backend

Türkiyədəki prezident seçkilərinin nəticəsi Azərbaycana necə təsir edəcək? – Ərdoğan, Akşener, yoxsa İncə?

Türkiyədəki prezident seçkilərinin nəticəsi Azərbaycana necə təsir edəcək? – Ərdoğan, Akşener, yoxsa İncə?















Türkiyədə 24 iyun prezident və parlament seçkiləri öncəsi qeyri-müəyyənlik davam edir. Son həftələrdə ictimai təşkilatların keçirdiyi rəy sorğuları birmənalı nəticələr göstərməsə də, bəzi ekspertlər seçkilərin taleyinin ikinci turda həll olunacağını istisna etmirlər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə və politoloq Qabil Hüseynli iki gün sonra Türkiyədə keçiriləcək seçkilərlə bağlı təəssüratlarını AZXEBER.COM-a bölüşüblər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Türkiyədəki seçkilərin favoriti Ərdoğandır: "Seçkilərlə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, birmənalı şəkildə demək olar ki, nəticələr Türkiyənin hazırki prezidentinin xeyrinə olacaq. Ərdoğan seçkilərin birinci turundaca qalibiyyəti təmin edəcək. İkinci turun keçirilməsinə yəqin ki, ehtiyac qalmayacaq. Hətta bu baş versə belə ikinci turda yenə qalib Ərdoğan olacaq. Digər namizədlərin şansı o qədər də yüksək deyil. İki gün sonra baş tutacaq seçkilərdə Ərdoğanın rəhbərlik etdiyi partiya parlament çoxluğu qazanacaq”.

Türkiyədəki seçkilərin Azərbaycan-Türkiyə münasibətlərinə təsirindən danışan millət vəkili qeyd etdi ki, bütün hallarda münasibətlər yüksələn xətlə inkişaf edəcək: "Azərbaycanla Türkiyə qardaş ölkələrdir. Bizim münasibətlərin tarixi kökləri var. Hazırda istər siyasi, istərsə də iqtisadi münasibətlərimiz ən yüksək səviyyədədir. Bu belə də davam edəcək. Müəyyən namizədlər, misal üçün Məhərrəm İncə ölkəmiz haqqında xoş olmayan sözlər desə də, o öz mövqeyindən geri çəkilməli olacaq. Güman ki, o qalib gəlməyəcək. Hətta qalib gəlsə belə öz mövqeyinə yenidən aydınlıq gətirməli olacaq. Bütün hallarda Türkiyədə kimin iqtidara gəlməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlər bundan sonra da yüksək olacaq”.

Politoloq Qabil Hüseynli hesab edir ki, seçki öncəsi rəqabət qızışsa da, yekunda qalib Ərdoğan olacaq: "Mənim proqnozum ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan ilk turdaca qələbə qazanacaq. Amma bununla yanaşı ikinci turda istisna oluna bilməz. Bütün hallarda seçkilərin qalibi Ərdoğan və onun rəhbəri olduğu partiya olacaq. Çünki bunun üçün onun həm kifayət qədər inzibati resursları var, həm də xalqın böyük əksəriyyəti onu dəstəkləyir”.

Türkiyədəki seçkilərin Azərbaycan-Türkiyə münasibətlərinə təsirindən danışan Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri hər zaman yüksək olacaq: "Türkiyədə kimin iqtidara gəlməsindən asılı olmayaraq, münasibətlər bundan sonra da yüksək olacaq. Çünki bunu müəyyən edən qardaş xalqların iradəsidir. Məhərrəm İncə onsuz da qalib gəlməyəcək. Hətta qalib gəlsə belə Azərbaycanla Türkiyə arasında mövcud münasibətləri qorumağa məcbur olacaq. Məncə, indiki şəraitdə həm Türkiyənin, həm də Azərbaycanın maraqları baxımından Ərdoğanın qalib gəlməsi daha yaxı olardı”.