Hacı Qalib Şeyxi necə biabır edir?

gundem 31-10-2014, 17:29
Hacı Qalib Şeyxi necə biabır edir?

















Sovet dövründə kimin adına 5 hektar həyətyanı torpaq sahəsi verilirdi?..

Hacı Qalib özü demişkən, «bir az cürətli danışıb»… Cəmiyyət arasında deputat olduğu 9 ildə hələ indi-indi Qalib Salahzadə kimi tanınan Hacının cürətli danışığının nadir hallarda olduğunu özünün də etiraf etməsi yaxşı haldır. Eyni zamanda, «düz danışdım» deyərək, özünə təsəlli verməsi insanın özünə inamsızlığından gələn instinktdir. Neyləyəsən ki, düz danışmaq, cürətli danışmaq Zəfəran sovxozunun torpaqlarının sənədləşdirilməsi deyil, həmişə, adətkarda olan iş olsun ki, bunu xüsusi vurğulamağa ehtiyac qalmasın.

Nənəmin 7 mərtəbəli villası...

Deputat Qalib Salahzadə bu cürətli çxışında əvvəlcə həqiqətən problemli bir məsəlyə toxunub: “Bakı bələdiyyələrinin xəritəsi yoxdur. Torpaqlarla bağlı cinayətlər burdan ortaya çıxır. Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır”.

Uzun müddətdən bəri Hacı Qalibin adı Bilgəh bələdiyyəsinin faktiki idrəçisi (sahibi də oxumaq olar) tanınıb. Hələ bələdiyyələr yaranmamışdan çox əvvəllər, ümumiyyətlə, Bilgəhdə torpaq məsələlərində hər kəsin məhz Hacıdan xeyir-dua alması da 1990-cı illəri yaddaşında saxlayanların yaxşı xatirindədir. Bilgəhdə hələ keçmiş sovet dövründən bir Zəfəran sovxozu vardı ki, şöhrəti bütün İttifaqa yayılmışdı. 1990-cı illərin ortalarından, aqrar islahatların aparılmasından sonrakı dövrdə bu sovxozun əraziləri hektarlarla azaldı, azaldı… yerində isə villalar ucaldı, ucaldı… O villaların sırasında Hacı Qalibin nənəsinin adına təqdim etdiyi 7 mərtəbəli villası da var. Birdir-ikidirmi, sayını bilənlər bilir. Bu da ayrı söhbətin mövzusudur ki, yüzlərlə hektar torpaq sahələri kimin «icazəsi» ilə xüsusiləşdirildi, bölündü, satıldı. Amma bir faktı xatırlatmaq yerinə düşər ki, mətbuatda lap son dövrlərə qədər bağçılıq təsərrüfatlarının sahibləri ilə Hacı Qalibin arasında məhkəmə çəkişmələri barədə məlumatlar yayılırdı. 4 hektarlıq torpaq mübahisəsi o qədər aktuallaşmışdı ki, Hacı özü şəxsən bu məsələyə aydınlıq gətirməyə məcbur olmuşdu.

Deputatlığı öyrənə bilmədi

Bunları xatırlatmaqda məqsəd keçmişə sadəcə ekskurs etmək deyil. Hərçənd ki, keçmişi yada salmaqda həmişə fayda var. Ancaq həmişə özünün nəzarətində olduğu deyilən, bir müddət oğlunun sədrlik etdiyi bələdiyyələrin icra hakimiyyətlərinin nəzarətində olmasına dair indi – 2014-cü ildə açıqlama verməsi maraq doğurur. Demək belə çıxır ki, Bilgəh bələdiyyəsi də digər bələdiyyələr kimi icra hakimiyyətinin nəzarətində olub və Hacının təbirincə deyilsə, «yalandandır»? Bəs bu neçə ildə, ən azı 2005-ci ildən deputat olan Qalib Salahzadə yüksək kürsüdən bir dəfə bələdiyyələrin bu «yalançı» statusu haqqında niyə danışmırdı? Belə çıxır ki, Sabunçu rayonuna Adil Vəliyevin icra başçısı təyin edilməsinədək Bilgəh bələdiyyəsi doğruçu imiş, indi «yalandan» statusu qazanıb? Yoxsa daha Bilgəh bələdiyyəsi Hacı Qalibin nəzarətindən tam çıxarılıb deyə, satmağa torpaq qalmadığından, deputat kürsüsündə bekar oturan cənab Salahzadə «cürətli və düz danışmaq» sənətini öyrənmək məcburiyyətində qalıb? Öyrənmək heç vaxt gec deyil. Baxmayaraq ki, pul qazanmağı Hacı elə cavan vaxtlarından yaxşı öyrənib, ancaq deputatlığı öyrənmək üçün hələ uzun müddət lazım gələcək…

Dövlətçiliyə, qanunçuluğa xidmət beləmi olur?

Bütün bunları xırda detallar sayıb, heç üstünə qayıtmamaq da olardı. Lakin deputat Q.Salahzadənin çıxışının sensasion hesab edilən kuliminasiya nöqtəsinə toxunmamaq olmur. “Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər”.

Məhz bu sonuncu cümlələr, onun özünün də dediyi kimi, həqiqətən «cürətli» hesab oluna bilər. Cəsarət, cürət, düz danışmaq yaxşı, xoşagələn əməldir, illah da ki, millət vəkilinə tam yaraşan bir xüsusiyyətdir. Millət ona görə vəkilini seçib parlamentə göndərir ki, orada düz danışaraq, cəsarətlə reallıqları desin, problemləri qaldırsın, seçicilərinin faydasına bir iş görsün. Deputatın «cürətli və düz» danışması əslində onun vəzifəsidir. Danışıq da gərək ünvanlı, haqqına, obyektiv olsun. Q.Salahzadənin ünvan göstərmədən, «sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər» iddiasına heç özü də inanmaz. Nəzərə alaq ki, bu çıxışı o, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanda kadr probleminin olması ilə bağlı açıqlamasından cəmi 3 gün sonra edib. Q.Salahzədənin «deyirlər»inin ünvanının mətbuat orqanlarının ötən gün ərzində məhz Administrasiya rəhbərinə işarə olduğunu yazmasında qəbahət yoxdur. Akademik R.Mehdiyev mütəmadi çıxışlarında, məqalələrində Azərbaycanın köklü problemləri, sosial-iqtisadi, siyasi idarəçilik, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı konseptual-elmi mülahizələrini açıqlayır. Bunlar sadəcə mülahizə deyil, Azərbaycan reallıqlarına elmi cəhətdən güzgü tutmaqla, problemlərdən çıxış yollarının göstərilməsi məqsədini daşıyan dövlət idarəçiliyi proqramının tərkib hissələridir. Bu tezislərə «deyirlər» kimi işarə verən Hacı Qalibin isə harada, nə zaman, hansı kadr potensialını formalaşdırması məlum deyil. İllərdir mətbuatda yayılan məlumatlarda Bilgəhdə Hacı Qalibin söz sahibi, yaxınlarının, qohumlarının da onun kölgəsində «səlahiyyətli» olduğu yazılır, deyilir. «Deyirlər» məntiqi ilə, bu yazılanları da qulaqardına vurmaq olardı, necə ki, kadr problemi olmasına dair Administrasiya rəhbərinin fikirlərinə Hacının münasibəti ortadadır.Görünür, dekabrın 23-ə təyin olunan bələdiyyə seçkilərində alternativ namizədlərə qarşı yetərli kadrının olmadığını göz altına almasındandır ki, artıq indidən «bələdiyyələrin seçildiyini» deyir. Onun bələdiyyələrin icra hakimiyyətinin nəzarətində olmasına dair fikrini də nəzərə alsaq, belə çıxır ki, bələdiyyələri camaat yox, icra hakimiyyətləri «seçirlər».


İllərlə bələdiyyə rəhbəri, 2 dəfə deputat seçkisindən keçmiş adamın dövlətin siyasi sisteminin əsasını təşkil edən seçkilərə belə münasibəti nədən xəbər verir? Dövlətçiliyə, qanunçuluğa xidmət beləmi olur? «Kadrlar var» deyən adamın özü dövlətə belə xidmət edirsə, onun kadrları nə olacaqlar?

Şeyxi müdafiə, yoxsa biabır etdi?

Akademik Ramiz Mehdiyev «kadr qıtlığından» danışarkən, təbii ki, yüksək intellektli, müasir dünyagörüşlü, dövlət idarəçiliyinə layiq mütəxəsisləri nəzərdə tutur. Hacı Qalibin təsəvvüründə isə orta məktəbi bitirmiş adam hazır kadrdır. Təsadüfi deyil ki, bu ilin əvvəlində H.Qalib Sabunçunun icra başçısına irad tuturdu ki, başçı Bilgəh ərazi nümayəndəsini orta təhsilli olduğuna görə işdən çıxarıb. «Nə olsun ki, orta təhsillidir, 11 ildir işləyirdi» - deyə, Hacı başçının bəyənmədiyi kadrı müdafiə də etmişdi. Elə buradan sual yaranır ki, ay Hacı, sahibi olduğun kənddə bu 11 ildə bir nəfər ali təhsilli adam yoxdurmu icra nümayəndəsi işləsin? Ərazi nümayəndəsini dəyişməyə kadrın yoxdursa, Administrasiya idarəçiliyinə iddia etməyin adı nədir?

Əslində bəlkə də Hacı Qalibi bu cür çıxışlarda qınamaq da olmaz. Hərənin öz potensialı, təfəkkürü var... Bəlkə də ona «bələd» olduqlarından, deputatın bu kimi açıqlamaları çox vaxt Şeyxülislam Allahşükür Paşazadənin mövqeyi kimi də yozulur. Yəni, Administrasiya rəhbərinə qarşı «cürəti» Şeyxdən aldığı deyilir. Amma burda bir məqamı qeyd edək ki, Hacı Qalib bu cür “möhtəşəm” çıxışlarından birində, guya, Şeyxə yaxşılıq etmək əvəzinə onu biabır etmişdi. Sitat: “Şeyx 1994-cü ildə ev tikməyə başlayanda məndən 260 min dollar borc aldı. Özü də hissə-hissə, uzun müddət pulu qaytara bilmədi. Hökumət evinin arxasında onun 7 otaqlı evi var. 120 min manata həmin evi mənə təklif etdi ki, borcdan çıxım. Mən təklifi qəbul etmədim. Dedim ki, nə vaxt pulun olar, qaytararsan. Şeyx mənə deyib ki, bir nəfər yaxın adamından 20 min manat borc pul alıb. Həmin adam pulu verəndə şeyxə deyib ki, 20 min manatı qaytarmaq üçün sənə bir ay vaxt verirəm. Mən şeyxin yaxın adamlarından borc pul istəməsinin şahidiyəm...” Göründüyü kimi, burada Hacı Qalib Şeyxi aciz, kasıb, onun pulu ilə özünə ev tikdirən, möhtac birisi kimi təqdim edir. Adamı belə müdafiə edirlərmi? Guya, həmin vaxt qudasına qarşı biznes ittihamlarına cavab verərək Şeyxə yaxşılıq etmişdi. Bu, əslində müdafiə yox, el dilində desək, adamın heysiyyatına toxunmaq, onu biabır eləməkdir.

Hacının dürri-inciləri çoxdur...

Başqa bir açıqlamasında isə 28 nəfər bağ sahiblərinin ittihamlarına cavab olaraq demişdi ki, 5,3 ha (530 sot) torpaq sahəsi nənəmə məxsusdur. Nənəmə e… Adama deyərlər ki, sovet dövründə kimin adına 5 hektar həyətyanı torpaq sahəsi verilirdi? 2013-cü ildə mərhum nənənin adına mülkiyyət sənədləri düzəltmək də orta təhsilli KADRların məsləhətiymiş, yəqin…

“Mənim ailəm varlı olub. Biz Bakının ən varlı ailələrindən olmuşuq. Yadıma gəlir ana babam qızıl onluqları 120 rubla satırdı. Babamın o qədər onluğu olub ki, hətta satırdı da. Belə bir adamın qızının 7 mərtəbəli villasının olması təbiidir. Əgər həmin binaya qaz verilsəydi, mən anamın 5 min manat qaz pulu borcunun yığılıb qalmasına inkan verməzdim”. Bu açıqlaması ilə də Hacı Qalib Bilgəhdəki 7 mərtəbəli villanın özünə deyil, anasına məxsus olduğunu sübut etməyə çalışmışdı… Hacının bu cür dürri-inciləri çoxdur, amma hamısını bir yazıda sadalamaq mümkün deyil. Nənənin, ananın və s. qohum-əqrabanın adına sənədləşdirilən mülklərin, torpaq sahələrinin də siyahısı bir yazıya sığmaz…

Hacı Qalib kimi qohumu olana...

Görünür, bu cür sənədləşmə işlərini həll edən kadrlarının bolluğundandır ki, akademik Ramiz Mehdiyevin çıxışından səhv tutmağa cürət edir. Nəticədə hər kəs düünür ki, bu, bütün Qafqazın Şeyxinin Administrasiya rəhbərinə qarşı hücumudur. Yazıq Şeyx qudasının danışığına necə nəzarət eləsin? Sonra Hacı Qalib çıxıb deyəcək ki, filan vaxtı Şeyx filan qədər pul alıb məndən, qaytarmağa imkanı olmayıb…

Ümumiyyətlə, Hacı Qalibin belə açıqlamalarına diqqət edəndə, istər-istəməz ağıla belə bir fikir gəlir: Hacı Qalib kimi qohumu olana düşmən lazım deyil, çünki onun açıqlamaları həmişə QMİ sədrini çoxsaylı zərbələr altında qoyub. Elə onun son “bələdiyyə və kadr” açıqlamasını da mətbuat dərhal Şeyxin Prezident Administrasiyasına mesajı kimi təqdim etdi... İndi Şeyx də gərək əks-zərbəni gözləsin…

V.KAZIMOV/Analitik
Oxunub: 963
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10