“Sevinc Osmanqızı atasının xatirəsi üçün bu cür hərəkətlərə dəstək verməməlidir” — Ayaz Mütəllibovla MÜSAHİBƏ

43

“Sevinc Osmanqızı atasının xatirəsi üçün bu cür hərəkətlərə dəstək verməməlidir” — Ayaz Mütəllibovla MÜSAHİBƏ















Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov “Ölkə.Az” xəbər portalına müsahibə verib.
Həmin müsahibəni oxuculara təqdim edirik:

– Ermənistanda yeni hakimiyyət dəyişikliyi oldu və Nikol Paşinyan Baş nazir seçildi. Onun hakimiyyətə gəlməsi Dağlıq Qarabağ münaqişısinin həllinə necə təsir göstərəcək?

– İlk növbədə bildirim ki, Ermənistanda baş verən hadisələr ölkədəki daxili böhranlarla bağlıdır. Yəni, hakimiyyət dəyişikliyi xalqın etirazı ilə bağlı olub. Çünki kütlənin küçələrə çıxmasının başlıca səbəbi xarici təsirlərlə ola bilməz. Bu yalnız daxili siyasətə etiraz olaraq baş verib.
Hesab edirəm ki, yeni hakimiyyət dəyişikliyinin Qarabağ münaqişənin həllinə ciddi təsiri olmayacaq.
Azərbaycanın Qarabağla bağlı ağıllı strategiyası var. Çox təəssüf ki, Serj Sarkisyanın vaxtında biz münaqişənin həllinə nail ola bilmədik. Düşünürəm ki, indi də Paşinyanın ciddi addımlar atacağı inandırıcı görünmür. Bizə tez-tez deyirlər ki, Azərbaycan kompromisə getməlidir. Sual olunur: Torpaqlarının 20 faizi işğal altında olan ölkə üçün hansı kompromisdən söhbət gedə bilər? Azərbaycan dövlətinin rəhbəri Qarabağla bağlı çox müdrik siyasət aparır. Hələlik səbr edirik və Ermənistanın sülhə gələcəyinə ümid edirik. Bizim Qarabağla bağlı konsepsiyamız çox düzgün və möhkəmdir. Yaxşı olar ki, Ermənistan addım-addım münaqişənin sülh yolu ilə həllinə səy göstərsin. Əks halda Azərbaycanı kompromisə getmək qarşısında qoymaq olmaz. Bu, qeyri-konstruktiv mövqedir.

– Nikol Paşinyanın Qarabağla bağlı siyasətini necə görürsünüz?

– Mən Paşinyanın Qarabağla bağlı sülhə çalışacağını gözləmirəm. Bildiyimə görə, o da millətçidir. Qarabağ problemi də millətçi şəxslərlə həll oluna bilməz.

– Bəs Qarabağın həlli yolunu nədə görürsünüz? Yəni, sülh mümkün olmursa, yeganə seçim müharibə yolu qalır...

– Bilirsiniz, Qarabağ uğrunda müharibə yolu bizə yaraşmaz. Çünki bir neçə dövləti çıxmaq şərtilə dünya ictimaiyyəti müharibə arzulayan ölkələrə birtəhər baxır. Əgər indi biz müharibə ritorikasını işə salsaq, o zaman dünya ictimaiyyəti “baxın, Azərbaycan yenə də müharibə etməkdən danışır!” deyəcək. Baxmayaraq ki, biz müharibə etsək belə, haqlıyıq və bunu Avropa da yaxşı bilir. Yəni, biz birinci növbədə dinc yolla torpaqlarımızın azad edilməsini istəyirik. Biz heç bir ölkənin torpağına da göz dikmişik. İndi səbrimizi sıxıb saxlamışıq və gözləyirik ki, Ermənistan müharibə yolunun yaxşı yol olmadığını dərk etsin. Ona görə də danışıqlar bu istiqamətdə davam etdirilməlidir. Əgər Azərbaycanı güc yolu seçmək məcburiyyətində qoysalar, o zaman əlbəttə ki, müharibə yolu gündəmə gətirilə bilər. Amma hələlik müharibə etməyə ehtiyac yoxdur. Nə olur olsun, insan həyatı vacib məsələdir. Müharibə etmək də, insan itkisi deməkdir.
– Son vaxtlar xarici ölkələrdə yaşayan ayrı-ayrı şəxslər tərəfindən Azərbaycan hakimiyyətinə qarşı müxtəlif söyüşlü kampaniyalar həyata keçirilir. Həmin şəxslər özlərini “siyasi mühacir” adlandıraraq, ölkə başçısı və ayrı-ayrı şəxslər haqqında təhqiramiz ifadələr səsləndirirlər. Həmin şəxslərə nə tövsiyə edərdiniz?

– Düşünürəm ki, bu cür hərəkətlər yolverilməzdir. Həmin adamları kimsə himayə edir və ayağa qaldırır. Siyasi mövqeyi nə olursa olsun, əsl azərbaycanlı xarici ölkələrə gedib Azərbaycan prezidentini təhqir etməz. Vaxtilə mən də uzun illər Azərbaycandan kənarda yaşamışam, hakimiyyətdən incikliyim olub. Amma bir dəfə də olsun, ölkə rəhbəri və Azərbaycan hakimiyyəti haqqında təhqiramiz ifadələrə, etikadan kənar fikirlərə yol verməmişəm. Mən hər zaman Vətənimə qayıtmaq eşqilə yaşamışam. Xaricdə yaşayanda da ən böyük arzum Azərbaycana qayıtmaq, Vətən həsrətindən xilas olmaq olub. Başqa niyyətim olmayıb. Hətta, hiss etmişəm ki, Azərbaycan haqqında mənfi fikirlər söyləsəm, xarici qüvvələr bundan sui-istifadə edə bilərlər. Ona görə səbr edib dözmüşəm, imkan verməmişəm ki, incikliyimdən Azərbaycana qarşı sui-istifadə olunsun. Moskvada olanda da daim Azərbaycanı müdafiə etmişəm, iqtidar-müxalifət ayrı-seçkiliyi etməmişəm.

Mən həmin şəxslərə çağırış edirəm ki, Azərbaycanı, Vətəninizi sevin, onun prezidentinə hörmətlə yanaşın. Dünyada elə bir ölkə yoxdur ki, orada vətəndaş narazılığı olmasın. Baxın görün Fransada nələr baş verir, xalq küçələrə çıxıb etiraz edir. Ancaq onlar xaricə çıxanda tamamilə fərqli adamlar olurlar.
Biz də elə etməliyik ki, daxili narazılığımız ailə sirrimiz kimi ölkəmizdə qalsın.

Bu gün dünyada baş verən hadisələrə baxsanız, görərsiniz ki, müstəqil və kiçik ölkələri ayrı-ayrı insanların beyinlərini doldurmaqla necə dağıtmağa çalışırlar, əhalini necə yoldan çıxarırlar. Ona görə də xarici ölkələrdə Azərbaycan prezidentinə qarşı söyüş kampaniyası aparmaq yolverilməzdir. Hesab edirəm ki, həmin adamlar bunu kimlərinsə istəyi ilə edirlər. Mən həmin azərbaycanlıları bu cür yollardan geri çəkilməyə çağırıram. Onlar doğru yolda deyillər.

– Azərbaycan prezidentini sərt tənqid edənlər arasında sizin mətbuat katibiniz olmuş mərhum Osman Mirzəyevin qızı-jurnalist Sevinc Osmanqızı da var. Ona da hər hansı çağırışınız varmı?

– Rəhmətlik Osman müəllim yüksək dərəcəli mədəniyyətə malik insan idi. Onun yüksək dünya görüşü və hörməti vardı. Onun bu keyfiyyətləri ailəsi üçün də bir meyardır. Hesab edirəm ki, rəhmətlik Osman Mirzəyevin ailə üzvləri bunu hər zaman gözləməlidir. Onun qızı, həyat yoldaşı və ailə üzvləri bilməlidir ki, Osman Mirzəyev sağ olsaydı, belə etməzdi. Çünki o böyük hörmətə malik insan idi.

Hesab edirəm ki, Sevinc Osmanqızı ən azı atasının xatirəsin yüksək tutmaq üçün bu cür hərəkətlərə dəstək verməməli, milli məsələlərdə diqqətli olmalıdır, dünyada baş verən hadisələri izləyib təhlil etməlidir. Bilməlidir ki, Azərbaycanı hansı uğurlar və ya hansı bəlalar gözləyə bilər. Bu gün dünyada Azərbaycana qarşı ikili standrtlar mövcuddur. Azərbaycan ötən əsrin 90-cı illərində böyük bəlalarla üz-üzə qalıb. İndi isə Azərbaycan çox dəyişib, inkişaf edir. Mən ona bunları tövsiyə edirəm.