backend

Saatlı təsilində rəzalət

Saatlı təsilində rəzalət













Siraqəddin Cabbarovun icra başçısı olduğu bu rayonda ancaq pula sitayiş olunur

Əyalətlərdə yerli məmurların özbaşınalığı artıq heç kim üçün sirr deyil. Rüşvət, korrupsiya, yalan və saxtakarlıq həmin bu məmurların demək olar ki, gündəlik iş prinsipinə çevrilib. Bu da təbii ki, haqlı olaraq vətəndaşların ciddi narazılığına səbəb olur. Elə redaksiyamıza müraciət edən Saatlı rayon Mollavazılı kənd sakini Əliyev Zaur Məhərrəm oğlu da üzləşdiyi haqsızlıqdan şikayətlənərək narahatçılığını dilə gətirib. Şikayətçi Zaur Məhərrəmov deyir ki, 1993-cü ildə hərbi xidmətə gedib. 1994-cü il Ağdam rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə ayaq nahiyyəsindən qəlpə yarası alıb və bunun nəticəsi olaraq görmə qabiliyyəti də zəifləyib. Hazırda 2-ci qrup əlildir. İş qabiliyyətini tamamiylə itirib. Iki azyaşlı uşağı olmaqla dörd nəfərdən ibarət ailə üzvü əlilliyə görə aldığı cəmi 180 manatın ümüdünə qalıb. Heç bir yerdən köməyi yoxdur. Rayonun səlahiyyət sahiblərinin hansının yanına gedibsə qapını üzünə çırpıblar.
Fərrarilər, qorxaqlar, vətən, dövlət təəssübü çəkməyən, hansı ki, pula stayiş edən kəslər bugün rayonda meydan sulayır. Həyat yoldaşının ali təhsilli müəllimə olduğunu bildirən Zaur Əliyev deyir: “Həyat yoldaşım Günel Əliyeva Təfəkkür universitetinin filologiya fakultəsini bitirib. Ailə qurmamışdan əvvəl rayonun Əhmədbəyli kənd məktəbində labarant və dərnək rəhbəri vəzifəsində işləyib. Halbuki ali təhsilli olduğu halda ailə həyatı qurduqdan sonra eşitdik ki, rayon təhsil şöbəsinin müdürü Şamil Nurəliyev özbaşına, xəbərdarlıq etmədən onu işdən çıxarıb. Yerinə isə təhsili olmayan savadsız bir şəxsi təyin edib. Əlbətdə ki, min manat pulun müqabilində. Həyat yoldaşımın işə bərpa olunması üçün çox çalışdım. Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun qəbuluna düşmək istədim. Dedilər ki, başçının rayon sakinlərinə qarşı allergiyası var. Ətrafındakılardan, idarə müdürlərindən və pullu iş adamlarından başqa heç kimi görmək istəmir.
S. Cabbarovun hümanitar məsələlər üzrə müavini Reyhan Ocaqova ilə görüşdük. Bircə kəlmə mənə cavabı o oldu ki, boş yer yoxdur. Doğrusu Reyhan xanımdan yaxşı heç nə gözləmirdim. Çünki onlara pulu olan savadsız, yaltaq, rəzil kadırlar lazımdır. Necə ki, rayon təhsilini qaranlığa bürüyən təhsil şöbəsinin müdürü Şamil Nurəliyev kimi. Məktəb direktorlarının hamısını demək olar ki, faizə otuzdurub. Müəllim kimi işləmək üçün bunun qiyməti min manatdır. Əlavə dərs saatı almaq isə 500 manatdır. Baxılmır ki, haranı qurtarıb. Pedaqoji təhsili, təcrübəsi var, ya yox. Mənimdəki pulum yoxdur. Məni ağrıdan odur ki, bugün məktəb tikintilərini təhsilin inkişafi kimi içtimayətə sırıyırlar. Əgər mənim həyat yoldaşım kimi ali təhsilli, savadlı, sözünü deyə bilən kadrlar özbaşınalığın həddi kimi qanunsuz olaraq işdən çıxarılırsa onda çölü bəzək, içi təzək olan məktəblər kimlərə lazımdır” deyə şikayətçi Zaur Əliyev bildirir.
Ümüd edirik ki, təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki bu kimi bəlaların aradan qaldırılması istiqamətində öz sözünü deyəcək.
İlham.