backend

İŞ ADAMI OD PÜSKÜRDÜ: "Belə vəziyyət davam edərsə, ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcəyəm..." - VİDEOLAR

İŞ ADAMI OD PÜSKÜRDÜ: "Belə vəziyyət davam edərsə, ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcəyəm..." - VİDEOLAR

Redaksiyamıza müraciət edən ali təhsilli iqtisadçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qocamanov Ayaz İlyas oğlunun şikayətləndiyi vergi siyasətində baş verən misli görünməmiş qanunsuzluqlardır. İş adamı bildirir ki, rəhbərliyində təmsil olunduğu — «AZQLOBAL -2016″ MMC, «HELMES — AA» MMC. «M — X» MMC-lərin ölkəyə gətirdikləri müxtəlif ceşidli mallar gömrükçülər tərəfindən bir neçə gün əvvəl qanunsuz olaraq «Meyvəli» terminalında saxlanılıb. «FİOLET — FA» MMC, «GROSS — ST» MMC idxal biznesi üzrə fəaliyyət göstərir. Həmin şirkətlər dövlət rüsumnlarını ödəsələr də, malları gömrükçülərin qəzəbinə tuş gəlib. Səbəbini soruşduqda bildirilib ki, göstəriş Vergilər Nazirliyinin İdxal-İxrac İdarəsinin rəis müavini Rəşid Həsənovdan gəlib. Məsləhət görülüb ki, araşdırmaq üçün məhz Vergilər Nazirliyinə müraciət etsin. Nazirliyə baş vurduqda isə sahibkara deyiblər ki, «sənin kameral borcun var, ona görə də malların saxlanılıb». Olamayan borcdan ötrü işi ləngidilən sahibkar xatırladır ki, rəhbərlik etdiyi şirkətlərdən biri — «HELMES — AA» MMC az öncə eyni ədalətsizliklə üzləşdiyi üçün kameral vergini düzgün hesablamayan Vergilər Nazirliyinin Bakı Lokal Vergi İdarəsini Bakı İnzibati-İqtisad Məhkəməsinə vermiş və haqlı olduğu üçün çəkişməni udmuşdur: «Əlimizdə bu barədə məhkəmə qətnaməsi də var. Hazırda malları saxlanılan «AZQLOBAL — 2016″ MMC-nin fəaliyyəti məhkəmə müstəvisində araşdırılır və əminik ki, sonucda qalib gələcəyik. Mallarımız heç bir əsas olmadan, özbaşınalıqla, reketçilik yolu ilə saxlanılıb…»

İş adamı belə bir haqsızlıqla üzləşmələrinin əsas səbəbinin nə ola biləcəyi barədə sualımızı da cavablandırdı: «Şifahi olaraq tələb edirlər ki, dövriyyədən 6 faiz vergi ödəmə şərtlərinə boyun əyin. Halbuki, mövcud qanunlara, o cümlədən vergi qanunvericiliyinə görə, ticarətlə məşğul olan heç bir sahibkarın qarşısına belə tələb qoyula bilməz. Biz iş adamları öz fəaliyyətimizlə ölkədə məhsul bolluğunun, ucuzluğun yaranmasına, ödədiyimiz vergilərlə dövlətimizin büdcəsinin zənginləşməsinə xidmət edirik. Əvəzində isə bu cür özbaşınalıqlarla qarşılaşırıq».
İŞ ADAMI OD PÜSKÜRDÜ: "Belə vəziyyət davam edərsə, ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcəyəm..." - VİDEOLAR
İş adamı təxmin etdiyi başqa səbəbdən də danışdı: «Bəzilərinin qeyri-qanuni, yarım-leqal fəaliyyət göstərən, anbarı, kassası olmayan, amma çoxmilyonluq dövriyyəyə malik şirkətləri heç bir süni maneə ilə üzləşmir, malları saxlanılmır. Düşünürəm ki, haqsız rəqabət, kimlərinsə öz rəqiblərini bazardan çıxarmaq sifarişi də belə qeyri-rəsmi göstərişlərin verilməsinə səbəb ola bilər».

Qocamanov deyir ki, üzləşdikləri haqsızlıqla bağlı dövlət başçısına, vergilər nazirinə teleqramlar vuraraq gileyini bildirib: «Əslində kameral vergi tətbiq olunanda vergi borcu haqqında vergi ödəyicilərinin telefonunun mesaj qutusuna bildiriş gəlir və həmçinin xatırladılır ki, narazılığı varsa, məhkəməyə müraciət edə bilər. Lakin indiki halda heç bir mesaj-filan olmadan, qoluzorluluq, çapovulçuluq edərək mallarımızı əlimizdən alıblar. Sahibkar deyir ki, tək o deyil, idxal ticarəti ilə məşğul olan başqa iş adamları da incidilir: «Bakı Lokal Vergi İdarəsinə həmişə Habil adlı auditoru göndərirlər. Sahibkarların boynuna kefi istədiyi qədər, əndazəni aşan vergi borcu yükləyir. Əsaslandırmaq üçün heç cəhd də eləmir. Sadəcə yazır və məhz belə olmalıymış kimi işini bitmiş hesab edir. Mən və mənim kimi bir çox vicdanlı vergi ödəyiciləri əsassız tələblər, yuxarı ticarət əlavələri səbəbindən təngə gəlmişik. Əziyyətimiz özümüzə qalır. Haqqımızı-hüququmuzu bərpa etmək üçün vaxt və enerji itiririk. Bizi öz Vətənimizdə, öz dövlətimizdə işləməyə, qanuni əsaslarla fəaliyyət göstərməyə qoymurlar. Əlacımız bir ona qalıb ki, baş götürüb göstərişlərin qanun deyil, qanunların şah olduğu başqa ölkələrə üz tutaq. Şəxsən mən belə vəziyyət davam edərsə, ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcəyəm».

Ayaz Qocamanov bildirir ki, bir neçə gün bundan öncə xaricdən gətirdiyi malları gömrük-buraxlış məntəqəsindən keçirdikdən sonra, lazımi gömrük rüsumlarını ödəsə və terminalda mallara baxış keçirilsə belə, Vergilər Nazirliyi İdxal-ixrac idarəsi rəhbərliyi tərəfindən verilən növbəti tapşırıqlar əsasında, adı çəkilən sahibkarın mallarını gətirən nəqliyyat vasitəsinə, Bakı şəhəri, Dərnəgül şossesi, “Çingizxan” şadlıq sarayının arxa hissəsindəki saxlama məntəqəsində gömrük əməkdaşları “blomb” vurublar. Onlar belə bir qanuncuz addımlarına hər hansı səbəb əsas gətirmirlər, heç bir akt da tərtib etmirlər. Bu da ciddi qanun pozuntusunundan xəbər verir. Maraqlı hal odur ki, Ayaz Qocamanov gömrük əməkdaşlarının əməlləri ilə bağlı bəzi KİV nümayəndələrini məlumatlandırdıqdan sonra, onların özləri həmin nəqliyyat vasitəsinə vurduqları “blomb”u sındırmalı olublar. Bir daha qeyd edək ki, gömrük əməkdaşlarının belə hərəkətləri qanunvericiliyə ziddir, sadəcə özbaşınalıqdır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman “Sahibkarlara imkanlar yaradın” deyə hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir, amma Vergilər Nazirliyi, İdxal-ixrac idarəsinin rəis müavini Rəşid Həsənovun və onun əlaltıları ölkə rəhbərinin bu yöndə vermiş olduğu tapşırıqları saya salmırlar.

Qeyd edək ki, vergi ödəyicisi olan şikayətçi Ayaz Ayaz Qocamanovla birgə vergilər nazirliyində olduq və nazirlik rəsmilərindən yuxarıda qeyd olunan faktlara aydınlıq gətirilməsinə çalışsaq da bizimlə heç kim görüşmək istəmədi. Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin elektron adresinə ünvanladığımız məktub da cavabsız qaldı.

Azərbaycanda vergi siyasəti sahibkarlıq fəaliyyətini təşviq edir. Nümunəvi vergi ödəyicilərinin fəaliyyəti stimullaşdırılır. Bunu şəxsən Vergilər naziri cənab Mikayıl Cabbarov da çıxışlarında deyir. Ümid edirik ki, Ayaz Qocamanovun və onun kimi digər vicdanlı vergi ödəyicilərinin incidilməsinə son qoyulacaq.

ARAŞDIRMAMIZ DAVAM EDİR.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.