backend

“Gürcü arzusu“ demokratiyanı abort eləmədi: Saakaşvili qayıdır? - Təfsilat

“Gürcü arzusu“ demokratiyanı abort eləmədi: Saakaşvili qayıdır? - Təfsilat















Gürcüstan demokratiya bayramı yaşayır. Bu ölkə artıq elə bir siyasi mədəniyyətə sahiblənib ki, Şvernadzenin iqtidarı qan-qadasız təhvil verməsi burada ciddi rol oynayıb. İndi gürcü xalqı Avropa demokratiyasının bir parçasına çevrilməkdədir.

Cahan.info-nun Analitik Mərkəzi yazır ki, prezident seçkisinin ikinci tura qalması da demokratiyanın təntənəsidir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.

Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini, David Bakradze isə 10,97 faizini toplayıblar.

Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir. Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.

Digər namizədlərin səs faizi isə çox aşağıdır.Gürcüstandakı prezident seçkilərində 25 namizəd mübarizə aparsa da, əsas mübarizə yuxarıda adları çəkilən 3 nəfər arasında gedib.

Hakim “Gürcü arzusu” partiyası Fransa doğumlu keçmiş xarici işlər naziri, müstəqil namizəd Salome Zurabişvilini dəstəkləyir.

Eks-prezident Mixail Saakaşvilinin tərəfdarları olan müxalifətçilər isə digər namizəd Qriqol Vaşadzeni dəstəkləyir.

Yeri gəlmişkən, 3-cüc əsas namizəd David Bakradze artıq bəyan edib ki, II turda tərəfdarlarını Qriqol Vaşadzeni dəstəkləməyə çağırır.

Bəzi ekspertlər prosesin hazırda xaricdə yaşayan eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdığına doğru aparıldığını bildirirlər.

Qeyd edilir ki, ikinci turda Vaşadze seçiləcək, amnistiya elan ediləcək, Saakaşvili ölkəyə qayıdacaq, növbədənkənar parlament seçkisi keçiriləcək, Vahid Milli Hərəkat Partiyası qalib gələcək.

Ardınca Mixail Saakaşvili səlahiyyətləri genişləndirilmiş baş nazir olacaq, Gürcüstanda ikinci islahatlar dalğası başlayacaq.

Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partityasının üzvü, azərbaycanlı deputat Azər Süleymanov deyib ki, dünənki seçkilərin nəticələri Saakaşvilinin Gürcüstana qayıdışını sürətləndirəcək.

“Qriqol Vaşadzenin prezident seçilməsi Saakavilinin Gürcüstana qayıdışını sürətləndirəcək. Saakaşvili artıq Gürcüstana yaxınlaşır. Proseslər ona doğru gedir.

Ola bilsin ki, o, sabah da Gürcüstana gəlsin. Artıq Saakaşvili üçün təhlükə yoxdur. Nə “Gürcü arzusu” partiyası, nə də kriminal İvanaşvili onun Gürcüstana gəlişinə mane ola bilər”.

Azər Süleymanov bildirib ki, hər bir Gürcüstan vətəndaşı Saakaşvilinin gəlişini səbirsizliklə gözləyir.

“Hər bir azərbaycanlının evində Saakaşvili üçün bir otaq var. 100 minlərlə azərbaycanlı onu qorumağa hazırdır. Hər bir gürcü vətəndaşı tikəsini Saakaşvili ilə bölmək istəyir. Saakaşvili hər zaman Gürcüstana gəlmək arzusunda olub. Yeni Gürcüstan onun əli ilə qurulub”.

Deputatın sözlərinə görə, Gürcüstan hakimiyyəti bu müddət ərzində Saakaşvilinin gəlməsinə icazə verməyib.

“7 pencəyə görə ona cinayət işi açdılar. Amma Gürcüstan dövlətini dağıtdılar və ölkəni 1990-cı illərə qaytardılar. Gürcüstanı marixuana, narkotika dövlətinə çevirdilər. Belə ölkədə kimsə yaşamaz. İnsanlar sabaha olan ümidlərini itirmişdilər. Amma dünənki seçkilərdə polislər belə bizə qoşuldu.

MSK-nın göstəricilərinə görə, yarım səs faizi ilə biz geri qalmışıq. Ümumi səslərin 38 fazini Salome Zuravaşvili, 37,5 faizini isə Qriqol Vaşadze toplayıb.

O da nəyə görədir. Hansı ki, əlimiz çatmayan bölgələr var, orada “Gürcü arzusu” çirkin oyunlar həyata keçirərək, saxta yollarla, zorla Salomeyə səs alıblar”.

Cahan.info-nun Analitik Mərkəzi yazır ki, Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının üzvü Mahir Dərziyev Gürcüstandakı seçkilərin nəticələri ilə bağlı musavat.com-a açıqlama verib.

Mahir Dərziyev bildirib ki, özünün də üzvü olduğu “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sifarişi ilə aparılan eksitpolun nəticələrinə görə, birinci turda onların partiyasının üzvü olan Salome Zuraboşvilinin qələbə çalması gözlənilirdi.

“Gecə saat 3-ə işləmiş artıq seçkilərin demək olar ki, ilkin nəticələri elan olundu. Nəticələrə əsasən Salome xanım ümidləri doğrultdu.

Amma nəticələr ikinci turun zəruri olduğunu ortaya çıxardı. Onu da qeyd edim ki, səslər hələ tam sayılıb qurtarmayıb”- deyə Mahir Dərziyev bildirib.

M.Dərziyevin fikrincə, seçkilərin nəticələri gec bilinsə də, əsas mənzərə ya bu gün, ya da səhər axşama doğru artıq aydın olacaq.

Seçki prosesinin tam şəffaf keçdiyini qeyd edən Dərziyev bəzi müxalif qüvvələrin aranı qarışdırmaq istədiklərini qeyd edib: “Seçki prosesi o qədər şəffaf keçdi ki, müxalif qüvvələr seçkilərin saxtalaşdırılması ilə bağlı insanlara yalan məlumatlar verə bilmədilər.

Mən özüm 2012-ci ildə müxalif “Gürcü arzusu” partiyasının nümayəndəsi idim. O dövrdə bizə qarşı ciddi təhdidlər, zorakılıqlar olurdu, indi də xatırladıqca təəssüflənirəm. Amma hazırda müxalif partiyalar özləri də etiraf edirlər ki, nadir hallarda bu cür qanun pozuntuları ilə rastlaşırlar”.

Depuatat həmçinin Azərbaycandakı kütləvi informasiya vasitələrinin əlksəriyyətinin Gürcüstandakı soydaşlarımızın problemi ilə maraqlanmasını yüksək qiymətləndirsə də, bəzi media nümayəndələrinin təhrif olunmuş informasiya verməsindən narazılığını dilə gətirib.

“Bizim partiyanın dəstəklədiyi Salome xanımın haqqında bəzi media orqanlarında qərəzli yazılar gedir. Guya bu xanım türk düşmənidir, müxtəlif ksenafob çıxışlar edir. Ancaq belə deyil. Bir örnək verim.

Müxalifətdən bir nəfər qanun layihəsi hazırlmışdı ki, Gürcüstanda etnik gürcü anlayışı qanunvericiliyə daxil olunsun. Bu da ayrı-seçkilik deməkdir, yəni gürcülərə ayrı imtiyazlar, üstünlüklər verilsin.

İlk öncə Salome xanım bu qanun layihəsini rədd etdi ki, biz Avropaya inteqrasiya ediriksə, bu qanun bizə ancaq utanc gətirə bilər.

Mən insanları əmin etmək istəyirəm ki, o xanımla bir komitədə işləyirəm. Yəni mən onun fəaliyyətinin özüm şahidi olmuşam“, –Mahir Dərziyev bildirib.

Mahir Dərziyevin sözlərinə görə, Salome Zurabişvili prezident seçilsə, öz səlahiyyətləri daxilində Azərbaycan və Gürcüstan xalqlarının dostluq və əməkdaşlığını davam edirəcək.

Onu da qeyd edək ki, yeni konstitusiyaya əsasən Gürcüstan parlament respublikasına keçib. Buna görə bütün səlahiyyətlər baş nazirin ixtiyarına verilib.