backend

Atalarını bitirən “avtoş” oğullar: Bərdə RİH başçısının müavini, Mübariz Mədətov və digərləri…

Atalarını bitirən “avtoş” oğullar: Bərdə RİH başçısının müavini, Mübariz Mədətov və digərləri…











Biri maşınla adam öldürür, o biri sərxoş vəziyyətdə yola çıxır…

Son bir neçə ildə məmur övladlarının qudurğanlığı, avtoşluq hekayələri cəmiyyətin müzakirə mövzusudur. Elə ay olmur ki, hansısa yüksək çinli məmur övladının törətdiyi qəza, avtoxuliqanlıq, qanlı dava hadisəsi ilə bağlı mediada xəbər yer almasın. Artıq bu hadisələrin bəziləri məhkəmə iclaslarına daşınıb, bəziləri isə ciddi kriminal hadisə kimi arxivlərdə yer alıb.
Bunlardan ən çox səs-küy törədəni heç şübhəsiz ki, 2013-cü ilin martında Bakı şəhərinin Suraxanı rayonunda, Zığ yolu şossesində baş verən ağır yol-nəqliyyat hadisəsi oldu. Hava limanı istiqamətində hərəkətdə olan "Mercedes Galendewagen” markalı minik maşını idarəetmədən çıxaraq Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev və ailə üzvlərinin də içində olduğu "VAZ 2106″ markalı minik maşınına çırpıldı. Qəza nəticəsində ”VAZ 2106″ da olan sərnişinlər, xalq artistinin həyat yoldaşı Brilliant Abdullayeva hadisə yerində, azyaşlı nəvəsi Ağasəlim Abdullayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdilər. Xalq artisti Ağasəlim Abdullayev, oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
Araşdırma aparılarkən məlum olub ki, qəzaya səbəb "Mercedes”in sürücüsü Xalid Mədətovun həddən artıq sərxoş vəziyyətdə sükan arxasına oturması və sürət həddini aşması olub. Həmçinin o da aydın olub ki, qəza törədən Xalid Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin sabiq rəisi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra edən Mübariz Mədətovun oğludur.
X.Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü ilin aprel ayında Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayıldı. Araşdırma nəticəsində məlum oldu ki, avtomobilin sahibi Yevlax gömrüyü rəisinin oğlu, DİN-də işləyən Həsənov Turaldır. Gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edildi və polis sıralarından qovuldu.
Oktyabrın 15-də Bərdə rayonunda yol qəzası baş verib. Sürətlə hərəkət edən Nicat Məmmədovun idarə etdiyi "Mercedes” markalı maşın şəhərin mərkəzi küçələrindən birində-6 saylı məktəbin qarşısında hərəkətdə olan "VAZ 21 015″ markalı avtomobili arxadan vurub. Qəza zamanı hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb. ”VAZ 21 015″in sürücüsünün yüngül xəsarət aldığı bildirilir. Məmur oğlu rayonda avtoş kimi tanınır. Yerli polis hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, Nicat Məmmədov Bərdə rayon icra başçısının müavini İlham Məmmədovun oğludur. Hadisədən sonra o da postundan uzaqlaşdırıldı.
Psixoloqlar sübut ediblər ki, varlı uşaqlarını ümumiləşdirən bir neçə cəhət var. Hansı ölkədə yaşamalarından asılı olmayaraq, bütün varlı uşaqları özlərini həyatın mərkəzi hesab edirlər. Amma bununla paralel olaraq depressiyaya və özünü yükləməyə meylli olurlar. Narsizmi də bu siyahıya əlavə etmək lazımdır. Çünki onlar xarakterlərini guya ki, bu formada ifadə və sübut etməyə çalışırlar. Hətta bəziləri idmanda, elmdə və bəzi sahələrdə uğur nümayiş etdirsələr də, heç nədən razı qalmırlar.
Bu uşaqlardan ailələrinin də gözləntiləri böyükdür. Ailələri onları dünyanın ən yaxşı məktəbində oxumağa göndərir, hər şeyin ən keyfiyyətlisini, bahalısını alır, "olmaz” sözünü az qala gündəlik lüğətdən çıxarırlar. Amma bütün bunlar dost və sevgi əldə etməyə kifayət etmir. Varlı olmaq təkcə şampan içib, Chanel markalı geyimlər geyinmək deyil. Ekzotik səyahətlər, lüks və komfort da bu sözü yetərincə açmır.
Varlı olmaq eyni zamanda doymayan ruh, pik həddə çatmış eqolar, intriqalar, saxta dostluqlar da deməkdir. Daha çox qazanıb, hər zaman hər şeyin az olduğunu hiss etmək deməkdir, eyni zamanda. Hətta pul və gələcək qayğısının kasıblarınkından daha çox olması anlamına gəlir bu söz.