backend

Hacıyev məhkəmədə nə demişdi? – “Hacı Məmmədov işində məndən 20 milyon istəmişdilər”

Hacıyev məhkəmədə nə demişdi? – “Hacı Məmmədov işində məndən 20 milyon istəmişdilər”















Beynəlxalq Bankın həbsdəki sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva hazırda London polisinin nəzarəti altındadır. Bu ayın əvvəlində onu Azərbaycan hakimiyyətinin xahişi ilə saxlamışdılar, Bakıya ekstradisiyası məsələsi gündəmə gəlmişdi. Z. Hacıyeva mənimsəmə üzrə 2 maddə ilə ittiham olunur. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyir. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuş, sonradan 500 min funt sterlinq qarşılığında zəmanətə buraxılıb. Onun Londondakı bahalı malikanəsinə elektron etiketləmə cihazı da qoyulub. Zəmanət şərtlərinə görə, o, axşam 9-dan səhər 6-dək evdə olmalıdır və hər gün Charing Cross polisinə məlumat verməlidir. O, həmçinin Londondan kənara çıxmamalı, səyahət sənədi üçün müraciət etməməlidir. Z. Hacıyeva UWO çərçivəsində öz sərvətinin mənbəyini izah etməlidir. Z. Hacıyevanın Londonda yaşadığı 10 il ərzində “Harrods” dükanında 21 milyon dollarlıq alış-veriş etməklə dünya mətbuatının gündəminə gəlib.

Yada salaq ki, ötən ilin bu günlərində məhkəmədə Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin şikayətinə baxılırdı. C. Hacıyev məhkəmədəki çıxışında həyat yoldaşı ilə bağlı Londona istintaq qrupu göndərildiyini demişdi.

Hacıyevin həmin çıxışından sitat: “…Bu cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Jurnalistlər Bakıda oturub internet vasitəsilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər. Prokurorluğun, bir də ”Bandotdel”in əməkdaşlarından ibarət bığıburma kişilər buradan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində bu cür yollarla məndən 20 milyon pul istəmişdilər. Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi, onu qiymətləndirdilər…

“Qarlı aşırım”da yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm. “Kişinin heyfini qadından almazlar”. Apardığınız sənədləri özünüzə qaytarıblar. Nə “İnterpol”u, nə də Britaniya qurumlarını qane elədi. Kor-peşman qayıtdınız. 2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar. Ancaq heç nəyə nail olmadılar. Təkcə 2014-cü ildə Beynəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı…

… Britaniya vətəndaşı var, hətta bir müddət həbs də etmişdilər. Nədir ki, bura sərmayə qoyub. “İnter”in prezidenti Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burada niyə saxlayıblar?”

Cahangir Hacıyevin bu çıxışı zamanında olduqca geniş rezonans doğurmuşdu. O zaman istintaq qrupuna qaytarılan sənədlərdən bəhs olunurdusa, hazırda durum fərqlidir. Zamirə Hacıyeva gələn ilin iyununa qədər adına olan əmlakların bizneslə qazanıldığını, korrupsiya ilə əldə edilmədiyini sübuta yetirməlidir. Əks təqdirdə, həmin əmlaklar müsadirə olunacaq. Maraq doğuran məsələlərdən biri də budur ki, Z.Hacıyeva bunu bacarsa, dolayısı ilə həyat yoldaşının bizneslə gəlir etməsini də sübuta yetirmiş olacaq. Yəni Cahangir Hacıyevin Londonda ailəsinə aldığı mal-mülkün korrupsiya ilə deyil, bizneslə alındığı isbat ediləcək. Bunun isə öz növbəsində Azərbaycanda Cahangir Hacıyevin barəsində çıxarılmış ittihamedici hökm və qərarların şübhə altına alınması üçün çox ciddi əsas olacağı da istisna deyil.

Qeyd edək ki, Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. C.Hacıyev özünü təqsirli bilmir.

Cahangir Hacıyevə 3 ay əvvəl yeni ittihamlar da irəli sürülüb və o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Noyabrın 10-da Qaradağ Rayon Məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin yeni istintaq üzrə həbs müddətinin daha 2 ay artırılması ilə bağlı qərar verib. Məlumata görə, məhkəmə ibtidai istintaqın təqdimatı əsasında qərar çıxardıb. C.Hacıyev hazırda mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, kommersiya, qeyri-kommersiya təşkilatlarinda qulluq mənafeyi ilə bağlı cinayətlərdə ittiham olunur. Onun Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 193 (cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması), 213 (vergidən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə istintaq edildiyi bildirilir.