backend

"Lerik rayon icra hakimiyyətindən mənə deyirlər ki, biz sənə ev tikməliyik?" - GİLEY

"Lerik rayon icra hakimiyyətindən mənə deyirlər ki, biz sənə ev tikməliyik?" - GİLEY














Toya gedən ailənin evi qarət edilərək yandırılıb.

Bu barədə BiG.AZ-a yandırılan evin sahibəsi Zemfira Kərimova məlumat verib. O bildirib ki, iyulun 14-də Masallı rayonuna toya gedərkən evinin yandığına dair xəbər alıb:

“Axşam saat 23:00 radələrində ailəlicə toydan çıxmışıq. Biz Lənkərana çatanda qonşular bizə dedi ki, sizin eviniz yanır. Lerikə çatanda bildirdilər ki, gəlməyinizə ehtiyac yoxdur, eviniz külə dönüb. Mən evə çatanda evdən əsər-əlamət yox idi. Mən evdən heç nə çıxara bilməmişəm. Birinci həyətə daxil olan qonşu görüb ki, pəncərə açıq olub. Oğrular pəncərədən evə daxil olub. Evi qarət etdikdən sonra da iz itirmək üçün evi yandırıblar. 5-6 gündür ki, 6 nəfərlə küçələrdə qalırıq. Bizə kömək edən yoxdur. İcra hakimiyyətindən, bələdiyyədən heç kim gəlib soruşmur ki, sən harda qalırsan” .

Zemfira Kərimova vurğulayıb ki, Lerik Rayon İcra Hakimiyyətinə də müraciət edib:

“Mənə deyirlər ki, sənə ev tikməliyik? Mən də bildirdim ki, sən səlahiyyətli şəxssən. Maraqlanmalıydın ki, biz nə vəziyyətdəyik. Bizə sadəcə boş çadır göndəriblər. İçərisində heç bir şey yoxdur. İki gündür ki, rayona intensiv yağış yağır. Biz körpə uşaqla hara gedək? Hələ şokdan ayılmamışam. Mən ekspertiza rəyinin nəticəsini gözləyirəm. Ev meşə təsərrüfatının blankında idi. Burada kirayə qalırdım. Hər ilin sonuna kimi bank hesabına ödəniş edirdim. Evimdən 8000 manat, 800 dollar və qızıl-zinət əşyaları qarət edilib. Təxmini 30 min manatdan yuxarı ziyan dəyib. Bununla bağlı polis bölməsinə müraciət etmişik. Müstəntiq gəlib qonşulardan izahat alıb. Deyirlər ki, ekpertizanın nəticələrini gözləyirik. İcra hakimiyyətindən də bizimlə maraqlanan yoxdur”.

Lerik Rayon İcra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Ağaxan bildirib ki, onun evi özünün səhlənkarlığı ucbatından yanıb:

“Küçədə niyə qalırlar? Yaxın qohumları var. Hələlik onların evlərində yaşasınlar. Həm də onun atasının evi də boşdur. Bu yanğın təbii fəlakət ucbatından baş verməyib. Keçən il də onun evi səhlənkarlığı ucbatından yanmışdı. Biz xəbərdarlıq etmişdik ki, evini sığorta elə. 30 manat sığortaya pul ödəsəydi bu gün dövlət ona 15 min manat pul verərdi. Bu pula evini rahatçılıqla bərpa edərdi. O, bunu etməyib və evi yenidən yanıb. Biz Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. O ailə çadırla təmin olunub. Rayon icra hakimiyyətinin balansında mənzil yoxdur ki, onu təmin edək".