlı nənənin evinin olmasıdır.

Bəli, Larisa Kavunun, hətta evinin sənədləri də qaydasındadır.

Larisa nənənin sözlərinə görə, onu səfil həyatına sürükləyənlər elə onun qapı qonşularıdır.

Yaşlı nənə iddia edir ki, Xətai rayonu, Naximov küçəsi, ev 11, mənzil 523-də onun 3 otaqlı mənzilinə göz tikənlər az deyil. Elə həmin bu adamlar, onun evini tərk edib getməsinə, küçələrdə gecələməyinə səbəb olub. Ahıl qadın söyləyir ki, onu dəfələrlə hədələyiblər, hətta onu döyməyə belə cəhd edənlər olub ki, sən elə ölü kimisən, evinin olması nə gərəyinə. Bu səbəbdən o, küçələrdə gecələməyə, ondan-bundan yemək almaqla bu həyatda mövcudluğunu davam etdirməyə məcburdu.

“Mən küçədə qalmışam. Bu insanlar nə edirlərsə, onların etdikləri cəzasız qalır. Məni it kimi qovurlar, polis ora-bura qovur. Hamı mənə səfil, bomj deyir. Baxın, mən bomjam ya yox?” – deyə evsiz qadın Larisa Kavun qeyd edib.

Yaşlı qadının 2 oğlu var. Onun sözlərinə görə, hər iki oğlu Rusiyadadır. Birinin sağlamlığı pisdir. Bu səbəbdən onun köməyinə çatan yoxdur. Yaşlı qadının indi istəyi yalnız sahibi olduğu evinin özünə qaytarılması, qonşularının onu sakit buraxması və bu yaşında sakit yaşaya bilməsidir.

“Mən onlara damımı dağıtdıqlarına görə, məni hədələdiklərinə görə çox şeyi bağışlamışdım. İndi mən onların cəzalarını almalarını istəyirəm” – deyə evsiz qadın Larisa Kavun bildirib.

Hər halda, ümid edirik ki, bu ahıl qadının vəziyyətinə acıyan, ona köməklik edən olacaq və o, bu yaşında soyuq Bakı küçələrində deyil, öz isti evində gecələyəcək.