backend

Elmar Vəliyev rektora barmaq silkələdi: qarşıdurma pik həddə

Elmar Vəliyev rektora barmaq silkələdi: qarşıdurma pik həddə
















İndi Gəncə Dövlət Universitetində başqa “fırtınalar” əsməkdədir

“Gəncənin icra başçısı Elmar Vəliyevlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov arasında ziddiyyətlər yaranıb. Ziddiyyətlərə səbəb Gəncə Dövlət Universitetində baş verən özbaşınalığa və anarxiyaya qarşı Elmar Vəliyevin sərt münasibət göstərməsi olub”.
Həmin məlumatda daha sonra iddia olunur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev GDU-nin rektoru Yüsif Yüsifovu yanına dəvət edərək anarxiyaya və özbaşınalığa son qoyması üçün tapşırıq verib. İcra başçısı qəzəbli halda rektora “son xəbərdarlığımı edirəm” deməyi belə unutmayıb. Səhhəti ilə bağlı Türkiyədən yenicə qayıdan rektor çıxılmaz durumdadır. Elə bu səbəbdən rektor Yüsif Yüsifov təhsil nazirliyinə məlumat verərək, özünü müdafiə etmək üçün yardım diləyib.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev təhsil naziri Mikayıl Cabbarovla soyuq münasibətdədir. Rektor isə nazirə yaxın şəxslərdən hesab olunur, odur ki, bu amili Yüsif müəllim üçün heç də arzuolunmaz hal kimi dəyərləndirmək olar.
Daxil olan məlumatda vurğulanır ki, Elmar Vəliyevin universitetə öz kadrını təyin etmək niyyətindən xəbər tutan Yusif Yusifov ona qarşı mediada kampaniyaya başlayıb.Son günlər mətbuatda Elmar Vəliyev barəsində gedən tənqidi materiallar məhz rektorun “əməyinin məhsuludur”. Məlumatlara görə, Elmar Vəliyev bu niyyətindən əl çəkməsə Yusif Yusifov onun barəsində böhtan xarakterli ilginc faktları mediaya ötürmək niyyətindədir. Rektor icra başçısı ilə bağlı Prezident Administrasiyasına da şikayət məktubları təşkil etdirir.
Bəzi iddialara görə, Elmar Vəliyev də artıq ona qarşı kampaniyanın arxasında Yusif Yusifovun dayanmasından şübhələnir. İcra başçısı yaxın ətrafına bununla bağlı ciddi araşdırmalar aparmaq barədə göstəriş verib. Əgər bu şubhələr özünü doğrultsa o zaman Yusif Yusifovla Elmar Vəliyev arasındakı ziddiyyətlər pik həddə çata bilər və bu Yusif Yusifov üçün yaxşı heç nə vəd etmir.