backend

Deputat icra başçısını yıxıb-sürüdü: "Kimdən artıqsan?" - ŞOK İFŞA!!!

Deputat icra başçısını yıxıb-sürüdü: "Kimdən artıqsan?" - ŞOK İFŞA!!!















Yaxud yaşıllığı salanlar, onları məhv edənlər və digər müəmmalar

15 aprel 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti açıqlama yaydı. Dövlət başçısı cənab İlham Əliyevin “Ağacların qanunsuz olaraq kəsilməsi yolverilməzdir” mövqeyini əks etdirən həmin açıqlama Bakının Yasamal rayonunda baş verən olayla bağlı idi. Belə ki, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisini aparan şirkət ərazidəki 54 ağacı qanunsuz olaraq kəsmiş və yaşıllığı məhv etmişdi. Bundan xəbər tutan Prezident İlham Əliyev hadisəyə kəskin reaksiya vermiş, tikinti işlərini dərhal dayandırmış, məsələnin təcili araşdırılmasını tapşırmışdı.

Dövlət başçısının bu mövqeyindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq araşdırma apararaq həmin şirkəti 130 min manat məbləğində cərimələdi və ərazidə yeni istirahət parkı salındı.

Əslində bu fakt ölkədəki yaşıllıqlara, onların salınmasına, qorunmasına və həmin yaşıllıqlara qənim kəsilənlərə dövlət başçısının münasibətini əks etdirirdi:

“Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər”.

***

Əgər dövlət başçısı hər hansı məsələyə münasibət bildirirsə, bu, təkcə həmin faktla məhdudlaşmır, eyni tipli hadisələrin hamısına şamil edilir. Belə bəyanatlar həm də xoşagəlməz halların qarşısını irəlicədən almağa xidmət edir.

Bəli, cənab İlham Əliyev Yasamal rayonundakı “yaşıl soyqırımına” kəskin münasibət bildirdi, sonra qısa müddətdə həmin ərazidə gözəl bir park saldıraraq açılışını da etdi. Parkın açılışında ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışı zamanı bir daha öz iradəsini ortaya qoydu: “Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz”.

Təəssüf ki, Prezidentin bu qadağasını eşitməyən məmurlar da olur. Halbuki onlar nəinki eşitməyə, hətta deyilənlərə dəqiq əməl etməyə də borcludurlar!

SƏHVLƏRİNİ DÜZƏLTMƏK ƏVƏZİNƏ ÖZLƏRİNİ TƏRİFLƏTDİLƏR

“Azərbaycan” qəzetinin 17 may 2018-ci il tarixli nömrəsində “Ciddi siqnal” rubrikası ilə “Bərdədə yaşıllıqları niyə ticarət obyektləri ilə əvəz edirlər?!” adlı məqalə dərc edilmişdi. Yazıda deyilənləri əyani şəkildə göstərən daha 6 ədəd fotofakt da verilmişdi. Həmin şəkillərdə mövcud yaşıllıq, ağacların qazılıb çıxarılaraq “Jiquli” markalı maşına yüklənməsi, boşaldılmış ərazidə, həm də yaşıllıqlar içində təzə ticarət obyektlərinin tikintisi açıq-aydın görünürdü (Bir daha diqqətinizə təqdim edirik).

***

Nədənsə heç kim qəzetdə tənqid olunmasını istəmir: istər adi vətəndaş olsun, istərsə də müxtəlif ranqlı məmur! Adətən reaksiya da eynidir: əvvəlcə giley-güzar, sonra müsbət işlərin daha çox olduğu iddiası, daha sonra tənqidin “qərəzli” olması fikri, yazıda söylənənlərin “jurnalistin subyektivliyi” ilə izahı cəhdi, ən nəhayət, “şərləmə” kampaniyası başlayır.

Əlli illik jurnalistika praktikamda dəfələrlə gördüklərim bunlar olub...

Heç kəs nöqsanını səmimi etiraf etməyib!

Heç kəs günahı özündə görməyib!

Ən sonda “yazmaya da bilərdiniz” iradı səsləndirilib!

Yuxarıda adı xatırlanan yazıdan sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin redaksiyaya zəngi də eyni motivdə oldu!

Təfərrüata varmırıq. Əsas arqumentlərdən biri bu idi ki, indiyədək Bərdədə olmayan qədər yaşıllıqlar salınıb, rayon gül-çiçəyə bürünüb...
Doğrudur, amma yaşıllıqlar çoxdursa, onları məhv etməyə başlamalıyıq?

HAŞİYƏ: Qəribədir, dövlət strukturlarının müxtəlif pillələrində çalışan bəzi məmurlar dövlətin gördüyü və gördürdüyü işləri öz adlarına çıxmağı
sevirlər: “mən tikdim”, “mən yaratdım”, “mən etdim” kimi ifadələri xüsusi intonasiya ilə söyləyirlər!

Hamının etiraf etdiyi faktdır ki, müstəqillik dövründə Azərbaycan başdan-başa yenidən tikilib, qurulub, abadlaşıb, gül-çiçəyə, yaşıllığa qərq olub!

Bütün bunların bir müəllifi var: Prezident İlham Əliyev!

Dövlət başçısı uzun illəri əhatə edən quruculuq planları müəyyən edir, onun yerinə yetirilməsini təmin edən dövlət proqramları hazırlatdırıb təsdiqləyir, icrası üçün kifayət qədər vəsait ayırır. Hətta məmurların öyrənməsi, görüb-götürməsi, zövqlə tikib-qura bilməsi üçün onları xarici ölkələrə ezamiyyətə belə göndərir. Hər dəfə ölkə paytaxtında və regionlara səfərlərində yeni obyektlərin bünövrəsini qoyur, açılışını edir!

Üstəlik, məmuru vəzifəyə təyin edərək qarşısına vəzifələri qoyan da Prezidentdir!

Belə olan halda möhtəşəm quruculuq işlərinin müəllifi kim sayılmalıdır?

Bütün bu işlərə rəhbərlik edən, maliyyələşdirən dövlət başçısı, yoxsa xırda-para məmurlar?!

İcra başçısına bütün irad və narazılıqlarını yazılı şəkildə redaksiyaya göndərməsini tövsiyə etdik.

Amma nə tənqidi çıxışımıza cavab gəldi, nə də başqa bir məktub!

Əvəzində “Xalq qəzeti”nin 3 iyun 2018-ci il tarixli nömrəsində “Bərdə güllər, çiçəklər şəhəridir” adlı məqalə çıxdı...

BƏRDƏ RAYON İCRA HAKİMİYYƏTİNİN ÖZÜNƏMƏXSUS “MÜDAFİƏ TAKTİKASI”, YAXUD SAXTA “MÜƏLLİF” İMZASI

“Xalq qəzeti”ndəki həmin yazının redaksiyaya nə sayaq və necə çatdırıldığını, qəzet səhifəsinə necə çıxarıldığını yaxşı bilirik! Lakin yalnız rəsmi, görünən məqamları açıqlayacağıq.

HAŞİYƏ: Qürurunu itirmiş hansısa bir jurnalistin müəyyən postda oturanın qılığına girməsi, şəninə xoş sözlər söyləyərək “keyfini açması”, müxtəlif üsullarla yarınması artıq adiləşmiş haldlr. Səbəbi də bəllidir: loğma boğmadır demişlər! Amma əndazəni aşaraq jurnalistikanın prinsiplərini tapdalamaq, “həmkar” adına xəyanət etmək, üstəlik, bu zaman qeyri-obyektivlik göstərmək - etiraf edək ki, eyni cəbhəyə məxsus qələm sahiblərinin az-az rastlaşdıqları haldır! Daha çox bazar iqtisadiyyatının mənəviyyata gətirdiyi aşınmanın təzahürü sayılır. Çünki sovet dövründə belə hallar olmazdı. Amma o da faktdır ki, 37-ci ili də məhz belələri törətmişlər.

“Xalq qəzeti”ndəki “həmkarlarımızın” və “dostlarımızın” tələm-tələsik belə bir yazı dərc etməsinə bəlkə də əhəmiyyət verməzdik. Necə deyərlər, “xoruzun quyruğu”nu göstərən 2 məqam olmasaydı...

Birinci məqam. “Bərdə güllər, çiçəklər şəhəridir” məqaləsi arayış şəklindədir. Burada illər üzrə - 2011-ci ildən 2017-ci ilədək olan dövrdə harada, hansı həcmdə, nə qədər ağac və gül kolu əkildiyi, yaşıllıq salındığı göstərilir. 2011-2017-ci illər Bərdənin hazırkı icra başçısı Vidadi İsayevin işlədiyi dövrdür. Deməli, həmin rəqəmlər onun ağacəkmə və yaşıllaşdırma sahəsindəki hesabatıdır...

İkinci məqam isə məqalənin müəllifi ilə bağlıdır. Maraqlıdır ki, həmin yazı onu hazırlayan müxbirin adı ilə getməyib. Məqaləyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekoloji və Təbii Sərvətlər söbəsinin müdiri Mübariz Hacıyevin imzası qoyulub! Əslində ekologiyanı və ətraf mühiti qorumalı olan bir şəxsin “Azərbaycan”dakı yazıya cavab kimi başqa bir qəzetdə tərifli məqalə verməsi bizə qəribə gəldi! Odur ki, araşdırma apardıq.

Mübariz Hacıyev prinsipial bir insan kimi həqiqəti etiraf etdi! Onun öz imzası və möhürü ilə təsdiqləyərək qəzetimizin bölgə müxbirinə ünvanladığı məktubu diqqətinizə çəkirik: “12 Saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Mübariz Qurban oğlu Hacıyev sizə məlum edir ki, 03 iyun 2018-ci il tarixində “Xalq qəzeti”ndə Bərdə rayonunda yaşıllıqlar barədə mənim adımdan verilmiş məqalədən mənim xəbərim yoxdur. Həmin məlumatı eşidən kimi Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım, mənə şifahi olaraq bildirdilər ki, həmin məqalədə Bərdə şəhər Yaşıllaşdırma İdarəsinin müdirinin adı getmək əvəzinə, səhvən Mübariz Hacıyevin adı getmişdir”.
Bax belə!

BÜTÜN GÜNAHI FƏHLƏNİN BOYNUNA QOYDULAR

Yalan ayaq tutar, amma yeriməz - demişlər.

Doğrudur, hərdən yeriyir, amma uzağa getmir!

Başqa bir həqiqət də var: bəzən bir yalan özünü doğrultmaq üçün daha neçə-neçə yalana ehtiyac yaradır.

Di gəl ki, yenə də “balans” vermir!

Beləliklə, Bərdədə yaşıllığın məhv edilərək yerində ticarət obyektləri tikilməsi üçün başlanan proses və “Azərbaycan” qəzetində bununla bağlı gedən tənqidi yazıya “cavab” verilməsi (bəlkə də qəzetə “həddinin göstərilməsi niyyəti”) ilə başlanan oyunlar silsiləsi davam etməkdədir.
Növbəti mərhələdən danışmazdan öncə “Azərbaycan” qəzetinin “Bərdədə yaşıllıqları niyə ticarət obyektləri ilə əvəz edirlər?!” tənqidi yazısı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini əks etdirən məktubla tanış olmağınızı istərdik:
“Azərbaycan” qəzetinin 2018-ci il 17 may tarixli nömrəsində “Ciddi siqnal” rubrikası altında dərc olunmuş və 2018-ci il 17 may tarixli 5 nömrəli məktubunuzla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş “Bərdədə yaşıllıqları niyə ticarət obyektləri ilə əvəz edirlər?!” sərlövhəli məqalədə göstərilənlər 12 saylı (Bərdə) Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmışdır.

Araşdırma zamanı Bərdə şəhəri S.Vurğun və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindəki torpaq sahəsində ayrı-ayrı fiziki şəxslər tərəfindən sahibkarlıq məqsədilə tikinti işlərinin aparıldığı Bərdə Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin işçisi Həsənov Vasif Ənvər oğlu tərəfindən 2018-ci il 28 aprel tarixində əvvəlcədən nəzərdə tutulmuş əraziyə deyil, sahibkarlıq subyektlərinin tikintisi üçün ayrılmış və hazırda tikinti işlərinə başlanılmış boş torpaq sahəsinə 20 ədəd şam ağacının əkildiyi və həmin gün ağacların Bərdə şəhəri Heydər Əliyev prospektindəki “Asan xidmət” mərkəzinin ətrafına köçürüldüyü müəyyən olunmuşdur. Yaşıllaşdırma Təsərrüfatı idarəsində fəhlə işləyən Vasif Həsənov yazılı izahat verərək həmin ağacları bilməyərəkdən qeyd olunan torpaq sahəsində əkdiyini, lakin sonradan çıxararaq “Asan xidmət” mərkəzinin ətrafına əkdiyini təsdiq etmişdir.

Mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, eləcə də Bərdə Rayon İcra Hakimiyyətinin müvafiq qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan ağacların qanunsuz köçürülməsi faktı ilə bağlı təqsirkar şəxs Vasif Həsənov barəsində protokol tətbiq edilərək İnzibati Xətalar Məsəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən inzibati qaydada 1000 manat məbləğində cərimə edilmişdir.

Bununla yanaşı, məqalədə qeyd olunan Bərdə şəhəri, Koroğlu küçəsində vətəndaş Aslanov Yavər Ələkbər oğlu tərəfindən aparılan tikintiyə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dövlət ekoloji ekspertizasının müsbət rəyinin olmadığına görə, onun barəsində protokol tətbiq edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən inzibati qaydada 300 manat cərimə olunmuşdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsələyə qanun çərçivəsində yanaşaraq müvafiq tədbirlər gördüyünü alqışlayırıq. Bərdə Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin (xatirinizdədirsə “Xalq qəzeti”ndəki məqalə onun müdirinin imzası ilə getməli idi) “intizamsız”, “özbaşına” fəhləsi barədə bir neçə kəlmə söyləmək istəyirik.

HAŞİYƏ: Bir gün xan yaxın ətrafı ilə eyş-işrət məclisindəymiş. Bu zaman Əzrayıl içəriyə girərək otaqdakılardan iki nəfəri aparacağını söyləyir. Hamının nəzərləri qapının ağzında dayanaraq qulluq gözləyən nökərə yönəlir. Nökər ömrünün başa çatdığını anlayaraq cürətə gəlir: “Xan sağ olsun! Tutalım biri mənəm! Olsun! Siz ikincisini müəyyənləşdirin! - deyir”.

Bərdə Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı İdarəsində də cəza məqamı yarananda hamı üzünü fəhləyə tutub...
Yazıq fəhlə, sən nə qədər məvacib alırsan ki, 1000 manat da cərimə ödəyəsi oldun!..

Tutaq ki, həqiqətən həmin ərazidə ağacları həmin fəhlə əkib, sonra da yanıldığını güman edərək çıxardıb!

Bəs həmin fəhləyə ağac materiallarını kim verib, kim səhlənkarlıq edərək əkin yerini göstərməyib?!

Yəni Bərdə Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı İdarəsində o qədər başsızlıqdır ki, kim harada istəyir ağac əkir, sonra da gedib çıxarır?! İdarənin rəhbərliyi hara baxır, nə işlə məşğul olur?

Son dövrlərdə bəzi məmurlar tərəfindən mətbuatdakı tənqidlərə dözülməzlik münasibəti yaranıb.

Bəli, “reket jurnalistikası” var və onlar şər-böhtan atmaqla məşğuldurlar!

Adlarını “jurnalist” qoyaraq təmənnalı yazılar yazan, qərəzkarlıq edənlər də mövcuddur!

Onsuz da Azərbaycan kiçik bir ölkədir və hamı-hamını yaxşı tanıyır: məmurunu da, müxbirini də!

Əgər haqlısansa, təmizsənsə, günahın yoxdursa, ver məhkəməyə, qanunun əli ilə cəzalandır!

Başqa qəzetlərə üz tutmaq , “iqtidar qəzeti də tənqid verərmi?” iddiasına düşmək yanlış və perspektivsizdir.

Görünür hələ də tənqidə dözümlülük nümayiş etdirən təkcə dövlətimizin başçısıdır!

Qəribədir ki, ölkə rəhbərliyinin haqsız yerə, qərəzli tənqid edildiyini görüb susanlar özləri haqda bir kəlmə yazılanda haray-həşir qoparırlar!

Kimdən artıqsan?

Yaxud, tənqid doğrudursa, ədalətlidirsə, onda niyə nöqsanlarını düzəltmirsən?

Niyə dərhal əks-hücuma keçərək ağa qara deməyə çalışırsan, bu yolda əlli vasitəyə əl atırsan?!

Azərbaycan demokratik dövlətdir! Burada söz və mətbuat azadlığı mövcuddur! Azərbaycan iqtidarı isə demokratik prinsiplərə sadiqdir!
Gəlin vicdanlı və ədalətli olaq!
Həm yazanda, həm də onu oxuyanda!..

Bəxtiyar SADIQOV