backend

Pritona çevrilən "Maral" hotel

Pritona çevrilən "Maral" hotel









Obyektin sahibi olan xalçaçı Dağlar Səfərov gənc qızların əxlaqsız yola düşməsinə şərait yaradıb

Əxlaqsızlıq yuvalarının çoxluğu ilə ad çıxarmış Bakının Suraxanı rayonunda vəziyyət günü-gündən pisləşməyə doğru gedir. Rayonun elə qəsəbəsi yoxdur ki, orda kafe, restoran, bar, sauna adı ilə əxlaqsızlıq yuvaları fəaliyyət göstərməsin. Bülbülə, Əmircan, Yeni Suraxanı, Yeni Günəşli, Zığ və Qaraçuxur qəsəbələrində əxlaqsızlıq yuvalarının mövcudluğu rayon sakinlərinin kəskin etirazına səbəb olub. Həmin obyektlərin siyahısı dəfələrlə hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb. Bu məkanlarda saysız-hesabsız cinayət hadisələri qeydə alınıb.
Amma Suraxanı rayon hüquq-mühafizə orqanları bir dəfə də olsun həmin əxlaqsızlıq yuvalarına qarşı tədbir görməyiblər. Rayon ərazisində məşhur olan çirkab yuvalarından biri də Zığ qəsəbəsində yerləşən "Maral" restoranıdır. Pritona çevrilən obyekt gənc qızların cinsi istismara məruz qaldığı məntəqədir. Burda baş verən iyrənc işlər haqqında dəfələrlə yazmışıq. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) sabiq rəisi Etibar Qazıbəyovun zamanında mətbuat əxlaqsızlıq yuvasının üzərinə çox getdiyi üçün onlar məcbur qalıb pritonu bağlamışdılar. "Maral"ın bağlanmasına hətta icra başçısı İlqar Abbasov da qarışmışdı. Restoranın sahibi isə buranın əxlaqsızlıq yuvası olduğunu inkar edərək özünü müdafiə edib. "Bura 2005-ci ildən fəaliyyət göstərir və ailəvi istirahət məkanıdır. Bizim restoranda qadın gətirib onunla qalmaq və ya xidmətçilərin müştərilərə qız təşkil etməsi heç vaxt olmayıb. Yazılanlar həqiqəti əks etdirmir və bizim restoran priton deyil", deyə "Maral"ın sahibi Dağlar Səfərov açıqlamasında deyib. Obyekt sahibi həmçinin bidirib ki, onu bütün dünyada tanıyırlar və belə işlə məşğul olmaz: "Özüm xalçaçıyam. Bizim Zığ sakinləri ilə heç vaxt problemimiz olmayıb, ola da bilməz. Çünki onlarla qonşu deyilik.
Qonşular arasında məsafə 5-10 metr olar. Ancaq bizim restoran yaşayış məntəqəsindən 1 kilometr aralıda yerləşir". 2011-ci ilin noyabr ayında rayonda baş verən rəis dəyişikliyindən sonra əxlaqsızlıq yuvası tədricən işini bərpa etməyə başladı. Məmməd Mikayılovun RPİ-yə təyin edilməsi sanki "Maral" üçün düşərli olub. Dünən rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, "Maral" hazırda işini davam etdirir və hər gün restorana müştəri axını olur: "Obyekt təxminən, 3-4 ay bağlı qaldı. Təzə rəis gələndən sonra restoranın bəxti açıldı. Günorta saatlarında restoran işləmir. Çünki gündüzlər müştəri olmur. Əsas iş saat 7-dən sonra başlayır. Əxlaqsızlıq yuvasına həftənin hər günü onlarla qız gətirilir". Mənbənin sözlərinə görə, "Maral"da işin təzədən "xod"a düşməsi ətrafda yaşayan insanları ayağa qaldırıb: "20-yə yaxın qəsəbə sakini iki gün əvvəl restorana gedib bağlanmasını tələb ediblər. Obyektin sahibi isə onlara deyib ki, gedin hara istəyirsiniz şikayət edin". Mənbə pritonun yenidən işə düşməsini M.Mikayılovla bağlayır. Belə ki, polkovnik RPİ-yə rəhbər keçəndən az müddət sonra D.Səfərov onun yanına gedib və nə lazımdısa bütün sualları cavablandıracağını bildirib. Restoranla bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, D.Səfərovun Masazırda "Laza" adlı restoranı da var imiş. Qeyd olunur ki, həmin restoran da əxlaqsızlıq yuvasına çevrilib. Respublikanın hüquq-mühafizə orqanlarının rəhbərlərinə, xüsusən də daxili işlər naziri Ramil Usubova müraciət edib demək istəyirik ki, adıçəkilən əxlaqsızlıq yuvası Suraxanıda kriminogen durumun nəzarətdən çıxmasına səbəb ola bilər. Onsuz da RPİ rəisi rayondakı əxlaqsızlıq yuvalarını bağlamaq istəmir, heç olmasa siz bir tədbir görün, cənab nazir.