backend

Masallı. “Qəriblərin stadionu” olayı... - Kərəm Həsənov nəyə qəzəblənib?

Masallı. “Qəriblərin stadionu” olayı... - Kərəm Həsənov nəyə qəzəblənib?








Kərəm Həsənovu kimlər və nələr qəzəbləndirdi?

Masallı məhkəməsi stadion ərazisində həyətyanı torpaq alanların sənədinə niyə qadağa qoydu?


Bu və digər sualları Masallı rayonunun Qəriblər bələdiyyəsinin sədr müavini Hacı Cəsarət Əliyev cavablandırır:


Olayın qısa tarixçəsi

- Qəriblər kəndində 50 ildən artıqdır ki, yüzlərlə gəncin istifadə etdiyi bir stadion var. Bu stadiondan təkcə Qəriblərin yox, qonşu kəndlərin sakinləri, eləcə də turist obyektlərinə istirahətə gələnlər də istifadə edir.
Masallı. “Qəriblərin stadionu” olayı... - Kərəm Həsənov nəyə qəzəblənib?
Bu stadionla bağlı Qəriblər bələdiyyəsinin 11 il əvvəl(2007-ci ildə) qərarı var. Bu qərara görə stadion ərazisi üçün daimi istifadədə olmaq şərti ilə 0.60 ha torpaq sahəsi ayrılıb. Bu sənədi müvafiq təşkilatlar-o vaxtki ərazi nümayəndəliyindən rayon torpaq şöbəsinədək əlaqədar təşkilatlar imza və möhürlərlə təsdiq edib. Kənd sakinləri öz vəsaitləri hesabına burada sadə idman qurğuları quraşdırıb.

Bu stadionda hər il, hər ay onlarla idman yarışı keçirilib. Məhz Qəriblərdə gənclərin idmana kütləvi bağlılığının nəticəsidir ki, bu kənddə alkoqol içki qəbul edənlərin, siqaret çəkənlərin faizi olduqca aşağıdır.

Onu da qeyd edim ki, bu stadionla məktəbin arasında kənddə əksər təşkilatların inzibati binaları olmadığına görə 0.04 ha torpaq sahəsi ayrılaraq bələdiyyə və digər müvafiq təşkilatların möhürü ilə təsdiqlənib və həmin binaların tikintisi üçün 2007-ci ildə bünövrə də tökülüb.(Məlumat üçün bildirim ki, Qəriblərdə nə ərazi nümayəndəliyinin, nə bələdiyyənin, nə sahə müvəkkilinin inzibati binaları yoxdur. Onlar müvəqqəti binalarda yerləşir.)

Kənd stadionu necə satılıb?

Bu ilin əvvəlində bəlli olub ki, kənd bələdiyyəsinin sədri əksər bələdiyyə üzvlərinin xəbəri olmadan, heç bir hərrac keçirilmədən, əhalinin rəyini öyrənmədən həmin stadion ərazisini həyətyanı torpaq kimi satıb. Nəinki satıb, müxtəlif yollardan istifadə edərək həmin torpaqların 0.53 ha-na “kupça” da alıb. Bəlli olub ki, həmin torpaq bir neçə nəfərə satılıb.

“Bu torpaqların doğrudanmı hər sotu 2 min manatdan olmaqla 100 min manatdan artıq bir məbləğə satılıb?”

İndi kənddə dolaşan söhbət ondan ibarətdir ki, bu torpağın hər sotu 2 min manata satılıb, lakin 200 manata sənədləşdirilib. Nə dərəcədə doğrudur, yəqin ki bunu istintaq müəyyənləşdirəcək.
Kənd sakinləri stadionun satılması xəbərini eşitdikdən sonra kütləvi surətdə şikayətlərə başlayıblar. Necə deyərlər, üz tutmadığımız, şikayət etmədiyimiz müvafiq təşkilat qalmayıb.

Bizə hansı arqumentlərlə cavab verirlər?


1. Guya bizim üçün kənarda stadion yeri ayırıblar. 0.60 ha-nın yerinə kənarda, həmin sahədən 6 dəfə az, 0.10 ha yer ayırıblar. Özü də keçmişdə çay kolları bitkisi əkilmiş, hazırda payıbəlli torpaq kimi vətəndaşlara verilmiş sahədə. Bu torpağın təyinatı Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilə bilər. Bu isə edilməyib. Yəni sabah həmin, guya stadion üçün ayrılmış ərazini də ləğv edə bilərlər.

2. Deyirlər ki, həmin ərazidə guya payıbəlli torpaq verilməyən şəxslər üçün torpaq sahəsi ayrılıb. Lakin araşdırma zamanı bu təsdiqini tapmayıb.

3. Deyirlər ki, stadion yola yaxındır, qəza ola bilər. Elə həmin ərazidə kənd tam orta məktəbi də yerləşir. Niyə ora gedib-gələn 400-ə yaxın şagird üçün qəza olmur, stadiona gedən 50-60 nəfər üçün qəza olur?

Hər şey qanun çərçivəsində olsun


Biz kənd stadionunun müdafiəsi üçün hər işin qanun çərçivəsində olmasını istəyirik və haqqımızı da bu istiqamətdə qururuq. Müvafiq təşkilatlarla yanaşı Masallı rayon məhkəməsinə də müraciət etmişik.

Masallı rayon məhkəməsi Qəriblər stadionunun ərazisində verilmiş həyətyanı torpaq sahələrinə həbs qoyub. Həmin qərarın yekun hissəsini sizə təqdim edirik:

Ərizə təmin edilsin.
İddianı təmin etmək üçün tədbir kimi Masallı rayonu, Qəriblər bələdiyyəsinin 30 may 2007-ci il tarixli qərarına əsasən gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fiziki inkişafının yaxşılaşdırılması və idmanın inkişaf etdirilməsi məqsədi ilə Masallı rayon Qəriblər kənd camaatının ümumi istifadəsinə verilmiş 0.60 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun və cavabdehlər Əliyev Ədalət Cankişi oğlu və Abiyev Cəmaləddin Aşurəli oğluna orada hər hansı işlərin aparılması qadağan edilsin.
Qərardad dərhal icra edilsin.
(08 may 2018-ci il)

Onu da xatırladım ki, hazırda Masallı rayonu Probasiya və icra məmurları bu Qərardadın icrası ilə bağlı fəaliyyətə başlamışlar.

Stadionun dirəkləri, avadanlıqları necə oğurlanıb?

18 Aprel 2018-ci ildə bəlli olub ki, stadionun dirəkləri, digər qurğuları gecə ikən oğurlanıb. Kənd sakinlərinin bildirdiyinə görə həmin dirəklər kənd bələdiyyəsinin sədri Müşfiq Ağayevi rəhbərliyi ilə gecə yarısı texnikanın köməyi ilə çıxarılıb, guya yeni stadion kimi nəzərdə tutulan əraziyə aparılıb.

Masallı. “Qəriblərin stadionu” olayı... - Kərəm Həsənov nəyə qəzəblənib?

Kərəm Həsənov nəyə qəzəblənib?


Mətbuatdan bizə bəlli oldu ki, 12 may 2018-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov cənabları cənub bölgəsinə gəlir. Onun qəbuluna yazılmaq üçün Cəlilabada getdim. Xeyli maneələrdən sonra qəbula yazıldım.
Qəbul günü mənim hörmətli sədrlə görüşümə mane olmaq üçün komitənin yerli nümayəndələri hədsiz əngəllər törətdi. Nəhayət Kərəm Həsənovun qəbuluna düşdüm.

Qəbul zamanı bildirdim ki, bələdiyyənin sədr müaviniyəm, ali təhsilli şərqşünasam, YAP üzvüyəm, kəndin ən gənc Hacısıyam. Bura da seçicilərimin adından gəlmişəm.

Kənd bələdiyyə sədrinin qanunsuz əməlləri, xüsusən kənd stadionu ərazisinin əksər bələdiyyə üzvlərinin xəbəri olmadan, heç bir hərrac keçirilmədən xəlvəti satılması, bu sahədə çoxsaylı şikayətlərimizə baxılmaması, bizə müxtəlif təzyiqlər edilməsi, haqqını tələb edənlərin şantajla hədələnməsi və sair barədə ətraflı məlumat verib, əlimdəki sənədləri ona təqdim etdim.

Kərəm müəllim məni çox diqqətlə dinləyib, sənədlərə, eləcə də kompüterdə bu işlə bağlı aparılmış sənədləşmələrə baxdı və çox qəzəbləndi. Elə oradaca, 15 saylı Cəlilabad Əmlak şöbəsinin rəhbərinə, Cəlilabad Kadastr İdarəsinin rəhbərinə möhkəm təpindi. eləcə də onun Masallı təmsilçilərini cəzalandıracağını bildirdi.

Elan etdi ki, komissiya yaradılsın, deyilənləri gedib yerində yoxlasınlar, stadion əvvəlki vəziyyətinə qaytarılsın. O da bəlli oldu ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Cəlilabad təmsilçiləri baş idarəyə yanlış məlumat verərək bildiriblər ki, guya bu sahədə heç sənədləşdirmə olmayıb. Sonra bu yalanlar tam çılpaqlığı ilə aşkarlandı.
(Əsas 07 may 2018-ci il Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyevin göndərdiyi 180820201510 saylı məktub)

Qəriblər bələdiyyə sədri Müşfiq Ağayev kimdir?

Məlumat üçün bildirək ki, Müşfiq Ağayevin adı həmişə qalmaqallı hadisələrlə müşayiət olunub. Hələ 2006-ci ildə o televiziyada çıxış edib, özünü haqq-ədalət carçısı kimi göstərərək, yaxın qohumlarını meşəni talamaqda ittiham edirdi. Onu da xatırladım ki, həmin vaxtlarda Müşfiq Ağayev bu qalmaqallı stadionun satılmasına etiraz edənlərin önündə gedənlərdən biri idi.

Daha sonra o saxta yollarla bələdiyyə sədri seçildi və bu barədə əldə etibarlı sənədlər var. Bələdiyyə sədri seçiləndən sonra sistemli olaraq seçicilərini təhqir etdi, aşağıladı, hədələdi. Rayon polis şöbəsində onunla bağlı onlarla şikayət ərizəsi var. Həmçinin Müşfiq Ağayevin əyri yollarla onlarla adamı aldadıb, onların yüz minlərlə pulunu mənimsədiyi haqda məlumatlar bir neçə internet saytında öz əksini tapıb.

Hal-hazırda da Masallı Polis şöbəsində onunla bağlı bir sıra bəd əməllərin araşdırılması aparılır. Müşfiq Ağayevin bəd əməlləri ucbatından kəndin az qala yarısı bir-birinə qarşı durub. İşin-gücün bu qızğın vaxtında kənd sakinləri müvafiq təşkilatlarda izahatlar verməklə məşğuldur.

Necə deyərlər, bir tərəfdə “dar ağacı”, bir tərəfdə “Əli Quranlı Solmaz”. Həmişə dəyərli ənənələri ilə öyünən Qəriblər kəndi belə məmurların ucbatından elə zəlil, yazıq günə qalıb ki, qəriblərli olduğumuzu deməyə utanırıq.

“Biz nə istəyirik?”


Biz nə kiminləsə mübarizə aparmaq, nə döyüşmək, nə kimisə cəzalandırmaq istəyirik. Bizim əsas məqsədimiz ölkə başçımız cənab İlham Əliyevin çağırışlarına qoşularaq kəndimizdə idmanı inkişaf elətdirmək, yolunu azmış məmurlardan xilas olmaq, halal çörəyimizi qazanmaqdır.

Ölkə başçısından da, rayon rəhbərliyindən də, digər müvafiq təşkilatlardan da xahiş edirik kəndimizin stadionunun qanunsuz yollarla zəbt olunmasına yol verməsinlər, kəndimizin tarixinə qara ləkə olacaq bu addımın qarşısının alınmasına yardımçı olsunlar.

Bir hacı kimi, hacı ailəsinin təmsilçisi kimi, sizləri bu əziz Ramazan günlərinin xatirinə haqq-ədalətə, halallığa, saflığa çağırıram.


Hazırladı: Abdul
Qaynarxett.az