backend

Azərbaycanda 34 min kölə var?

Azərbaycanda 34 min kölə var?













Beynəlxalq hesabatda Gürcüstanın və Ermənistanın durumu ölkəmizdən yaxşı səviyyədə təqdim olunur


Avstraliyanın "The Walk Free Foundation" adlı qeyri-hökumət təşkilatının 2014-cü ilə dair apardığı araşdırmaya görə, dünyada 36 milyon kölə var. Onları müasir dildə insan alverinin qurbanları kimi də təqdim edirlər. Tədqiqat 167 ölkəni əhatə edib. Bu insanların böyük əksəriyyəti Asiya və Afrika qitələrinin payına düşür. Avstraliya mərkəzinin apardığı tədqiqatlardan məlum olur ki, 36 milyonun 29,8 milyonuna köləlik ailələrindən "miras" qalıb. Yəni ana və ya ataları insan alverinin qurbanlarıdırlar.
Müasir dövrdə köləlik dedikdə nələr nəzərdə tutulur? Təşkilat bu siyahıya fahişəliyi, məcburi əməyi, borc kimi müddətli qulluqçuluq və uşaq istismarını nəzərdə tutur. Tədqiqatda ilk pillədə fahişəlik, daha sonraki yerdə isə məcburi əmək gəlir.
Beynəlxalq Əmək Təşkilatının statistikasına istinadən göstərilir ki, cari ildə 122 adda məhsulun istehsalı üçün 58 ölkədə məcburi və uşaq əməyindən istifadə edilib. Cari ilin birinci yarısında məcburi əməkdən əldə olunan mənfəətin həcmi 150 milyard dollar təşkil edib. Həmin insanlar pambıq, narkotik, kakao bitkilərinin yığımında və müxtəlif geyim sexlərində, eyni zamanda tikintidə işlədilir. Burada kölələr əsasən, Hindistan, Özbəkistan və Konqodan gətirilir.
Təşkilat real rəqəmlərin burada göstərilən statistikadan yüksək olduğunu istisna etmir.
Beləliklə, kölələrin sayına görə ilk yerdə Hindistan gəlir. Təqribən 14,2 milyon nəfər (əhalinin 1,1 faizi) insan alverinin qurbanıdır. İkinci yerdə 3,2 milyon köləsi ilə Çin gəlir. Üçüncü yerdə Pakistan (2 milyon nəfər), daha sonra Özbəkistan (1,2 milyon) və Rusiya (1 milyon) gəlir.
Siyahıda ən sonuncu pillədə cəmi 100 nəfər kölə ilə İslandiya qərarlaşıb. Azərbaycana gəlincə, Avstraliya təşkilatı ölkəmizdə 33 min 800 kölə qeydə alıb, ölkə əhalisinin təqribən 0,35 faizini təşkil edir. Bununla ölkəmizin tutduğu yer 77-cidir. Burada Azərbaycan Ekvador, Moldova və Qvatemala ilə bərabər səviyyədədir.
Qonşularımız Ermənistan və Gürcüstanda vəziyyət Azərbaycandan daha yaxşıdır. Belə ki, Ermənistanda 10 min 700 nəfərin insan alverinin qurbanı olduğu göstərilir (116-cı yerdə qərarlaşıb). Gürcüstanda isə belə insanların sayı 16 min 100-dür (105-ci yer).
Sənədə əsasən, kölələrin böyük hissəsi Asiya qitəsinin payına düşür. Təşkilat insan alveri ilə bağlı ən böyük cinayətkar qruplaşmaların Şimalı Koreya dövlətində cəmləşdiyini, lakin bu ölkə haqqında heç bir dəqiq statistik məlumat əldə etmək mümkün olmadığını göstərir. Bu ölkədən digər dövlətlərə gedən kölələr arasında seksual zorakılığa məruz qalan qadın və uşaqlar üstünlük təşkil edir.
Mərkəz reytinqi hazırlayarkən, daha çox hüquq-mühafizə orqanları tərəfindən aşkar olunan faktlar, bununla mübarizədə hüquqi bazanın mövcud durumu təhlil edilib. Keçmiş SSRİ məkanı ölkələri arasında Özbəkistan və Qırğızıstanda qanunvericilik bazasının bərbad vəziyyətdə olduğu aşkarlanıb.