backend

Siyavuş Novruzov: “Sabah İŞİD gələndə biz onun qabağına bəstəkar yox, əsgər çıxaracağıq”

Siyavuş Novruzov: “Sabah İŞİD gələndə biz onun qabağına bəstəkar yox, əsgər çıxaracağıq”















Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi həmkarlarımın Azərbaycanı Ermənistanla müqayisə etməsini düzgün saymır. Milli Məclisin dünənki iclasında çıxış edən S.Novruzov deputat həmkarlarını Azərbaycanı Rusiya, Avropa ölkələri ilə müqayisə etməyi məsləhət görüb

O, kreditlərin əhali üçün yaratdığı problemlərlə bağlı danışarkən maraqlı fikir səsləndirib: “Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotik alveri ilə məşğul olmalıdır. İpoteka krediti ilə bağlı da problemlər mövcuddur”.

Müəllimlərin sosial durumu barədə danışan deputat isə bunları deyib: “Azərbaycanda müəllimlərin sayı Amerikadakından üç dəfə artıqdır. Buna görə islahat aparılmalıdır və müəllimlərin əmək haqları da bundan sonra artırılmalıdır. Deyirlər ki, guya təhsil sahəsində islahat aparılır. Gah deyirlər Bolonya sistemi, gah da kurikulum tətbiq olunur. Bunlar heç bir nəticə verməyib”.

YAP rəsmisi məktəblilərin hərbi hazırlıq səviyyəsinin aşağı olmasını da spiker Oqtay Əsədovun diqqətinə çatdırıb: “Oqtay müəllim, gedin məktəblərin qabağındakı şagirdlərə baxın. Onların çoxu hərbi hazırlıqdan məhrumdur və Azərbaycan ordusu üçün münasib deyil. Bizə oxumaq da lazımdır, Nobel mükafatı almaq da. Amma bunlar qədər bizə əsgər də lazımdır. Sabah İŞİD gələndə biz onun qabağına bəstəkar yox, əsgər çıxaracağıq. Ona görə də yaxşı olar ki, bu məsələ diqqətdə saxlanılsın. Siyasi partiyalara ayrılan vəsait də artırılmalıdır”.

Spiker Oqtay Əsədov isə deyib ki, siyasi partiyalara vəsaitin artırılması üçün partiyaların sayı çoxalmalıdır.