backend

Bakının gözəllik salonlarında gəzən ölüm

Bakının gözəllik salonlarında gəzən ölüm













“Ərlərinə xəyanət edirlər, sonra da deyirlər, xəstəlik salondan keçib...”

Salon sahibləri iddianı qəbul etmir: “Ərlərinə xəyanət edirlər, sonra da deyirlər, xəstəlik salondan keçib...”


Gözəllik salonları Azərbaycandakı ən gəlirli biznes sahələrinin başında gəlir. İşsiz həyat yoldaşını darıxdırıcı həyatdan xilas etmək istəyən iş adamları, çalışdığı salondan intriqa ucbatından ayrılan saç ustası, müğənni, aktrisa... siyahı uzundur. Çoxları üçün bu, “kiçik, amma gəlirli toçka” sayılır. Baxmayaraq ki, məsuliyyəti obyektin və qazancın həcmindən qat-qat artıqdır.

Son illər bəzi gözəllik salonları xəstəlik mənbəyinə çevrilib. Natəmizlik, gigiyenik normalara riayət edilməməsi bir çox xəstəliklərin başlanğıcına çevrilib. Bu haqda bir qədər sonra...

Yazıya zərərçəkmişlərdən başlayıb, detalları üzə çıxardıq. “Neftçilər” metrostansiyası həndəvərində yerləşən “Şəlalə” gözəllik salonunun müdirəsi Şəhla Həmidova bildirdi ki, ixtisasca tibb bacısı olduğu üçün bütün təhlükələrdən xəbərdardır və təhlükəsizlik tədbiri görülür: “Başlayaq təmizlikdən. Bir dəfə istifadə edilən dəsmal dərhal paltaryuyan maşına atılır, onu qurudub başqa müştəri üçün ikinci dəfə istifadə etmirik. Aparatlarımız maksimum gigiyenikdir. Əsas diqqəti vermişik manikür, pedikürə. Bilirsiniz ki, əsas xəstəliklər burdakı problemlərdən yaranır. Bizim aparatlar mikrodalğalı sobada maksimum dərəcədə dezinfeksiya olunur. Təhlükədən söhbət gedə bilməz”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya şöbəsinin mübiri Ziyəddin Kazımov mediayaya açıqlamasında bildirib ki, Bakının gözəllik salonları və bərbərxanalarında mütəmadi olaraq monitorinqlər aparılır. Nəticədə bir sıra pozuntular üzə çıxır. "Məsələn, təcrübəli ustaların yanında gənc şagirdlərin olduğunu tez-tez görürük. Onların elementar tibbi baxışdan keçməsinə heç kim nəzarət etmir", - Kazımov bildirir. Onun sözlərinə görə, bu gün salonlardakı əsas problem gigiyena normalarına əməl olunmamasıdır. Bu, hələ də hepatit, QİÇS, müxtəlif dəri xəstəlikləri və pedikulez (başqa sözlə, bitlər) yoluxma hallarının yaşanmasına imkan verir. Bunun üçün daima xüsusi sterilizə olunmuş vasitələrdən istifadə edilməlidir. Əksər salonlarda dezinfeksiyanın aparılması üçün lazımi vasitələr olsa da, işçilər və gənc şagirdlər əksər hallarda onlardan istifadə qaydalarını belə bilmir. Bu da yalnız müştərilərin deyil, onların özlərinin də müxtəlif xəstəliklərə yoluxma riskini artırır.

Gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir. Amma bununla yanaşı, artıq gigiyena qanunlarını kobud şəkildə pozan bir neçə salon üzə çıxarılıb. Onlardan səkkizi qapadılıb. Belə salonların rəhbərlərinə qarşı sanksiyalar və cərimələr tətbiq olunur.

Təcrübə göstərir ki, təmizliyə riayət olunmaması bir müddət heç bir problem yaratmasa da, uzun perspektivdə ciddi ziyanla sonuclana bilər. Sanitar qaydaları pozan salonlara, ən azı, müştəri bir də getməyəcək.

Gözəllik salonlarında göstərilən əksər xidmətlər üçün ciddi tibbi biliklər lazımdır. Siyahıya diqqət: plazma liftinq (PRP), lazer epilyasiya, xalların yandırılması, ləkələrin ağardılması, piqment ləkələrinin aradan qaldırılması, varikoz genişlənmənin qarşısının alınması, qırışların aradan götürülməsi, mezoterapiya, pilinq, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası.

Sözügedən xidmətlər birbaşa qanla əlaqədardır. Bu prosedurlar zamanı bədəni yad maddələr də yeridilir. Amma onları həyata keçirənlər bir neçə aylıq kosmetoloq kursunun məzunlarıdır və ehtiyatsızlıq ucbatından insan sağlamlığına vura biləcəkləri ziyandan xəbərsizdilər.

Bu xəstəliklər qanla yoluxduğu üçün xəstə adamın qanı dəyən hər hansı alət xəstəlik mənbəyinə çevrilir. İnfeksiyanın bir insandan digərinə keçməsi üçün iynənin ucunda və ya manikür qayçısında qalmış cüzi qan damcısı kifayətdir. Əvvəlki müştəri xəstədirsə, bu halda həmin xəstəlik növbəti şəxsə də yoluxacaq. Qaş tatuajı, qalıcı makiyaj kimi proseduralar zamanı da insan xəstəliyə yoluxa bilər. Həmçinin süni kirpik qaynağı etdirərkən belə diqqətli olmaq lazımdır. Dəfələrlə başqa salonlardan şikayətlə gələn müştərilərimiz olub. Adi təmizlik qaydalarına riayət etmədikdə gözdə şişkinlik olur və ya gözə mikrob düşür. Çünki göz çox həssas orqandır.

Həkim Çinarə Əliyeva bildirir ki, plazma liftinq proseduru zamanı öncə damardan 100-200 qram qan alınır və qanın trombositlərlə zəngin plazma (PRP) hissəsi götürülərək müalicə olunacaq nahiyəyə vurulur: “Bu zaman həmin nahiyədəki hüceyrələr yenilənir. PRP saç tökülməsi zamanı, üzü gəncləşdirmək üçün, ayaq, çiyin, dizdəki kirəcləşmələr və s. zamanı istifadə olunan prosedurdur. Göründüyü kimi, bu zaman qan bədənin bir yerindən alınır və kənarda müxtəlif əməliyyatlar aparılaraq trombositlərlə zəngin plazma bədənin digər yerinə vurulur. Bu zaman proseduru düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan da əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir”.

Müsahibimiz dedi ki, gözəllik salonuna gedib, panarisiya xəstəliyinə yoluxanların hekayələri də az olmayıb. Gözəllik salonlarında xüsusən hepatitlərin yayılması genişdir: “Amma bunu heç kim sübuta yetirə bilmir. Çünki hepatitə yoluxma dərhal özünü göstərmir. Pasiyent buna hardan yoluxduğunu isə hər hansı vasitə ilə isbat edə bilmir. Qanla işləyən kosmetoloq hepatit əleyhinə məhluldan da istifadə etməlidir. Halbuki təcrübəsiz kosmetoloqların belə bir maddədən ümumən xəbərləri yoxdur”.

Sterilizasiya şərtlərinə də nəzər yetirək. Ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Müasir salonlarda isə adi qaynama vasitələrindən və üzərində “sterilizer” sözü yazılan alətdən istifadə edilir. Halbuki bunlar virus infeksiyalarını məhv etmək üçün yetərli deyil. Mütəxəssislərin fikrincə, ilk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır. Bu günədək dəfələrlə belə təkliflər səslənib ki, adı çəkilən xidmətləri göstərmək üçün peşəkar mütəxəssislərə və Səhiyyə Nazirliyindən alınan müvafiq sertifikatlara ehtiyac var.

Həkim-kosmetoloq Tahirə Mehdiyeva deyir ki, spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120-350 manatdır.

Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur: “Bu qurğulardan isə əksər gözəllik salonlarında olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra eləmək düzgün deyil. Xüsusilə qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə aləm bir-birinə dəyir, salonun hər yerində saç, dırnaq, tük tapmaq mümkündür. Nəinki qanla əlaqəli prosedurlar, hətta dəridə aparılan “təmizləmə” belə, gözəllik salonlarında edilməməlidir. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun. Buna görə də istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil. Ya da alətləri mikrodalğalı sobada 280 dərəcədə qoyub, deyirlər ki, mikroblar ölür”.

Mütəxəssisin fikrincə, bu cür əməliyatların həyata keçiriliməsində peşəkarlıq məsələsinə diqqət etmək lazımdır: “Bu işlə məşğul olanlar peşəkarlardan seçilməli və Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar”.

Kiçik bir arayış: Bərbər xidmətləri Azərbaycanda geniş tətbiq olunduğu üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu sahə ilə bağlı artıq standart qəbul edilib və qüvvəyə minib. Standartın tətbiq olunmasında məqsəd gözəllik salonlarındakı alətlərin yoxlanılması və sanitariya qaydalarına əməl edilməsidir. Gözəllik salonlarında alətlərin sterilizasiyası olduqca vacib amil olsa da, bəzən bu qaydalara əməl edilmir. Belə olan halda müxtəlif xəstəliklərin yaranması da qaçılmaz hala çevrilir.

Hepatit C xəstəliyinə gözəllik salonunda yoluxanlardan biri 51 yaşlı Gülər İsmayılovadır. Dediyinə görə, qızlarının israrı ilə qaş tatuajı etdirib: “Qaşlarımın tükü seyrəlmişdi, demək olar ki, tökülürdü. İki gün boyunca tatuaj üçün salona gedib gəldik. Qaşlarımı dərialtı rənglənmə ilə bərpa etdik. Bir neçə ay sonra halsızlaşdım, qan analizindən keçəndə dedilər ki, Hepatit C var qanında”.

Müsahibimiz dedi ki, indi müalicə üçün hər ay Türkiyəyə gedir. Onun sözlərinə görə, çox adam gözəllik salonundan bu cür xəstəliyin yayıla biləcəyinə inanmasa da, faktlar öz sözünü deyir.

Binəqədi rayonu ərazisindəki bir neçə gözəllik salonuna da baş çəkib. Məhəllə aralarında yerləşən, heç bir standarta cavab verməyən salonlarda təhlükəsizlik qaydalarına riayət olunmadığını görüb, bunun səbəbini soruşduq. “Nur” adlı salonun sahibəsi Mahizər xanımın arqumenti kifayət qədər “tutarlı” oldu: “Bizim salonda heç bir xəstəlik ola bilməz. İnanırsız, indi pis zəmanədir. Qadınlar ərlərinə xəyanət edir, ya da ərləri bunlara. Gedib pis-pis xəstəlik tuturlar. Sonra da atırlar salonun üstünə. Biz heç salonumuza pis yolun yolçusu olan qadınları qoymuruq. Hardan xəstəlik gələ bilər ki, bura?”