backend

Ceyhun Bayramovun kolleclərdəki rüşvət "fırtınasından" xəbəri yoxdur? - Əksi iddia olunur...

Ceyhun Bayramovun kolleclərdəki rüşvət "fırtınasından" xəbəri yoxdur? - Əksi iddia olunur...
















Son günlər PİA.az-a kolleclərdə qabiliyyət imtahanları ilə bağlı 10-yaxın şikayət ünvanlanıb. Həmin şikayətlərdə ayrı-ayrı kolleclərdə qabiliyyət imtahanları verən abituriyentlərdən rüşvət alındığı iddia olunur.

PİA.az-a ünvanlanan şikayət məktublarında iddia olunur ki, qabiliyyət imtahanlarını uğurla verə bilmək üçün abituriyentlərdən 2000-2500 manat arasında rüşvət tələb olunur. Qeyd edək ki, şikayətçilərdən ikisi övladlarının Bakı Humanitar Kollecinə qəbul olunması üçün tələb olunan rüşvəti verdiklərini iddia edirlər. Digər bir neçə şikayətçi isə tələb olunan rüşvəti verə bilmədiklərini və bu üzdən də övladlarının qabiliyyət imtahanlarından kəsildiyini iddia edirlər.

Apardığımız araşdırma zamanı isə bir neçə mənbədən PİA.az-ın əldə etdiyi məlumatlar Təhsil Nazirliyində kolleclərdə baş verənlərdən tam məlumatlı olduqlarını ortaya qoymaqdadır. Məlumatlara görə kolleclərdə qabiliyyət imtahanlarının verilməsi üçün rüşvət toplanması mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. Əldə etdiymiz məlumatlara əsasən deyə bilərik ki, kolleclərdə mərkəzləşdirilmiş şəkildə rüşvət toplanmasını Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev kurasiya edir. Təhsil Nazirliyinə yaxın olan mənbəmizin iddiasına görə isə, baş verənlərdən Təhsil naziri Ceyhun Bayramovun birbaşa xəbəri var: “Ceyhun Bayramov ötən il nazir müavini kimi bu işləri şəxsən özü kurasiya edirdi. Hazırda isə nazir bu kurasiyanı Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyevə həvalə edib”, deyə mənbəmiz bildirib.

Xatırladaq ki, qabiliyyət imtahanları DİM-in nəzarəti altında keçirilsə də, bu imtahanları müvafiq komissiya tərəfindən götürülür və bu komissiyalar Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilirlər ki, bu da DİM-dən kənarda abituriyentlərdən rüşvət ala bilmək üçün əlverişli imkan yaradır.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə telefon açsaq da, telefonumuza cavab verən olmadı. O üzdən də suallarımızı sorğu şəklində Nazirliyin göndərmək istədik. Lakin məlum oldu ki, Təhsil Nazirliyinin rəsmi saytında qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq üçün elektron poçt ünvanı yoxdur. Elektron müraciət üçün qurumun saytında bölmə olsa da, bu bölmədən ancaq 700 işarəlik mətn yollamaq mümkündür. Ümumiyyətlə isə bu bölmə də işləmir. Buna baxmayaraq Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.