backend

Nazirə üç şəhərin peşə liseylərindən şok “tələbə kartı” dosyesi - İttihamlar

Nazirə üç şəhərin peşə liseylərindən şok “tələbə kartı” dosyesi - İttihamlar















Bərdə, Laçın və Ağdamda peşə məktəblərinin direktorlarının işi-peşəsi tələbələrin təqaüd kartları ilə dolanmaqdır

Bu haqda FİA.Az-a çoxsaylı məktublar, eləcə də sosial şəbəkələrdə paylaşımlar var. Yeni təhsil naziri Ceyhun Bayramova müraciət şəklində yazan tələbələr narazılıq edir.

Peşə məktəblərində oxu(ma)yan bir batalyona bərabər tələbə var ki, təqaüd kartları mənimsənilib. Onların aylıq tələbə təqaüdü peşə məktəbi direktorlarının cibinə gedir.

Məsələn, Bərdə peşə liseyi direktoru məktəbi bazara çevirib. Liseydə davamiyyət çox aşağıdır, təhsilin səviyyəsi sıfırdır, şagirdlər vaxtında dərslərdə iştirak eləmir, imtahanların isə necə keçdiyi hamıya məlumdur.

Liseydə əsasən genişprofilli traktorçu-maşinist, təmirçi çilingər, avtomobilin təmiri üzrə çilingər, modelçi-dərzi, meliorasiya işlərinin traktorçusu, elektrik montyoru və digər ixtisaslar üzrə kadrlar hazırlanır.

Şəmil Şükürov vəzifəsindən istifadə edərək özü üçün geniş biznes imkanları yaradıb. Liseyə qəbul olmağın maddi bədəli ixtisaslara uyğun olaraq dəyişir.

Bərdə Peşə Liseyində təhsil alan şagirdlər imtahanlardan direktorun maraqlarını təmin edərək keçirlər.

Şəmil Şükürov təhsil ocağına məxsus 15 hektar ərazidə pambıq əkdirib. Lisey direktoru bu günə kimi liseyin ərazisini müxtəlif məqsədləri üçün istifadə etmişdi.

Amma zamanın nəbzini tutmağı bacaran Ş.Şükürovun dövlətin siyasəti adı altında həmin sahədə pambıq əkdirəcəyi heç kimin ağlına gəlməzdi. Peşə liseyinin direktoru pambıqdan gələn gəliri özünə götürüb.

Bunu yaxın çevrəsinə belə izah edib ki, ərazidəki təsərrüfat onun özünə məxsusdur və dövlət əhəmiyyətli pambıq yığımı deyil.

Halbuki, peşənin ərazisini zəbt edən direktor bundan qabaq deyirmiş ki, pambıq əkilməsi rayon rəhbərliyinin göstərişidir.

FİA.Az-ın verdiyi xəbərdə bildirilir ki, Ağdam və Laçın peşə liseylərində də eyni özbaşınalıq hökm sürür.

Təhsil Nazirliyi bu sektorla qətiyyə maraqlanmır. C.Bayramovdan böyük gözləntilər var ki, peşə liseylərində tədrisin yüksəldilməsi istiqamətində praqmatik addımlar atacaq.

Ümumiyyətlə, peşə liseylərində vəziyyət çox acınacaqlıdır. Tələbələr dərsə getmir, dərslər keçirilmir, təhsil ocaqlarının qapıları formal olaraq açıq saxlanır, rüşvət az qala leqallaşıb.

C.Bayramov təkcə Bərdə, Laçın və Ağdamda peşə liseylərinin və direktorlarının fəaliyyətini təftiş edərsə, ciddi nöqsanlar aşkarlaya bilər.

Məsələn, bir neçə il əvvəl Bakı şəhər sakininin Abşeron-Binə peşə liseyində baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdı.

İdarənin əməkdaşları tərəfindən liseyin istehsalat təlimi ustası Şərafət Mehdiyevanın xidməti otağına keçirilən baxış zamanı liseydə təhsil alan tələbələrə məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan 17 ədəd plastik təqaüd kartları aşkar edilmişdi.

Araşdırmalarla həmin kartlarla təqaüdlərin liseyin vəzifəli şəxsləri tərəfindən çıxarılaraq mənimsənildiyi müəyyən olunmuşdu.

Eynilə Ağdam, Bərdə və Laçın peşə liseylərində də analoji durumun mövcud olduğu iddia edilir. Plastik təqaüd kartları direktorların kabinetindəki şkaflarda saxlanır.

Sonra bu kartlardan pullar bankomatlardan çıxarılaraq mənimsənilir. Bu da ildə külli miqdarda korrupsiyanın gerçəkləşməsi deməkdir. İttihamlarla bağlı tərəfləri dinləməyə hazırıq.