backend

İqtidar narazılıq yaradan icra başçılarını dəyişəcək - GƏLİŞMƏ

İqtidar narazılıq yaradan icra başçılarını dəyişəcək - GƏLİŞMƏ














Apreldə keçirilən prezident seçkilərindən sonra hökumət kabinetinin tərkibində xeyli yenilənmələr oldu: 3 nazirliyin, 3 dövlət komitəsinin rəhbəri dəyişildi, yeni baş nazir təyin olundu. Yeni gələn nazir və komitə sədrləri öz növbələrində rəhbərlik etdikləri qurumlarda kadr islahatları apardılar. Bu dəyişikliklərdən bir qədər sonra yerli icra hakimiyyəti strukturlarında da kadr islahatlarına start verildi. Bir neçə rayonun icra hakimiyyəti başçısı yenisi ilə əvəz edildi.

Əksər müşahidəçilərin fikrincə, yerli icra strukturlarında kadr islahatları dayanmamalı, daha da genişləndirilməlidir. Məsələ burasındadır ki, yerli icra hakimiyyətləri əhali ilə siyasi hakimiyyət arasında əsas bağlantı rolunu oynayırlar. Onlar yalnız siyasi iqtidarın yerlərdəki nümayəndəsi deyil, həm də onunla əhali arasında vasitəçi, əsas körpüdür. Təsadüfi deyil ki, onların fəaliyyətindəki qüsurlar, kobud davranışları əhalidə bütövlükdə hakimiyyətə qarşı narazılığın yaranmasına səbəb olur.

Azərbaycanda geniş yayılmış mənfi tendensiyalardan biri yerli icra hakimiyyəti başçılarının özlərini “kiçik padşah” kimi aparmalarıdır. Bir çox hallarda bu davranış yerli əhalinin maraqlarının kobud şəkildə tapdanması, insanların təzyiq və təqiblərə məruz qoyulmasına qədər gedib çıxır. Eyni zamanda yerli icra strukturlarının fəaliyyəti əksər hallarda regionlarda sahibkarlığın inkişafına ciddi əngəl yaradır, biznesin fəaliyyətini tormozlayan amilə çevrilir. Bütün bunlardan çıxış edən əksər ekspertlər yerli icra hakimiyyətlərində kəskin kadr islahatlarının aparılmasını zəruri hesab edirlər.

Əldə etdiyimiz məlumata görə, hakimiyyətin yüksək dairələrində bu zərurətin nəzərə alınaraq, gənc və müasir düşüncəli kadrlardan ibarət bankın formalaşdırılmasına başlanıb. Məqsəd yaxın bir neçə ay ərzində ölkənin bütün rayonlarının icra strukturlarında genişmiqyaslı kadr dəyişikliklərinin həyata keçirilməsidir. Məlumata görə, onlarla gənc kadra xüsusi təlimlər təşkil olunur, onlara yeni idarəetmə prinsipləri aşılanır. Sentyabrdan etibarən yerli icra hakimiyyəti başçılarının böyük əksəriyyətinin həmin kadrlarla əvəz olunması nəzərdə tutulur.

Verilən məlumata görə, yenilənmə yalnız icra başçıları səviyyəsi ilə məhdudlaşmayıb, icra strukturlarının əksər pillələrini əhatə edəcək. Hakimiyyət bununla xalq arasında yerli icra başçılarının fəaliyyəti ilə bağlı yaranmış narazılıqları aradan qaldırmaq, eyni zamanda regionlarda sahibkarlığın inkişafına nail olmaq niyyətindədir.
“Yeni Müsavat”