backend

"Ehsan qadağası": Yanlış izah olunan doğru addım

"Ehsan qadağası": Yanlış izah olunan doğru addım














Dövlət qurumlarının nümayəndələri bu qərarı əsaslandırmaq üçün dini dəlillərə müraciət etməməlidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yas mərasimləri ilə əlaqəli qərarı ictimaiyyətdə geniş əks sadə doğurub. Mətbuatda görüldüyü qədər xalq arasında bu qərar dəstəklənir və bir çox din xadimləri və ziyalılar bu addımı yerində və gərəkli hesab edirlər. Onlara görə bu məclislərdə israfçılıq baş alıb gedir və üzür sahiblərini gərəksiz zəhmətə salır. Ailəsində itki baş verən insanların təsəlliyə ehtiyacları olan vaxtda gələn camaatın yeməyi və içməyi ilə məşğul olmasını normal qəbul etmək əlbəttə mümkün deyil. Bu adətin gərəksiz və zərərli bir durum olduğu fikri ilə tamamilə razıyıq. Amma bu məsələnin dini və hüquqi yollarla tənzimləməsinə çalışılması bir çox sualları cavablandırmağı tələb edir.

Din sosioloqu Asəf Qənbərovun fikrincə, ilk növbədə bu məsələyə dövlət və dinin ayrılığı prinsipi cəhətindən aydınlıq gətirilməlidir. İsrafçılığa son qoyulması məqsədilə yas məclislərində ehsan verməyi qadağan etmək və ya müəyyən qidalarla məhdudlaşdırmaq və bu qərarı dini argumentlərlə əsaslandırmaq nə qədər döğrudur? Dövlət və dinin ayrılığı prinsipi, bütün dinlərin qanun qarşısında bərabərliyini və dövlətin dini inançlara qarşı tərəfsiz bir mövqe tutmasını nəzərdə tutur. Dövlət qurumları dini ideyalar və dini praktikalar arasında normativ bir dəyərləndirmə aparmamalıdır. Çünki, dini məsələlərin əksəriyyəti mübahisəlidir və müxtəlif dini qruplar üçün fərqli məna kəsb edir. Dini əqidə və ayinlərin hər biri müəyyən interpretasiyanı əks etdirdiyinə görə, dövlət qurumlarının bunlar arasında doğru-yanlış şəkildə dəyərləndirmə aparması birinci növbədə dövlətin dinlər qarşısındakı tərəfsizlik prinsipinə xələl yetirir. Dövlət qurumlarının nümayəndələri bu qərarı əsaslandırmaq üçün dini dəlillərə müraciət etməməlidir. Bəzən bu qadağa təşəbbüsünün ehsanın mahiyyəti, necə və hansı yollarla həyata keçirilməsi kimi teoloji zəmində müzakirə olunduğunu görürük. Bunun yerinə “ictimai mənfəətləri”, xalqın əksəriyyətinin rifahına zərər verməsini əsas gətirərək yas mərasimlərini tənzimləmənin məqsədəuyğun olduğunu hesab edirik.

Asəf Qənbərov məsələnin ictimai bir problem olduğunu, bu səbəblə də hüquqi və dini perspektivdən daha çox, ictimai dəyərlər baxımından ələ alınmasının doğru olduğunu qeyd edir: “Zənnimizcə bu təşəbbüs yanlış izah edilən doğru bir addımdır. İsrafçılıq hallarının da dini izahı kimi lüzumsuz münaqişələri tərk edib, bu məsələni tamamilə ictimai bir problem olaraq qiymətləndirmək lazımdır. O zaman toy mərasimlərindəki bənzər hallara da eyni aspektdən yanaşmaq mümkün olacaqdır. Əks durumda daha çox israfçılığın olduğu toy məclislərinə müdaxilə etmək üçün heç bir əsas olmaz”.Din sosioloqu həmçininin aktual olan bu problemin həlli yollarına da toxunaraq bunları qeyd edib: “Bir başqa problem bu qadağanın hansı yollarla həyata keçirilməsini aydınlaşdırmaqdır. Sadəcə tövsiyə xarakterli bəyanatlar yetərli olmaya bilər. Dəfələrlə mətbuatda israfçılıq problemi gündəmə gəlib. Ayrıca QMİ mövzu ilə əlaqədar fətva verərək israfçılığın dini cəhətdən məqbul olmadığını ictimaiyyətə çatdırsa da məsələ həllini tapmayıb. Belə ictimai problemlərin inzibati qaydada tənzimlənməsinin vətəndaşların hüquq və azadlıqlarına uyğun olub-olmadığı müzakirə oluna bilər. Zənnimizcə müvafiq qanun dəyişiklikləri ilə bu problemin həlli üçün müəyyən müsbət addımlar atmaq olar.”


A.ZƏKA/Analtik.az