backend

Kürdlər kimdir və nə istəyirlər?

Kürdlər kimdir və nə istəyirlər?










Onlar müstəqillik əldə edə biləcəkmi?

Sayları 20-30 milyon arasında olan kürdlər Türkiyə, İraq, Suriya, İran və Ermənistanı ayıran sərhədlərin keçdiyi dağlıq region boyunca məskunlaşıblar. Onlar saylarına görə Yaxın Şərqin dördüncü ən böyük etnik qrupudurlar, lakin heç vaxt öz daimi dövlətlərinə malik olmayıblar.
Son onilliklərdə kürdlər Türkiyədə muxtariyyət uğrunda vuruşublar. Hazırda isə onlar terrorçu "İslam Dövləti" qrupuna müqavimət göstərməklə İraq və Suriyadakı münaqişələrdə mühüm rol oynayaraq regional hadisələrə təsir göstərirlər.

Kürdlərin kökü hardan gəlir?

Kürdlər tarixən köçəri həyat keçirərək Mesopatamiya düzlərində və hazırda cənub-şərqi Türkiyə, şimal-şərqi Suriya, şimali İraq, şimal-qərbi İran və cənub-qərbi Ermənistanın yerləşdiyi dağlarda qoyun və keçi sürülərini otarmaqla məşğul olublar. Bu gün onlar irq, mədəniyyət və çox fərqli dialektləri olsa da, vahid dil əsasında birləşmiş və seçilən bir icma təşkil edirlər. Onlar, həmçinin müxtəlif dinlərə sitayiş etsələr də, əksəriyyəti sünni müsəlmanlardır.

Onların niyə öz dövləti yoxdur?

20-ci əsrin əvvəllərində kürdlər ümumi şəkildə Kürdüstan adlandırdıqları ölkəni yaratmaq niyyətində olublar. Birinci Dünya Müharibəsi qurtardıqdan və Osmanlı imperiyasının məğlubiyyətindən sonra Qərb Müttəfiqləri 1920-ci ilə aid Sevr müqaviləsinə kürd dövlətinin yaradılmasını nəzərdə tutan maddə salmışdılar. Lakin üç il sonra bu ümidlər boşa çıxdı. Müasir Türkiyənin sərhədlərini müəyyən edən Lozanna müqaviləsində kürd dövlətinə aid maddə artıq yox idi və onlar qonşu ölkələrin ərazilərində etnik azlıq olaraq qalmağa məhkum olmuşdular. Sonrakı 80 ildə kürdlərin müstəqil dövlət yaratmaq cədhdləri baş tutmayıb.

Kürdlər nə üçün İD-lə döyüşün ön cəbhəsindədirlər?

2013-cü ilin ortalarında İD nəzərlərini Suriyanın şimalındakı üç kürd anklavına yönəltdi. 2014-cü ilin ortalarınadək İD-in bu anklavlara hücumunun qarşısını Suriya Kürd Demokratik Partiyasının (PYD) silahlı qanadı olan Xalq Müdafiə Birlikləri (YPG) alırdı. Lakin iyun ayında İD-in İraqın şimalındakı Mosul şəhərini zəbt etməsi, İraq ordusu diviziyalarını oradan qovması və sonradan Suriyaya ötürəcəyi silahları ələ keçirməsi vəziyyəti dəyişdi. Kürdlərin peşmərgə döyüşçüləri İraqın şimalında "İslam Dövləti"nə qarşı vuruşurlar. Azadlıq.org xəbər verir ki, İD terrorçularının İraqdakı hücumları oradakı kürdləri də münaqişəyə çəkdi. İraqın yarımmüstəqil Kürdüstan Regional Hökuməti öz silahlı qüvvələrini – peşmərgələrini ordunun qoyub qaçdığı mövqelərə göndərdi. İraqda bir müddət peşmərgə qüvvələri ilə İD arasında döyüşlər getdi, lakin avqust ayında İD terrorçuları qəfil həmləyə keçdilər. Peşmərgə çaşqınlıq içində geri çəkildi və əsasən də minlərlə yezidinin sığındığı Səncər dağı və başqa dini azlıqların yaşadığı yerləri tərk etdilər.

Peşmərgənin məğlubiyyətindən və Səncər dağlarına qaçmış yezidilərin qətliam edilə biləcəyindən narahat olan ABŞ, İraqın şimalını raket atəşinə tutdu və bu ölkəyə hərbi müşavirlər göndərdi. Avropa ölkələri peşmərgə qüvvələrinə silah göndərməyə başladı. YPG və PKK da onların köməyinə gəldi. Sərhədə hərbi texnikanı yerləşdirən Türkiyə münaqişəyə qatılmayıb.

İD qrupları İraqın şimalındakı peşmərgələri tədricən geri oturtmaqda ikən, Suriyadakı kürd anklavlarını zəbt etmək fikrindən də vaz keçməmişdilər. Sentyabrın ortalarında İD Suriyanın şimalındakı Kobani şəhərini əhatələyən anklava hücum etdi. Bu hücum nəticəsində 160 min yerli sakin qonşu Türkiyəyə qaçdı. Buna baxmayaraq, Türkiyə öz sərhədləri yaxınlığında mövqe tutmuş İD döyüşçülərinə hücum etməkdən və ya kürdlərin sərhədi keçərək Kobaniyə köməyə getmələrinə icazə verməkdən imtina edirdi.

Ankaranın bu mövqeyi Türkiyədəki kürdlərin böyük etirazlarına səbəb oldu, lakin peşmərgə əsgərlərinin Kobaniyə getməsinə oktyabrın ortalarınadək imkan verilmədi.

Türkiyə nə üçün kürdlərin Kobanini müdafiəsinə kömək etmir?

Türkiyə dövləti ilə onun əhalisinin 15-20 faizini təşkil edən kürdlərin müstəqilliyini tələb edən PKK arasında dərin münaqişə var. Həbs edilmiş PKK lideri Abdullah Öcalan 2012-ci ildə Türkiyə hökumətilə sülh danışıqlarına başlayıb. ...1978-ci ildə Abdullah Ocalan Türkiyənin daxilində müstəqil dövlət qurulmasına çalışan PKK-nı yaradıb. 1984-cü ildən bəri PKK-nın silahlı hücumlarından 40 minə yaxın türk öldürülüb

1990-cı illərdə PKK müstəqillik tələbindən geri çəkilib, əvəzində mədəni və siyasi muxtariyyətə çağırıb, lakin eyni zamanda mübarizəni də davam etdirib. 2012-ci ildə hökumət və PKK sülh danışıqlarına başlayıblar və növbəti ildə atəşkəs razılaşması əldə edilib. PKK döyüşçülərindən İraqın şimalına keçmək tələb olunub, lakin toqquşmalar yenə də kəsilməyib.
Ankara İD-i təhlükə hesab etsə də, Türkiyə kürdlərinin sərhədi keçərək PKK-nın Suriyadakı qolu sayılan PYD-ə qoşulacağından və Türkiyə ərazisinə hücumlar edəcəyindən də qorxur. Türkiyə Kobanini tərk edən 180 mindən artıq Suriya kürdünü qaçqın kimi qəbul edib. Türkiyə həmçinin bəyan edib ki, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdən devrilməyincə, ABŞ-ın rəhbərliyi altında İD-ə qarşı koalisiyaya dəstək verməyəcək.


Suriya kürdləri nə istəyirlər?

Demokratik Birlik Partiyası Suriya kürdlərinin məskunlaşdığı ərazilərdə aparıcı qüvvədir.
Kürdlər Suriya əhalisinin 7-10 faizini təşkil edirlər. Onların əksəriyyəti Dəməşq və Hələbdə, habelə Suriyanın şimalında bir-biri ilə əlaqəsi olmayan Kobani, şimal-şərq şəhərləri Afrin və Qamışlı ətrafındakı üç anklavda yaşayırlar. Suriya kürdləri uzun müddət sıxışdırılıb və təməl haqlardan məhrum ediliblər. 1960-cı illərdən bəri onlardan 300 mininə vətəndaşlıq verilməsindən imtina edilib və kürd rayonlarının ərəbləşdirilməsi məqsədləri ilə onların torpaqları müsadirə edilərək ərəblərə paylanıb. Dövlət həmçinin etirazları əzərək və siyasi liderləri həbs edərək kürdlərin daha geniş muxtariyyət tələblərini məhdudlaşdırmağa çalışıb. Suriya münaqişəsinin ilk iki ili ərzində kürd anklavlarına ümumən o qədər də toxunulmamışdı. Əsas kürd partiyaları neytral mövqe tutmağa çalışırdılar.

Kürdlərin Xalq Müdafiə Birlikləri İD terrorçularına qarşı 2013-cü ildən bəri vuruşmağa başlayıb.
2012-ci ilin ortalarında hökumət qiyamçılarla vuruşmaq məqsədilə qoşunlarını başqa yerlərdə cəmləşdirməyə başlayarkən nəzarəti buradakı kürd qüvvələri ələ keçiriblər.
Demokratik Birlik Partiyası və ya qısaca PYD çox tezliklə özünü hegemon qüvvə kimi təsdiq edib. Bu, onun daha kiçik partiyalarla münasibətlərini korlayıb və bu partiyalar Kürdüstan Milli Şurasını (KNC) yaradıblar.
Bununla belə, 2014-cü ilin yanvarında hər iki tərəf bir araya gələrək Kürdüstan regional hökumətinin təşkilini elan edib. Onlar bəyan ediblər ki, müstəqillik yox, “yerli demokratik administrasiya” qurulmasını istəyirlər.

İraq kürdləri müstəqillik əldə edəcəklərmi?

Kürdlər İraq əhalisinin 15-20 faizini təşkil edirlər. Onlar tarixən qonşu ölkələrdə yaşayan başqa kürdlərdən daha çox milli haqlara malik olsalar da, qəddar repressiyalarla üzləşiblər. Kürdlərin KDP partiyası ilə İraq hökuməti arasında 1970-ci ildə əldə olunmuş razılaşma 4 il qüvvədə qalıb.
İraqın şimalındakı kürdlər Britaniya mandatı dövründə üsyan qaldırsalar da, əziliblər. 1946-cı ildə Mustafa Bərzani İraqda muxtariyyətin əldə edilməsi məqsədilə Kürdüstan Demokratik Partiyasını (KDP) yaradıb. 1958-ci ilin inqilabından sonra kürd milləti rəsmən tanınıb. Lakin Bərzaninin özünüidarə planı mərkəzi ərəb hökuməti tərəfindən rədd edilib və KDP 1961-ci ildə silahlı mübarizəyə qalxıb. 1970-ci ildə hökumət kürdlərə de facto muxtariyyət verilməsi müqabilində döyüşlərin dayandırılmasını təklif edib. Lakin muxtariyyət sonunda süqut edib və 1974-cü ildə döyüşlər bərpa olunub. Bir il sonra KDP daxilindəki parçalanmalar nəticəsində Cəlal Talabani partiyanı tərk edib və Kürdüstan Demokratik İttifaqını və ya qısaca PUK-u yaradıb.
1970-ci illərin sonlarında hökumət kürdlərin yaşadığı ərazilərdə, xüsusən də neftlə zəngin Kərkük şəhərinin ətrafında ərəblərin məskunlaşdırılmasına başlayıb.

1991-ci ildəki üsyanın yatırılmasından sonra təqribən 1.5 milyon İraq kürdü Türkiyə və İrana keçib.
Bu siyasət 1980-ci illərdə, İran-İraq müharibəsi zamanı daha da gücləndirilib. Bu müharibədə kürdlər İran İslam Respublikasını dəstəkləyirdilər. 1988-ci ildə Səddam Hüseyn kürdlərə qarşı qisas kampaniyasına başlayıb və Hələbcə şəhərində onların üzərinə zəhərli qaz hücumları edilib.
1991-ci ildə baş vermiş Körfəz müharibəsində İraqın məğlubiyyətinin ardınca Bərzaninin oğlu Məsud kürd qiyamına başçılıq edib. Bu qiyamın zorakılıqla yatırılması ABŞ və müttəfiqlərinin İraqın şimalında uçuşlarsız zona elan etməsi ilə nəticələnib və bu, kürdlərə yerli özünüidarə imkanı yaradıb.
KDP və PUK hakimiyyətin bölüşdürülməsinə razılaşıblar, lakin yenidən gərginlik yaranıb və 1994-cü ildə dörd illik daxili münaqişə başlanıb. 2003-cü ildə Səddam Hüseynin devrilməsi ilə nəticələnmiş ABŞ müdaxiləsi zamanı hər iki partiya Amerikanı dəstəkləyib və o vaxtdan bəri yaradılan bütün hökumətlərdə iştirak edib.
Məsud Bərzaninin KDP və Cəlal Talabaninin PUK partiyaları Kürdüstan bölgəsində hakimiyyətin bölüşdürülməsinə razılaşıblar. Onlar həmçnin 2005-ci ildə Dohuk, Ərbil və Suleymaniyyə əyalətlərinin idarə olunması üçün yaradılmış Kürdüstan Regional Hökumətində (KRH) koalisiya təşkil ediblər. İyun ayında İD-in hücumundan sonra KRH kürdlər və mərkəzi hökumət arasında mübahisəli sayılan ərazilərə peşmərgə qüvvələrini göndərib və bundan sonra kürd parlamentinə müstəqilliyə dair referendum keçirilməsinə hazırlıq görülməsi üçün müraciət edib. Lakin burası bəlli deyildir ki, kürdlər öz müqəddəratlarını müəyyən etmək yolu ilə gedəcəklər, yoxsa federal İraq daxilində daha müstəqil vahid olmaq istəyəcəklər.

qaynarxett.az