backend

Torpaqları qaytarırlar?

Torpaqları qaytarırlar?






















Politoloqların prezidentlərin Paris görüşündən gözləntiləri.

Əgər Ermənistan 7 rayonun 5-6 ay ərzində qaytarılmasına razılıq versə, danışıqlardan müsbət irəliləyişlər gözləmək olar.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu siyasi icmalçı Qabil Hüseynli Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Parisdə keçiriləcək görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu görüşlərin əsas məqsədi münaqişə tərəflərinin sülh prinsipinə sadiqliyinə nail olmaqdır. Lakin Ermənistanın azərbaycanlıları Azərbaycan torpaqlarında mühakimə etməsi çox gülüncdür:

“Azərbaycan Ermənistanın iç üzünü açmaq üçün bundan faydalana bilər”.

Politoloq Fikrət Sadıqov bugünkü görüşdən müsbət nəticə gözləmədiyini deyib:

“Fransanın münaqişəyə və Ermənistana münasibəti bəllidir. Bu gün Fransa prezidentinin ətrafında kifayət qədər ermənipərəst qüvvələr var. Bundan əlavə, prezident Fransua Olland gələn il qondarma soyqırımın 100 illiyində iştirak etməyə razılıq verib. Belə şəraitdə Fransanın, ümumiyyətlə, Qərbin münaqişəyə hər hansı töhfə verəcəyinə ümid etmək olmaz”.

Politoloq Ərəstun Oruclu isə vurğulayıb ki, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olsa da, təşəbbüskarların məqsədi məhz münaqişə tərəflərinə təsir gücünü artırmaqdır:

“Qərbin niyyəti Azərbaycan və Ermənistana təsir gücünü artırmaq, Rusiyanın bu ölkələrə təsirini azaltmaqdır. Lakin görünən odur ki, Avropa buna nail ola bilməyəcək. Gürcüstanın və Ukraynanın timsalında baş verən hadisələr də bunu sübut edir”.

Xatırladaq ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Parisdə görüşəcəklər.