backend

İmzalanan 40 sənəd heç bir məna kəsb etmir

İmzalanan 40 sənəd heç bir məna kəsb etmir












“Hələlik ortada konkret nəticə yoxdur və edilən müzakirələr söz səviyyəsindədir”

Rusiya Prezidenti Vladimir Putinin əmrilə Ukrayna ilə sərhəddəki rus qoşunları geri çağırıldı. Prezidentin mətbuat katibi Dmitri Peskov yayılan məlumatları rəsmi şəkildə təsdiq etdi. Putinin məlum qərarı ABŞ prezidentinin müşaviri Toni Blinkenin Rusiyaya yönəlik sanksiya paketlərinin yumşaldılacağı ilə bağlı açıqlamasından sonra verildi. Siyasi analitiklər tərəflər arasında hərəkətlənməni isinmə ilə əlaqələndirsələr də, xarici işlər baziri Sergey Lavrovun, ondan əvvəl isə dövlət katibi Con Kerrinin açıqlamaları iddiaların üzərindən xətt çəkdi. Lavrov Qərbi Ukraynada müharibəni qızışdırmaqda, Kerri isə Rusiyanı seperatçılara dəstək verməkdə ittiham etdi. Hətta Polşanın xarici işlər naziri Qreqori Şetyna Ukraynaya hücumu davam etdirəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. O, növbəti sanksiya paketinin əvvəlkilərdən daha sərt olacağını dedi. Şetynanın açıqlamasından dərhal sonra Çinin baş naziri Li Kenianqın Moskvaya səfərində tərəflər arasında 40 müxtəlif sənəd imzalandı. Analitiklər bunu Rusiyadan gələcək növbəti sanksiya dalğasına hazırlıq mərhələsi kimi qiymətləndirdilər. Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə fərqli düşünür.

- Vəfa müəllim, Putin rus qoşunlarını Ukrayna ilə sərhəddən geri çağırdı. Bundan əvvəl isə Blinken Rusiyaya qarşı sanksiyaların yumşaldılacağını bildirmişdi. Kerri və Lavrovun da buna bənzər açıqlamaları vardı. Fikrinizcə, ortada hansısa razılaşmadan söhbət gedir?

- Rusiyaya Ukraynanı tabe etmək imkanı verilməyəcək. Moskva öz siyasi ambisiyasından geri çəkiləcək. O buna məcburdur. Çünki Qərbdən sanksiyalar şiddətlənib. Əgər sanksiyaların tətbiqi 1 il də uzadılsa, Rusiyanın aqibəti təhlükə altında qalacaq. Ona görə də Ukrayna məsələsinə dair ABŞ və Rusiya arasında müəyyən anlaşma olacaq. Hələlik isə ortada konkret nəticə yoxdur. İndi müzakirələr söz səviyyəsindədir. Rusiyanın öz qoşunlarını sərhəddən geri çəkməsi ilə bağlı yayılan məlumatlar da inandırıcı görünmür. Məsələ öz təsdiqini tapmalıdır. Çünki bu günədək məsələ ilə əlaqədar dəfələrlə dezinformasiyalar mediada gündəmə gətirilib. Bunları nəzərə alanda Rusiyanın belə bir qərara getdiyini demək çətindir.

- Lakin Ağ Ev və Kremldən verilən açıqlamalarda istilik hiss olunur.

- İndiki məqamda ABŞ və Rusiya əlaqələrində hansısa yumşalmadan söhbət belə gedə bilməz. Qərbin sanksiyaları işləyir. Donetskdə döyüşlər özünün ən qızğın mərhələsindədir. Seperatçılar Donetskdəki hava limanından geri çəkilmək istəmirlər. Ukrayna ordusu isə müqavimət göstərir. Rusiya Luqansk və Donetskin üçdə bir hissəsini nəzarətə götürüb. Krım işğal altındadır. Bu faktorlar ABŞ və Rusiya arasında yumşalma mərhələsinin başlamasını gecikdirir. Əgər Rusiya öz ambisiyasından geri çəkilsə, əlaqələr ən yaxşı formada bərpa olunacaq.

- Vəfa müəllim, hesab etmək olar ki, Rusiyanın Çinlə imzaladığı 40 müxtəlif sahəni əhatə edən sənəd federasiyanı Qərbdən gələcək sanksiya təhlükəsindən sığortalayacaq?

- Pekin və Moskva arasında imzalanmış sazişlər gözə kül üfürməkdir. Ortada olan ən əsas saziş Rusiyadan Çinə təbii qaz nəqlinə dairdir. Kəmərin tikintisi başlayıb. Mümkündür ki, kəmər tam gücü ilə hələ 2030-cu ildə işə düşsün. Buna qədər isə Rusiya proseslərdən zərərli çıxa bilər, buna qədər öz mövqeyində geri çəkilməsə. Hesab edirəm ki, Rusiya və Çin arasında heç bir sanballı sənəd imzalanmayıb və 40 sənəd də heç bir məna kəsb etmir. Buradan əsas qazanan tərəf Çindir. Bunu da nəzərə alsaq, Rusiya həmin sazişlərlə nə Avropa, nə də Amerikaya təsir edə biləcək. Hansısa sənəd imzalana bilər, lakin onun həyata keçirilməsi çox vaxt tələb edəcək.

A.ZƏKA