backend

Gəncə Hava Limanının yenidən qurulması zamanı sahibkarın 400 minlik obyekti sökülüb - Kompensasiyanı isə ala bilmir

Gəncə Hava Limanının yenidən qurulması zamanı sahibkarın 400 minlik obyekti sökülüb - Kompensasiyanı isə ala bilmir
















Keçmiş sahibkar, Gəncə şəhər sakini Niyaz Niyazov Azərbaycan Respublikasının prezidentinə müraciət edib. O, yüksəkrütbəli məmurların qanuni haqqı olan kompensasiyanın ona ödənilməsinə əngəl olduqlarını bildirir.

Niyaz Niyazov Cebhe.info-ya açıqlamasında bildirib ki, 1992-ci ildə sahibkar müəssisə yaradib, müəssisə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdikdən sonra, obyekt qurmaq üçün hava limanının yaxınlığındakı boş ərazilərdən 0,5 hektar torpaq götürüb:

“Hava limanının rəhbərliyi ilə də razılaşdım ki, buranın işçilərinə topdansatış qiymətinə, pərakəndə mal verəcəm. Çünki, mənim özüm də aviasiya işçisiyəm. Tikinti yekunlaşdıqdan sonra bununla bağlı müqavilə imzalayacaqdıq”.

Niyaz Niyazov bildirir ki, nəzərdə tutduğu obyektləri qurmaq üçün yarım hektar ərazi azlıq etdiyindən həmin ərazidən 1 hektar da torpaq alıb və həmin ərazilər onun mülkiyyətinə keçirilib:

“Həmin müddətdən etibarən obyektlərim sökülənə qədər 10 il müddətində torpaq vergisi də vermişəm. Torpaqda şadlıq evi, sexlər tikmişdim”.

Dövlətdən heç bir maddi yardım almadığını bildirən Niyaz Niyazov yaxınlarının maddi köməyindən istifadə etsə də, tikinti işlərini tamamlaya bilmədiyini deyir:

“Pulum qurtardı. Gözləməyə başladım ki, Rusiyadakı tanışlarım maddi vəsait göndərsin, mən isə ilk obyektim işə düşəndən sonra pulu qaytarım. 1995-ci ildə isə avtomobil qəzası keçirdim. İşə gedə bilmirdim, 1996-ci ildə işə başladım. Bu zaman isə hökumət Gəncə aerovağzal kompleksinin yenidən qurulması qərarına gəldi”.

Bu zaman isə şikayətçinin obyektlərinin taleyi sual altına düşüb:

“Hazırda İmişlı rayon icra başçısı olan Vilyam Hacıyev 2002-ci ildə Xanlar (Göygöl) rayonuna icra başçısı təyin edildi. O vaxtdan bütün işlərim pozuldu. Vilyam Hacıyev saxta məzmunlu məktub yazaraq, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cahangir Əsgərova göndərdi. O vaxt Cahangir Əsgərovla görüşmək üçün Gəncə Hava Limanının direktorundan xahiş elədim. O, isə mənə Cahangir Əsgərovun adından dedi ki, nə kompensasiya, gedib zir-zibilini yığışdırsın, yoxsa bulduzerin altına verəcəyik. Beləcə qəpik-quruşla tikib qurduğum obyektlərim dağıldı. 400 mindən artıq pul xərcləmişəm, bütün sənədlərim də qaydasındadır”.

Keçmiş sahibkar çıxış yolunu ölkə rəhbərliyinə üz tutmaqda görüb:

“Amma gördüm ki, mənə cavab məktubu Hava Yollarından gəldi. Prezident Aparatından bu məsələlər üzrə şöbə müdiri olan Süleyman İsmayılov məktubunu Hava Yollarına ünvanlayıb. Cahangir Əsgərov da mənə rədd cavabı verdi”.

2016-ci ildə isə Prezident Aparatından Niyaz Niyazovun şikayəti araşdırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilib. Amma nəticəsi olmayıb: “Belə bir sənəd tərtib elədilər ki, guya sənədlərim qaydasında deyil”.

Niyaz Niyazov həmin müddətdən mütəmadi olaraq prezidentin ünvanına şikayət göndərməyə davam etsə də, nəticə əldə edə bilmir:

“Mən əminəm ki, İlham Əliyev cənablarına heç nə çatdırmırlar. Çünki, prezident bilsə ki, Niyaz Niyazovun bütün sənədləri qaydasındadır, yəqin ki, çoxdan kompensasiya alardım. Bilirəm ki, məhkəməyə müraciət etsəm, uda bilməyəcəm. Çünki, Vilyam Hacıyev də, Cahangir Əsgərov da vəzifə başındadır. Mənim indi pulum da qalmayıb. Bütün əmlakım satılıb. Ailəmin durumu bərbad vəziyyətdədir”.