backend

Ağ pambıq içində prezidentə qırmızı yalanı danışan icra başçısı... - Gör bir... elm aləmi nə deyir?..

Ağ pambıq içində prezidentə qırmızı yalanı danışan icra başçısı... - Gör bir... elm aləmi nə deyir?..















“Bir evdən tarlaya beş adam çıxır və hərəsi 100 kiloqram pambıq yığırsa, axşam evə 100 manat pul aparır”.

Bu sözləri Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezidenti İlham Əliyevin Ağcəbədiyə səfəri zamanı deyib.

Pambıqçılarla görüş zaman daha bir diqqət çəkən məqam isə işçilərin gün ərzində hərəyə 110-120 kiloqram pambıq yığmalarını deməsi olub.

Pambıqçılıq və oradan əldə edilən qazancla bağlı iqtisadçı ekspert Natiq Cəfərli fikirlərini Yenicag.az-da bölüşüb.

Şahin Məmmədovun səsləndirdiyi fikirlərə münasibət bildirən iqtisadçı ekspert qeyd edib ki, icra başçısının məntiqilə ailədə uşaq, qoca – hər kəs pambıq yığmaqla məşğuldur.

Natiq Cəfərli bildirib ki, dünya paraktikasına görə, əllə yığılan pambıq qeyri-effektivdir:

“Pambıq əllə yığılırsa, 15-20% itkiyə gedir. Bu qeyri-effektiv bir yoldur və remtabelliyi aşağı salır. Ortalama bir insanın pambıq toplama bacarığı təqribən 25 kq-dır. Özbəkistanda, Çində, Misirdə, Hindistanda belə statistikalar mövcuddur. Pambığın əllə toplanması çox zaman aparan və ağır bir prosesdir. Hər halda ki, icra başçısı işçiləri 24 saat işlədəcəyini düşünmür. Ən azı iş vaxtı təqribən 8 saat davam edir. Pambığı əllə günün işıqlı vaxtında yığmaq olur. Hava şəraitini, nahar fasiləsini, müəyyən zamanlarda dincəlməyi nəzərə alsaq, ən yaxşı halda ortalama 20-25 kq pambıq yığmaq mümkündür. 100 kq pambıq yığan insan dayanmadan 24 saat işləməlidir ki, bu nəticəni göstərsin. Bu, başqa cür mümkün deyil. İcra başçısının səsləndirdiyi rəqəm şişirdilmiş rəqəmdir.

Ümumiyyətlə, pambıq yığımı mövsümi xarakter daşıyır. Pambığı ilin 12 ayı toplamaq mümkün deyil. Ayda insanın pambıq yığımından 600-700 manat pul qazanacağını təsəvvür etsək, bu 3 aya 2500 manat pul edir. Bu rəqəmi 12 aya bölsək, 200 manat edir. Pambıq yığan adam 3 ay ərzində qazandığı ilə 1 il ərzində dolanmalıdır”.

Pambıqçılığın effektinə gəldikdə isə iqtisadçı ekspert bunları deyib:

“Azərbaycanda ötən il rəsmi rəqəmlərə görə, 200 min tondan çox pambıq yığılıb. Xatırlatmaq istəyirəm ki, Azərbaycanda 2004-cü ildə 196 min ton bambıq yığılmış və həmin ilin dövlət büdcəsində bunun heç bir maliyyə təsiri yox idi. Özbəkistan misalını gətirmək olar. Özbəkistanda il ərzində 2,5 milyon ton pambıq yığılır. Bu, Azərbaycanda yığılan pambıqdan 10-12 dəfə çox edir. Bunun dövlət büdcəsində payı təqribən 1,2 milyard dollardır. Kifayət qədər kiçik rəqəmlərlə ölçülür. Azərbaycanın pambıqçılığına bəslədiyi ümid özünü doğrultmur. Dünən icra başçısının dediyi sözlərdə də bu sübut olundu ki, Azərbaycan pambıqçılığa sosial layihə kimi baxır. Az təminatlı ailələrin dolanması və iş yerlərinin açılması kimi baxır. Son statistikada 40 min insanın pambıqçılıq sahəsində iş yeri tapdığı qeyd olunub. 2016-17-ci illərdə təkcə pambıqçılıqdakı subsidiyalara 86 milyon manata yaxın vəsait ayrılıb. Xarici ticarət dövriyyəsinə baxdıqda, cəmi 26 milyon dollarlıq pambıq və pambıq lifi ixrac olunub. Yəni datasiyaların özünü belə qarşılaya biləcək qədər dünyaya pambıq sata bilməmişik”.

Sonda Natiq Cəfərli qeyd edib ki, pambıqçılıq iqtisadi yox, daha çox sosial layihədir.