backend

Füzulidə Mədəniyyət və Turizm Şöbəsi «icarə»yə götürülüb

Füzulidə Mədəniyyət və Turizm Şöbəsi «icarə»yə götürülüb

















İcra başçısı Alı Alıyev şöbənin keçirdiyi tenderlərdə öz şirkətini qalib edib

Respublikamızda fəaliyyət göstərən bir çox idarə və müəssisələrin niyə fəaliyyətdə olduğu və nə işlə məşğul olduqları olduqca maraqlı və müəmmalıdır. Məsələn, bu gün ölkə ərazisinin 20 faizi ermənilər tərəfindən işğal olunub. Nəticədə, 7 rayonumuz düşmən tapdağı altındadır. 1 milyondan artıq insan isə qaçqın həyatı yaşayır.

Təbii ki, qaçqın düşmüş insanlarımız təhsil almalı, onlara tibbi və sair xidmətlər göstərilməlidir. Həmçinin bu rayonun idarəetməsi təşkil olunmalıdır ki, mövcud problemləri aradan qaldırmaq mümkün olsun. Lakin fəaliyyət göstərən qurumların bəzilərinin mövcudiyyəti qeyri-müəyyəndir. Məsələn, Mədəniyyət və Turizm şöbələrinin hansı məssəbə qulluq etdikləri məlum deyil. Amma hər ilə bu şöbələrəin ixtiyarına milyonlarla manat verilir.

Maraqlıdır ki, bunca vəsait ayrılmasına rəğmən, həmin idarə və şöbələr işğal altında olan rayonların mədəniyyət və turizminin potensialını əks etdirən nə bir kataloq hazırlayıblar, nə də hər hansı bir internet resursu. Hər hansı bir qısametrajlı film də ortalıqda yoxdur. Onların işğal altındakı torpaqlarımızın fotolarını, videolarını və sairə imkanlarını cəmləşdirərək, dünyaya tanıtmaq üçün addımlar atmalıydılar. Ki, buna hələ də rast gəlmək mümkün deyil.

Bunun misalı olaraq, Füzuli rayon Mədəniyyət və Turizm Şöbəsini göstərmək olar. Müftəyeyeən şöbələrdən biri olan bu qurum təkcə bu ilin 6 ayı ərzində tender yolu ilə 60 min manat pul alıb (Bu hələ bizə məlum olandır-red.). Bu pulun 20 min manatı cari təmir işlərinin satın alınmasına sərf olunub. 8000 manatı dəftərxana və təsərrüfat mallarının satın alınmasına xərclənib ki, bunun özü də gülməlidir. Əvvəla heç bir işlə məşğul olmayan, nə bir mədəni tədbir keçirən, nə bir ansambla sahib olan, nə tamaşa hazırlaya biləcək gücə malik, nə kitabxanaları mövcud olan bir şöbə 8000 manatlıq dəftərxana ləvazimatını neyləyir? Axı, bu qədər kağız, qələm, katric, nə bilim daha nələr hansı məqsədlər, yazışmalar, planlaşmalar üçün sərf olunub? Rayonun böyük hissəsi işğal altındadır. Həmin kəndlərin nə kitabxanası var, nə muzeyi. Üstəlik, onların otura biləcəkləri məkan da mövcud deyil. Bu qədər vəsait nəyə xərclənib sualı da elə buradan meydana çıxır.

Bundan əlavə, Füzuli Mədəniyyət və Turizm Şöbəsinə avadanlıqların satın alınması üçün 10 min manat, sair xərclər maddəsi üzrə satınalmalara isə 19794,5 manat ayrılıb. Bu pullara hansı avadanlıqlar alınıb məlum deyil. Ümumiyyətlə, bu avadanlıqların alınmasına gərək var idimi?

Bütün bu pulların təyinatı üzrə xərclənmədiyini isbat edə bilən bir neçə məqam var. Birincisi, bütün tenderlərin yalnız bir şirkət tərəfindən udulmasıdır. «KENZO 2014» MMC-nin Füzulinin icra başçısı Alı Alıyevin olduğu deyilir. Bildirilir ki, icra başçısı bu şirkəti vasitəsi ilə rayona ayrılmış pulları tender vasitəsi ilə «silir». Belə şirkətlərin sayının çox olduğunu da bildirən mənbələr Alıyevin «növbətçi» şirkətlərinin başqa sahələrdə çalışdığını da vurğulayırlar.
İkinci məqam isə bu şirkətin yeni yaranmasıdır. İlin əvvəlində təsisi olunan «Kenzo 2014» MMC-nin tenderlərə qatılması qanunla qadağan edilməlidir. Çünki tenderlərdə iştirak üçün qatılmaq istəyən şirkətin ən azından 3 illik təcrübəsi olmalıdır. Amma görünən odur ki, icra başçısı Alı Alıyevin şirkətlərinə bu 3 il lazım deyil. Onlar elə birbaşa prosesə qatılıb, həm qalib çıxıb, həm də işləri görə bilirlər.

Əslində isə ortada korrupsiyanın olduğunu inkar etmək mümkün deyil. Təkcə yuxarıda qeyd etdiyimiz bu iki cəhət dövlət əmlakının talan edildiyini deməyə əsas versin.

V. Elturan