backend

QAZAX FILIALINDA MÜDHIŞ OLAYLAR BAŞ VERIR

QAZAX FILIALINDA MÜDHIŞ OLAYLAR BAŞ VERIR














Buna səbəb, hörmətli Afaq xanımın bir qədər vaxt keçdikdən sonra, filialı açıq “bazar”a çevirməsidir

Azərbaycan Müəllimlər İnstitutu zaman etibarilə təhsilimizin inkişafında mühüm rol oynayıb. Və fəaliyyət göstərdiyi illər ərzində yetişdirdiyi savadlı, peşəkar mütəxəssislərinin əməli fəaliyyəti ilə, ictimai həyatımızın bütün sahələrinə dəyərli töhfələrini də bəxş etmişdir. Bəs bu gün nələr baş verir ki, Azərbaycan Müəllimlər İnstitutu və onun bölgələrdə fəaliyyət göstərən filialları daha çox tənqid atəşinə tutulur?
Düzdür, indiki dövrümüzdə əksər ali təhsil ocaqlarının necə fəaliyyət göstərmələri haqda, kifayət qədər məlumatlara malikik. Bəlli olan həqiqət odur ki, saysız-hesabsız maxinasiyalara qol qoyan, Azərbaycan təhsilini şüurlu surətdə məhvə düçar edən bəzi ali təhsil ocaqları haqda, bu gün nədənsə lazımınca ölçü götürülmür. Daha çox təhsilimizi məhvə düçar edən ali təhsil ocaqlarından bəziləri, o cümlədən, Azərbaycan Müəllimlər İnistitutuna məxsus əksər filialların bağlanması, heç də aparılan mübarizənin lazımi effek vermədiyini ortaya qoyur.
Adicə bir faktı qeyd etmək kifayət edər ki, ümumi vəziyyət haqda hər kəs məlumatlı olsun. Məsələn, bir-iki il bundan əvvəl Azərbaycan Müəllimlər İnistitutunun Qazax filialında direktor dəyişdirildi. Təhsil ocağının rəhbərliyinə təyin olunan Afaq xanım Qasımova, ilk vaxtlar filialın həyət-bacasında, daxili intizam qaydalarında, ayrı-ayrı vəzifələrə kadr təyinatında və.s bir qədər dəyişikliklər etdi. Və bu kimi addımları atmaqla, əksəriyyətdə özünə qarşı inam hissini də formalaşdıra bildi. Hətta, əldə etduyimiz məlumatlara görə diplom saxtakarlığında və digər maxinasiyaların həyata keçirilməsində xüsusi ad-san qazanan sabiq direktor, cənab İsa Veysovun işinə qarışmamaq haqda üzərinə öhdəlik də götürür və onun işlərinə heç bir halda qarışmır.
Bəs bu gün nələr baş verir ki, əksəriyyət Afaq xanımı da ittiham etməkdən çəkinmirlər? Bu haqda filialda mühüm vəzifə daşıyan, hələlik də adının çəkilməsini istəməyən mənbə bildirir ki, indi tələbələr və valideyinlər Afaq xanımın əməllərini görüb İsa müəllimin atasına min rəhmət diləyirlər. Buna səbəb buraxlış imtahanları zamanı filialın açıq “bazaar” çevrilməsidir. Yəni, bu gün tələbənin dərsə gəlib-gəlməməsi, oxuyub-oxumaması çox da önəm daşımır. Önəm daşıyan bir məsələ var, o da hər bir imtahan üçün 40-60 manat arası pulun əldə olunmasıdır. Belə bir əməlləri ilə filialı açıq “bazar”a çevirən Afaq xanım, yəqin ki, yaxın vaxtlarda sələflərinin aqibətini yaşamalı olacaq. Bundan əlavə yerli mənbə onu da bildirir ki, filialda elə tələbələr var ki, ümumiyyətlə dərs üzü görmürlər. Bəzi tələbələr analıq məzuniyyətində olsalar da, onlar rəhbərliyin razılığı əsasında dərsə gələn tələbələrdən hesab olunurlar və dərs üzü-filan görmədən verdikləri “haqq”ın müqabilində buraxlış imtahanlarını “uğurla” başa vururlar.
Filialda kadr təyinatı da, daha çox diqqət mərkəzində duran məsələlərdəndir. Məsələn, mənbə onu da bildirir ki, Afaq xanım özünə yaxın bildiyi şəxsləri gəlir gətirən sahələrə təyin etdiyindən, bu gün o, bir kimsədən qorxmadan-çəkinmədən rahatlıqla “haqq-hesab” toplaya bilir. Maraqlı haldır ki, o, təyinatının ilk vaxtlarında bəzi vəzifə sahiblərini daşıdıqları vəzifələrdən uzaqlaşdırdı ki, guya onlar rüşvətxordurlar. İndi sual oluna bilər ki, hörmətli Afaq xanım bəs indi nələr baş verdi ki, valideyin və tələbələr sizin əməllərinizi görüb İsa müəllimin atasına min rəhmət diləyirlər?
Görəsən aparılan təmizləmə əməliyyatları yeni direktora görk deyilmi ki, bu gün Qazax filialının adını dillər əzbəri edib? Bax bu haqda bir qədər düşünmək, bir qədər götür-qoy etmək lazımdır ki, əksər mətləblərdən xəbərdar olmaq mümkün olsun.
Hörmətli oxucular, bu yöndə araşdırmamız davam edir. Yerli mənbənin verdiyi məlumatları, yaxın vaxtlarda diqqətinizə çatdıracağıq.
Kamal