backend

Bakıda qadınlar qaz üstündə əlbəyaxa oldular – VİDEO

Bakıda qadınlar qaz üstündə əlbəyaxa oldular – VİDEO






















“Vəsilə xanım qonşulara 600 manata yanacaq satır”.

Ramana qəsəbəsindəki məhəllələrdən birində qazsızlıq yaşanır. Elə bu qazsızlıq da mübahisələrlə müşayiət olunur. Əslində qazla təmin olunan bir mənzil var. Sadəcə digər mənzillərin sahibləri deyir ki, bəs niyə o qazdan bizdə yoxdur.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci mədəndə yaşayan sakinlər mavi yanacaqdan istifadə edə bilmirlər.

Sakinlər deyir ki, burda yerləşən iki mərtəbəli 29 mənzilli bina da daxil olmaqla ətrafdakı fərdi yaşayış evləri də qazdan məhrumdur. Onların sözlərinə görə, əvvəllər burada qaz xətti olub. Sadəcə indi həmin borular kəsilib. Sakinlər məcbur qalıb qış fəslində odun yarır və ya yanacaqla işləyən sobalardan istifadə edirlər.

Burda tək bir fərdi yaşayış evinin qazla təmini sakinlərin etirazına səbəb olub. Deyirlər ki, həmin ev Vəsilə xanıma məxsusdur. Lazım gəldikdə qonşulara mavi yanacağın satılmasını da təklif edib. Özü də hər mənzil üçün qiymət 600 manat təyin edilib.

Şikayətçi Aliyə Kərimova qeyd edir ki, məsələ ilə bağlı hara şikayət edirlərsə, cavab almırlar.

Bunu eşidər-eşitməz Vəsilə xanım sözügedən əraziyə özü də gəlib çıxdı. Və qonşular arasında mübahisə başlandı.

Vəsilə xanım dedi ki, o, heç kimə mavi yanacaq satmır. O, müvafiq qaydada Qaz İstismar Sahəsinə müraciət edib və podratçı şirkətə pul ödəyib ki, onun mənzilini qazla təmin etsinlər. Bu da gerçəkləşib.

Ümumiyyətlə, sözügedən ərazi qazla təmin ediləcəkmi sualına cavabı “Azəriqaz” İstehsalat Birliyindən (İB) almağa çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev dedi ki, dövlət planına uyğun olaraq yeni salınmış massivlər qazlaşdırılmır. Yalnız həmin sakinlər rayon qaz istismar sahəsinə müraciət edib podratçı şirkətlə müqavilə bağlamalıdırlar. Bundan sonra onların mənzilləri mavi yanacaqla təmin edilə bilər.

İbrahim Kərbəlayev onu da bildirdi ki, vaxtilə ərazidəki iki mərtəbəli bina qazla təmin edilib. Sadəcə bina qəzalı vəziyyətdə olduğundan qaz boruları sökdürülüb. Bir sözlə qurum rəsmisinə inansaq, indi könlü qaz istəyən qaydalara uyğun sadəcə rayon qaz istismar sahəsinə müraciət etsin. Bundan sonra qaz röyaları gerçək olacaq.