backend

Nazirlik Bakını zəhərləyən “Zülfüqarlıların sexi” barədə qərarını açıqladı

Nazirlik Bakını zəhərləyən “Zülfüqarlıların sexi” barədə qərarını açıqladı















Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosferə atdığı tullantıya görə “Fərid-RL” MMC-yə məxsus kustar metaləritmə sexini 12 min 500 manat məbləğində cərimələyib. Bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 1-ci Mədən, korpus 2-də yerləşən qara metal əritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə atmosfer havasına atılan tullantıların miqdarının normadan yüksək olduğu məlum olub.

Araşdırma zamanı qara metal əritmə sexinin “Fərid-RL” MMC-yə məxsus olduğu müəyyən edilib. Faktla bağlı MMC barəsində protokol tərtib olunub və hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün toplanmış sənədlər Binəqədi Rayon Məhkəməsinə göndərilib.



Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün “Fərid-RL” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Xatırladaq ki, “Zülfüqarlı qardaşları” kimi tanınan kustar metal oliqarxlarına məxsus olan həmin metal sexinin fəaliyyəti barədə ötən həftə virtualaz.org saytının reportyor qrupu yazmışdı. Məlum olmuşdu ki, fərdi yaşayış evlərinin arasında, sovet dövrünün beton zavodunun xarabalıqlarında fəaliyyət göstərən kustar metal sexinin heç bir təmizləyici qurğusu yoxdur. Ətrafda yaşayanlar 3 ilə yaxındır ki, fəaliyyət göstərən bu sexin havaya buraxdığı zəhərli tüstünü, hisi udmalı olurlar.

Sakinlər dəfələrlə havaya zəhərli qazlar buraxan bu sexin fəaliyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etsələr də sex cüzi məbləğlərdə cərimələnib və öz işini davam etdirib.