backend

QAT prezidentlərin Paris görüşünün nəticələri ilə bağlı bəyanat yayıb

QAT prezidentlərin Paris görüşünün nəticələri ilə bağlı bəyanat yayıb




















Qarabağ Azadlıq Təşkilatı prezidentlərin Paris görüşünün nəticələri ilə bağlı bəyanat yayıb. Bəyanatda göstərilir: Qarabağ Azadlıq Təşkilatı prezidentlərin Paris görüşünü Azərbaycan hakimiyyətinin ciddi diplomatik uğursuzluğu kimi dəyərləndirir

Hakimiyyət 2 il əvvəl danışıqların davam etdirilməsi üçün şərt irəli sürmüşdü. Bu şərt Ermənistanın işğalçı qüvvələrinin bütün zəbt olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasından ibarət idi. Hakimiyyət yalnız bu şərt yerinə yetirildikdən sonra danışıqlara hazır olduğunu, danışıq xatirinə danışıqlara, görüş xatirinə görüşlərə getməyəcəyini bildirmişdi. Bu mövqe beynəlxalq təşkilatların sənədlərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin tələblərinə tamamilə uyğun idi və tam məntiqli bir mövqe idi.

Azərbaycanın bu mövqeyi Ermənistanı və onun havadarlarını narazı edirdi. Ona görə də bu vəziyyəti dəyişməyə çalışırdılar. Bu istiqamətdə ilk addımı Rusiya prezidenti atdı, prezidentlərin Soçi görüşünü təşkil etdi, bu xətt Uelsdə növbəti görüşlə davam etdirildi və Paris görüşü ilə yekunlaşdırıldı. Azərbaycan düzgün mövqeyindən geri çəkildi, yenidən mənasız və nəticəsiz danışıqlara start verildi. Soçi və Uels görüşlərində olduğu kimi, Parisdə də heç bir konkret nəticə əldə olunmadı, Fransa prezidentinin “xoş arzularından” başqa hansısa nəticəni qeyd etmək mümkün deyil.

Yaranmış vəziyyətdən udan isə Ermənistan oldu. Çünki bu mənasız danışıqlar status-kvonun saxlanmasına, torpaqlarımızın işğal altında qalmasına xidmət edir. Ermənistan bu vəziyyətin uzun müddət davam etməsində maraqlıdır.

Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti prezidentlərin son üç görüşünün heç bir nəticə vermədiyini, Ermənistanın işğalçı mövqeyindən geri çəkilmək istəmədiyini, əsassız iddialarında təkid etdiyini, hətta azərbaycanlı girovlar üzərində “məhkəmə prosesi” təşkil etməkdən də çəkinmədiyini əsas gətirərək danışıqlardan imtina etməli, Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş torpaqlarımızdan çıxarılması şərtini yenidən gündəmə gətirməlidir. Azərbaycan hakimiyyəti torpaqlarımızın hərbi yolla işğaldan azad edilməsi yolunu seçməli, strategiya və taktikasını bu istiqamətdə qurmalıdır. Torpaqlarımızın azad edilməsinin başqa yolu yoxdur.

Azərbaycan hakimiyyəti bunu bacarmalıdır, bacarmırsa, iqtidardan getməlidir. Bizə Qarabağsız çiçəklənən Azərbaycan lazım deyil. Azərbaycanın əldə etdiyi uğurların Qarabağsız heç bir əhəmiyyəti yoxdur. Heç bir beynəlxalq forum, dünya və ya Avropa çempionatı, vacib layihə bizi Qarabağ borcundan, torpaqlarımızın azadlığı işindən ayırmamalıdır. Hər şeydən öndə Qarabağdır! Qarabağsız Azərbaycan olmayacaqdır! Ya bütün Azərbaycan xaraba qalacaq, ya da Qarabağla birlikdə xoşbəxt olacaq! Ya hamımız öləcəyik, ya da Qarabağla birlikdə xoşbəxt yaşayacağıq!
Ya Qarabağ , ya ölüm!