backend

Prezident Administrasiyasından Minsk qrupu həmsədrlərinə sərt – TƏNQİD

Prezident Administrasiyasından Minsk qrupu həmsədrlərinə sərt – TƏNQİD


















“Hətta əsgərlər imkan tapıb, onu videoya da çəkiblər”.

“22 il ərzində Azərbaycan Qərblə əməkdaşlıqda böyük uğurlar qazanıb. Biz bu əməkdaşlığı daha da dərinləşdirmək istəyirik. Bu prosesdə QHT-lərin iştirakı vacibdir”.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, ötən əsrin ikinci yarısında yaranan QHT-lər bu gün mühüm əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı yaradılan QHT-lər artıq beynəlxalq münasibətlərin çox mühüm aktyoruna çevrilib:

“Bu gün dünyada elə QHT var ki, geosiyasi aktyor kimi fəaliyyət göstərir və beynəlxalq siyasətə təsir göstərir. Son 22 ildə gedən proseslər çox səciyyəvidir. Varşava Müqaviləsi bağlanandan sonra dünya birqütblü dünyaya çevrildi. Nə baş verir? Təhlil aparsaq, dünyada bu gün yaranan gərginliyə görə kimlərin məsuliyyət daşıdığını görərik. Dünyada yaranan gərginlikdə QHT-lərin də məsuliyyəti var”.

N.Məmmədov postsovet məkanında Azərbaycanın böyük uğurlar qazanan ölkələr sırasında olduğunu vurğulayıb:

“Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə Qərblə mühüm əməkdaşlıq edib. Bu gün Əfqanıstana daşınan yüklərin 40 faizi Azərbaycan üzərindən həyata keçirilir. Biz həm siyasi, həm iqtisadi, həm mədəni sahədə Qərblə uğurla əməkdaşlıq edən ölkələrdənik”.

N.Məmmədov qeyd edib ki, dünyada hər kəs vəzifəsini vicdanla həyata keçirsəydi, belə gərgin vəziyyət yaranmazdı:

“Qərb ikiqütblü dünya dağılandan sonra bütün proseslərə geosiyasi yanaşma ortaya qoydu, maraqlar əsas götürüldü, nəticədə dünyada belə gərgin vəziyyət yarandı. Azərbaycana qarşı atılan addımlar barədə isə bir saat yox, günlərlə danışmaq olar. Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi. Xatırladım ki, bir ay əvvəl Rusiya Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirirdi. Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı? Hətta bu gün də Qərb mediasında baş verən hadisə təhrif olunmuş formada çatdırılır. Bütün bunları ona görə deyirəm ki, bura əməkdaşlıq üçün yığışmışıq.

Bu cür proseslər dünyada gərgin vəziyyəti yaradan əsas səbəblərdir. Niyə Azərbaycanın ərazisində separatçı qurum, yaxud Ermənistan təlim keçirməlidir? Biz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qərbdən ədalətli mövqe istədik. ATƏT-in Minsk Qrupunun həmsədrləri niyə uğurlu addım ata bilmir? Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri də beynəlxalq hüququ kənara qoyub. Onlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə də heç vaxt danışmırlar. Azərbaycanın Dağlıq Qarabağ ərazisi, ətrafdakı 7 rayon işğal olunub, yüz minlərlə insan əsas hüquqlarından məhrum olub. Niyə beynəlxalq QHT-lər bunu demir? Postsovet məkanında yaranan dövlətlərə baxın, o dövlətlərin hamısı Qərbə inteqrasiya olunmaq istəyirdi. Ancaq indi o dövlətlər deyir ki, Qərbdən isti münasibət görmürlər”.

N.Məmmədov daha sonra qeyd edib ki, Ermənistan son məqama qədər Avropa İttifaqı ilə “Assosiasiya sazişi” imzalamaq istədiyini bəyan etsə də, Ermənistan prezidenti son gündə başqa ittifaqa daxil olduqlarını açıqlayıb:

“Ukraynada Yanukoviç bir qədər vaxt istəyirdi, Ukraynada nələr baş verir? Dünyada ədalət olmasa, beynəlxalq hüquqdan danışmaq olmaz. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. ATƏT-in Minsk qrupunun fəaliyyəti belə davam edərsə, biz bəlkə öz iradəmizlə bunu etməyə çalışaq? Bu, bizim hüququmuzdur. Hərbi təlimlər Azərbaycana qarşı təxribat idi.

Ermənistanın hərbi helikopteri Ağdam rayonunda bir neçə dəfə əsgərlərimizin üstündən uçub, hətta əsgərlər imkan tapıb, onu videoya da çəkiblər”.

N.Məmmədov bu gün dünyada baş verən geosiyasi proseslərin mahiyyətini anlayan QHT-lər olduğunu da söyləyib.