backend

Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)

Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)












Rayonun Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk və Hacı Qasımlı kəndlərində qaz yoxdur; sakinlər yaşıllıqların vəhşicəsinə qırılmasını məhz bu problemlə əlaqələndirir

Gədəbəydə meşələr kütləvi şəkildə “yaşıl soyqırım”a məruz qalır. Rayonun Novo-Saratovka kəndinin yaxınlığındakı meşə bu səbəbdən sıradan çıxmaq üzrədir. Reportyor qrupumuz meşədə müşahidə apararkən çoxillik ağacların kəsilib doğranması, kötüklərinin gizlədilməsi üçün torpaqla örtülməsinin şahidi olub.

Meşələrdə çoxillik ağacların məhv edilməsində yandırılma üsulundan da istifadə edilir. Bu üsul canlı bir ağacın kötüyünə quru ağac qırıntıları yığıb yandırmaqdan ibarətdir. Beləcə, mişarla doğranması çətin olan çoxillik ağac yandırılıb yerə aşırılır, doğranır və meşədən daşınır. Digər üsullardan fərqli olaraq belə məhvetmə zamanı ağacın yenidən boy verməsi mümkün olmur. Gədəbəy meşələrdə məhz bu qəddar məhvetmə üsulu geniş yayılıb. Hər tərəfdə yanmış ağac gövdələrinin şahidi olduq.

Ermənistanla sərhəddə yerləşən bu yerlərdə meşələrin sürətlə məhv edilməsinin bir səbəbi də təbii qaz problemidir. Rayonun Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk, Hacı Qasımlı kəndlərində qazlaşma aparılmayıb. Sakinlər yaşıllıqların vəhşicəsinə qırılmasını da məhz bununla əlaqələndirirlər. “Yeni Müsavat”ın reportyor qrupu olaraq həmin kəndlərdə olduq.

İllər öncə bu kəndlərin qazlaşdırılması planı olsa da, hətta bunun üçün qaz boruları kəndlərə gətirilsə də, işlər yarımçıq dayandırılıb. Sonradan nəinki bu plan həyata keçirilib, hətta həmin qaz boruları ya satılıb, ya da kəndlərdən naməlum istiqamətə aparılıb.

Kənd sakinləri vəzifəsindən azad edilən rayonun keçmiş icra başçısı Ramiz Yediyarovun sərhəd kəndlərinin qazlaşdırılmasının qarşısını aldığını söylədilər. Onlar icra başçısının qeyri-rəsmi tapşırığı ilə əvvəllər kəndlərə qazlaşma üçün gətirilən boruları kəndlərdən daşıtdırıb satdırdığını deyirlər. Bildirirlər ki, Ramiz Yediyarov rayona rəhbərlik etdiyi müddətdə Gədəbəyin iki kəndi - Saratovka və İvanovka arasındakı şamlıq meşəsi “can vermək” həddinə çatıb.

Kənd sakinlərindən Həsən deyir ki, meşələrin məhv edilməsində rayona rəhbərlik edənlər günahkardır. Onun sözlərinə görə, Ramiz Yediyarov vəzifəyə təyin ediləndən sonrakı dövrdə Gədəbəydə meşələrin sistematik qırılmasına başlanıb, bu qanunsuz əməllərə qarşı çıxan meşə gözətçiləri ya işdən çıxarılıb, ya da susdurulublar. Belə meşə gözətçilərindən biri də Şahdağ kənd sakini Zaman Əsgərov olub. Saratovka meşəsində meşə gözətçisi işləmiş bu şəxs günlərin birində meşədən 30-dan yuxarı ağacın kəsilərək oğurlanmasını görüb. Hər şey də bundan sonra başlayıb. Zaman Əsgərov bu barədə Gədəbəy Rayon Meşə İdarəsinə yazılı məlumat verib və kəsilən ağacların siyahısını təqdim edib. Meşə gözətçisinin qanunun tələb etdiyi tərzdə davranması Ramiz Yediyarovun xoşuna gəlməyib. Onu ağacların kəsilməsini rəsmiləşdirdiyinə görə əvvəl danlayıblar. Bir neçə aydan sonra həmin kəsilən ağaclara görə işdən qovublar, ayağına da cərimə yazıblar. Zaman Əsgərovun məsələnin ədalətlə araşdırılması tələbləri də qulaqardına vurulub. Gədəbəy meşələrində Ramiz Yediyarov vəzifədə olduğu dövrdə tam dərəbəylik hökm sürüb.

O və ətrafında olan məmurlar özlərinə dəbdəbəli villalar ucaldarkən taxta-şalban üçün tikinti bazarlarına deyil, Gədəbəy meşələrinə üz tutublar. Tikintidə istifadəsi əlverişli sayılan şam ağacları beləcə qırılıb və yük maşınlarına doldurulmaqla müxtəlif məmur villalarına daşınıb. Əsasən gecələr Gədəbəy meşələri “məmur quldurlar”ın hücumuna məruz qalırlar. Sakinlər deyir ki, gecənin qaranlığında meşələrdə canavar-çaqqal səslərini ağır tonnajlı yük maşınlarının mühərrikindən çıxan nərilti batırır. Hamı bilir ki, meşəni qırır, daşıyıb aparırlar. Amma kimsə sinəsini qabağa verib “yaşıl soyqırım”ı durdura bilmir. Səbəb də sadədir. Ramiz Yediyarovun meşə qırğınına yandırdığı “yaşıl işıq”dan doğan cəzasızlıq mühiti onun işdən qovulmasından sonra da davam etməkdədir. Belə ki, meşə gözətçiləri Zaman Əsgərovun yolu ilə gedib işsiz qalmaq istəmirlər. Yerli sakinlər deyir ki, bir çox hallarda belə meşələrə gecə hücumlarında bələdçilər elə həmin meşə gözətçiləri olur. Onların hərəkətsizliyinə əmin olan məmurlar meşələrlə şəxsi dükan-bazarları kimi davranırlar.

Meşələr qırılır, tikinti materialı şəklinə salınmaq üçün yararsız ağaclar ətraf kəndlərdəki evlərdə yaşayan sakinlərə satılır. Üstəlik, sakinlərə satılan ağacların meşədən gecə saatlarında daşınması tapşırılır. Bu şəkildə evinə odun gətirmək sakinlərə daha ucuz başa gəlir deyə kimsə baş verənlərə etiraz etmir. Kənd sakinləri deyir ki, bir maşın odun ən yaxşı halda 220 manata başa gəlir. Məmurların gizli sexlərində odun şəklinə salınan ağac parçalarının bir maşını isə 280 manatadır.

"Meşə yaxınlığında yaşayan sakin meşədən lobya becərilməsi üçün balaca bir çubuq kəsib apara bilmirsə, məmur bir maşın odunu necə satır", - sualı da açıq olaraq qalır.

Ermənistanla həmsərhəd kəndlərdə qazlaşmanın aparılacağı təqdirdə meşələrin qırğından “azad olacağı” da açıq şəkildə görünür. Sakinlər qapılarına odun gətirib, qışa hazırlıq görməyin asan olmadığını deyirlər. Bunun əziyyətli olduğunu, sadəcə, qazın olmaması ucbatından məcbur qaldıqlarını bildirirlər.

Onu da qeyd edək ki, rayonun digər sərhədyanı kəndləri illər öncə qazlaşdırılıb. Məlum olmayan səbəblərdən Gədəbəyin düşmənlə sərhəddə yerləşən Saratovka, Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk, Hacı Qasımlı kəndləri kənarda qalıb.

Gədəbəyin 28 kənddən ibarət olan Şınıx bölgəsində də olduq. Bu bölgənin Qarəvəlli və Hacıallar kəndlərinə sürətlə qaz çəkildiyinin şahidi olduq. Bu işlər başa çatdıqdan sonra rayonun yalnız yuxarıda adlarını çəkdiyimiz kəndləri qaz üzünə həsrət qalan ərazilər olacaq.




Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)
Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)
Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)
Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)
Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)
Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)
Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)
Gədəbəy meşələrində gecə qırğınları - reportaj ( FOTOLAR, VİDEO)