backend

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur — ŞOK TƏFƏRRÜAT

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur — ŞOK TƏFƏRRÜAT















Binəqədi Rayon Məhkəməsində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktorunun dələduzluqla bağlı məhkəmə prosesi başlayıb.
“Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 178.2.2-ci ( dələduzluq; təkrara törədildikdə) maddəsi ilə təqsirləndirilən Mövsümov Vasif Seyidəli oğlunun məhkəmə prosesinə hakim Rəşad Əliyev sədrlik edir. Cinayət işində 3 nəfər- Mustafayev Səxavət Nurəhməd oğlu, Hüseynova Lalə Nüsrət qızı və İbrahimova Sədaqət Ədil qızı zərərçəkmiş qismində tanınıb.

İtiiham aktına görə, Vasif Mövsümov Səxavət Müstafayevlə uzun illər eyni təşkilatda, yəni Korrupsiyaya qarşı Mübarizə Fondunda birgə çalışıblar. 2016-cı ilin yay aylarında Səxavət Mustafayevin qızı Rusiyada ali məktəbi bitirərək Azərbaycana gəlib və işə düzəlmək istəyib. Ancaq Azərbaycanın Təhsil nazirliyi həmin universitetin diplomunu tanımadığı üçün zərərçəkənin qızı nostrifikasiya ilə bağlı nazirliyə müraciət edib. Təhsil nazirliyi isə rədd cavabı verdikdən sonra Vasif Mövsümov dostunun qızının diplomunu tanıtdırmağa söz verib və 3000 manat pul istəyib. S.Mustafayev isə 2000 manata razılaşıb və sentyabr ayında 1000 ABŞ dolları sənədlərlə birgə Vasif Mövsümova verib. Ancaq nə diplom tanınıb, nə də pul qayıdıb.

Digər zərərçəkən Lalə Hüseynova isə məktəbə müəllim düzəlməsi üçün Vasif Mövsümova pul verib.

Sədaqət İbrahimova isə nəvəsini kollecə düəltmək adı ilə QHT sədrinə pul verib.

Araşdırmalarımız zamanı məlum olub ki, Vasif Mövsümov barəsində Nəsimi Rayon Məhkəməsində də analoji cinayət faktı ilə bağlı məhkəmə prosesi olub və cərimə cəzasına məhkum edilib. Həmçinin hazırda Səbail Rayon Məhkəməsində də Vasif Mövsümov barəsində dələduzluq maddəsi ilə məhkəmə prosesi davam edir.
Növbəti məhkəmə prosesi iyun ayının 5-nə təyin edilib.

Cinayət işində təqsirləndirilən şəxs qismində tanınan Vasif Mövsümov onun barəsində məhkəmə prosesinin başlamasını təsdiqlədi və zərərçəkənlərin ona şər atdığını, heç birini tanımadığını bildirdi:

“Səxavət Mustafayev isə istintaqa yalançı şahidlərlə gəlib, mənə pul verməyib. Qadınları isə ümumiyyətlə tanımıram. Səbail rayonunda olan işlə bağlı isə deyə bilərəm ki, bunlar hamısı bir mənbədən idarə olunur. Bir qadın mənə 65 min manat pul atmışdı, ondan pullarımı tələb elədim hər şey bundan sonra başladı”.

Qeyd edək ki, Mövsümov Vasif Seyidəli oğlu 2010-cu ildə Salyan seçki dairəsindən bitərəf kimi deputatlığa namizəd olub. Korrupsiyaya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib və Vasif Mövsümov bu fondun icraçı direktoru olub. Fond Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının dəstəyi ilə yaradılıb. QHT Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılıb. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoyub.

Həmçinin Vasif Mövsümov daim media orqanlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı ekspert kimi də çıxış edib.