backend

“Bu səfər ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq” — İlham Əliyev

“Bu səfər ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq” — İlham Əliyev














"Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də sənədlərin imzalanması mərasimindən sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

"Mən Türkmənistan Prezidentinə, mənim əziz dostuma dəvətə, çox səmimi qəbula, qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Mən dünəndən qardaş Türkmənistan torpağındayam. Türkmənistanın sosial-iqtisadi inkişafındakı nailiyyətlərlə tanış olmaq imkanına malik oldum. Biz sizin uğurlarınıza da öz nailiyyətlərimiz kimi sevinirik. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından qardaş türkmən xalqına salamlarımı çatdırmaq istəyirəm. Bizi tarix, mədəniyyət, ümumi köklər, ənənələr, dünyagörüşü birləşdirir. Bu, həmin güclü bünövrədir ki, bizə öz münasibətlərimizi bərabər hüquqlar, mehriban qonşuluq, dostluq və qardaşlıq əsasında qurmağa imkan verir", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev deyib ki, səfər sona yaxınlaşır: "Artıq bu gün, demək olar ki, bu səfər bizim ölkələrimiz arasında münasibətlər tarixində xüsusi yer tutacaq. Bu münasibətlərin çox böyük potensialı var. Bu gün aparılan danışıqlarda, prezidentlər arasında təkbətək formatda, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə aparılan fikir mübadiləsi zamanı biz əməkdaşlığımızın mühüm məsələlərini müzakirə etdik. Biz görülən işlərə yekun vurduq və gələcək qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Bu gün 20-dən çox sənəd imzalanıb və onların hər birinin olduqca konkret xarakteri var. Bu, bizim münasibətlərimizin, əməkdaşlıq həcminin və nailiyyətlərimizin, bir-birimizə qardaşlıq münasibətinin göstəricisidir. Yalnız yaxın ölkə ilə həyat fəaliyyətinin bu cür müxtəlif istiqamətləri üzrə işləmək mümkündür. Biz gələcəkdə də bir-birimizə beynəlxalq qurumlarda, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərməyə razılaşdıq. Türkmənistan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir. Bu artıq adi hala çevrilib. Amma bu, bizim münasibətlərimizin səmimiliyini göstərir".