backend

Göyçaydakı sel fəlakətinə görə cinayət işi açıldı - 4.5 milyonluq ziyan

Göyçaydakı sel fəlakətinə görə cinayət işi açıldı - 4.5 milyonluq ziyan















İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq yararsız hala düşməsi ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (erin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova, Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə "Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayırılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub.

Müəyyən edilib ki, "Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş "Real İnşaat” MMC tərəfindən 191440 manat, "Elnicat” MMC tərəfindən 356400 manat, "Azpod” MMC tərəfindən 950400 manat, "Attinak” MMC tərəfindən 1372800 manat, "ATF” MMC tərəfindən 316800 manat, "Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495000 manat, "Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110880 manat təbiətə ziyan dəyib.

Qeyd edək ki, iyunun 2-də Göyçay çayına güclü sel gələrək uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün 15 metrlik hissəsini dağıdıb.

İyunun 3-də axşam saatlarında çayda güclü sel axını dayanıb, suyun səviyyəsi aşağı düşərək əvvəlki axına qayıdıb və körpünün bərpası üçün işlərə başlanılıb.

Göyçay şəhərinin şərq hissəsinin əhalisi və 38 kəndin sakinləri rayon mərkəzinə gediş-gəlişlə bağlı böyük çətinliklə üzləşiblər.

Sakinlər şəhərin şimalındakı köhnə asma piyada körpüsündən və 60 kilometr uzunluğu olan Göyçay-Ucar-Göyçay yolundan istifadə etməklə rayon mərkəzinə getmək məcburiyyətində qalıblar.