backend

"Azərenerji" ASC-nin prezidenti 4 mərtəbəli evi hansı pulla əldə edib?

"Azərenerji" ASC-nin prezidenti 4 mərtəbəli evi hansı pulla əldə edib?























Son günlər Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" ASC-də kütləvi ixtisarların baş verdiyi, onlarla əməkdaşın işdən kənarlaşdırıldığına dair müxtəlif səpkili informasiyalar yayımlanmaqdadır

Qeyd olunur ki, işdən kənarlaşdırılan həmin şəxslərin əmək kitabçası 2 yerdə yazılırmış. Bundan bir neçə gün əvvəl xəbər tutan "Azərenerji" rəhbərliyi işçilərdən bu hala son qoymağı tələb edib. İşçilər isə "Bakıelektrikşəbəkə"də əməkhaqqının yüksək olduğunu nəzərə alıb "Azərenerji"ni tərk etməyə qərar veriblər. Onların əksəriyyətinin montyorlar və dispetçerlər olduğu bildirilir.
Təbii ki, həmin işçiləri başa düşmək olar. Çünki heç kim az məvacib olan yerdə işləmək istəməz. Əgər kimsə əməkhaqqı az olan yerdə çalışırsa, deməli, bu, müəyyən vaxtı və məcburiyyət qarşısındadır. Odur ki, montyorlar və dispetçerlər haqlı olaraq Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumdan uzaqlaşıblar.
Bu arada, onu da qeyd edək ki, Elbrus Məmmədov adlı iş adamına məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə Etibar Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji" ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. Bununla bağlı bizimyol.info-da yayımlanmış informasiyada qeyd olunur ki, E.Məmmədova məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə, mülkiyyət real qiymətindən aşağı - 800 min manat məbləğində göstərilib və səbəbini də "vergidən yayınma məqsədi"lə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş "Azərenerji" sədrinin qaynı Hikməti günahlandırıb.
Bilgilərdə həmçinin, Etibar Pirverdiyevin "Express" bankın dolayısıyla sahibi olduğu, E.Məmmədovun isə 4 mərtəbəli evini "Express" banka girov qoyub 700 min manat pul götürərək qonşu ölkələrdən dəmir borular gətirdiyi də bildirilir. Nəzərinizə çatdıraq ki, haqqında danışılan mülk Rəhim Məmmədov küçəsi "Milyonçular məhəlləsi" deyilən Teymur Əliyevə paralel küçədir. Buradakı evlərin qiyməti milyonlarla manat dəyərindədir. Bundan başqa, məhəllədə bir çox məmurlar, iş adamları yaşayır, səfirliklərin iqamətgahı yerləşir. "Azərenerji" Səhmdar Cəmiyyət olsa da, səhmləri 100 faiz dövlətə məxsusdur və Etibar Pirverdiyev dövlət məmurudur. Qanunvericiliyə görə, dövlət məmuru bizneslə məşğul ola bilməz. Nəzərə alsaq ki, ölkədə baş nazirin maaşı 2230 manat, I müavini 1960 manat, nazirin digər müavinləri 1870 manat, nazirlər 1750 manat, komitə sədrləri yenə 1750 manat, millət vəkilləri 1575 manat, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının maaşı 1750 manatdır, Etibar Pirverdiyevin əməkhaqqını gəlirlə işləyən bir təşkilata rəhbərlik etdiyi üçün ən yaxşı halda baş nazirin I müavininki qədər fərz etsək, "Azərenerji" rəhbəri yenə də bu evi halal pula ala bilməz...
Bu arada, əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, "Azərenerji" prezidenti bu vəzifəyə təyin olunandan sonra bütün savadlı kadrlar ASC-dən didərgin salınıb: "Təcrübəli, peşəkar adamlar buradan uzaqlaşdırıldı, başqa-başqa qurumlardan yeniləri yığıldı. Son zamanlar isə Etibar Pirverdiyevin başı indi dəbdə olan təmir işlərinə qarışıb. "Azərenerji"nin binası hər il təmir olunur, milyonlarla manat vəsait silinir. Maraqlıdır, görəsən, müvafiq qurumlar hara baxır, onlar nəyi və kimi gözləyirlər?.."
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

P.S Bilirsinizmi böyük kommersiya obyektlərinə "Texniki şərt" almaq üçün nə etmək lazımdır? Bu haqda növbəti sayımızda.