backend

"Bunlar göydən düşüblər?" - Fərhad Əhmədov İtaliya şirkətinin pulunu niyə ödəmir?

"Bunlar göydən düşüblər?" - Fərhad Əhmədov İtaliya şirkətinin pulunu niyə ödəmir?














Dünyada tanınmış İtaliya şirkəti "Paghera Green Service Societa Agricola S.R.L” şirkəti ilə Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Fərhad Əhmədov arasında mübahisə davam edir

"Report"un xəbərinə görə, "Paghera" şirkəti F.Əhmədova məxsus "Baku Caspian Real Estate Limited” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən italyan şirkəti 1 milyon 664 min avro pulun MMC-dən tutulması barədə tələb irəli sürüb.

Bundan başqa, İtaliya şirkəti hər iki şirkət arasında bağlanmış 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən görülməli işlərin həyata keçirilməsinə MMC tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını istəyir.

Həmçinin italyan şirkəti iddiasında işlər görülüb bitirildikdən sonra 14 dekabr 2016-cı il tarixli müqavilə və 2017-ci ilin iyul ayının 20-də imzalanmış ikinci əlavə büdcə razılaşmasına əsasən ödənilməli olan 10 faizin yəni, 1 milyon 172 min 817 avro pulun "Baku Caspian Real Estate Limited” MMC-dən tutularaq "Paghera" şirkətinə ödənilməsi barədə qətnamə qəbul edəsini xahiş edib.

Noyabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə hazırlıq iclası başlayıb. Məhkəmədə italyan şirkətinin icraçı direktoru Massimo Alberti də iştirak edib.

Lakin məhkəmə iclası başlayan kimi özünü "Baku Caspian Real Estate Limited” MMC-nin nümayəndəsikimi təqdim edən şəxs şirkətin rəhbərliyinin ölkədə olmaması ilə əlaqədar etibarnamə əldə edə bilmədiyi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş edib. Həmin şəxs bildirib ki, şirkətin icraçı direktoru Nail Şahverdiyev bu işlə bağlı Londona gedib.

"Paghera" şirkətinin nümayəndəsi, vəkil Kamandar Nəsibov hakimin həmin şəxsin çıxış etməsinə icazə verməsinə etiraz edib: "Biz bilmirik ki, bu şəxs kimdir. Heç bu adamın səlahiyyətli sənədləri belə işin içərisində yoxdur. Biz iddia ərizəmizdə aidiyyatla bağlı ətraflı hər şeyi göstərmişik. Xahiş edirəm məhkəmə aydınlıq gətirsin ki, protokolda bu şəxs necə qeyd ediləcək?"

Hakim deyib ki, məhkəmə həmin şəxsin səlahiyyətli sənədləri olmadığı üçün, məhkəmə iclası təxirə salmalıdır: "Tərəf gəlməyibsə iclası təxirə salmaq məcburiyyətindəyik. Əgər hər iki tərəf işin baxışa təyin edilməsini istəmirsizsə, demək iclası təxirə salacam".

K.Nəsibov qeyd edib ki, şirkətin icraçı direktoru N.Şahverdiyev ölkə xaricinə getməmişdən əvvəl məhkəmənin vaxtını bilirmiş: "Niyə həmin vaxt nümayəndəsinə etibarnamə verməyib? Bunların məqsədi nədir? Bəlkə bu şəxs göydən gəlib".

Daha sonra K.Nəsibov məhkəmədən xahiş edib ki, iddia təmin tədbiri ilə bağlı ərizələrinə baxılsın: "Bizim iddia təmin tədbiri ərizəmiz iddia ərizəsi ilə birlikdə oktyabrın 30-dan məhkəməyə təqdim edilib. Ərizəmizdə qeyd etmişik ki, bizim iddiamıza məhkəmədə baxılıb, qərar çıxarılana qədər iddiamızın həcmi qədər cavabdehin əmlaklarına həbs qoyulsun və tərəflər arasında olan müqaviləyə əsasən işlər görülməli olan Bilgəh qəsəbəsində 6 hektar torpaq sahəsində inşa edilmiş bağ sahəsində hər hansı işlərin aparılmasının cavabdeh və digər şəxslərə qadağan olunsun. Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən bu ərizəyə dərhal baxılmalıdır".

Hakim M.Əkbərov əvvəl bildirib ki, iddia təmin tədbiri məhkəməyə daxil olan gün baxılıb və rədd olunma ilə bağlı qərar çıxarılıb.

K.Nəsibov isə onlara qərardadın surətinin verilmədiyini söyləyib və vəsatətin 30 oktyabrda göndərildiyini sübut edən poçt qəbzini hakimə göstərib.

Hakim isə qeyd edib ki, iddia təmin tədbiri ilə bağlı ərizə məhkəməyə noyabrın 2-də daxil olub, vəkil Kamandar Nəsibov isə bildirib ki, "hətta hesab etsək ki, 2 gün sonra, 4 noyabrda baxılıb, ancaq məhkəmə qərardadından 18 gün keçib, lakin hələ də qərardadın surəti bizə göndərilməyib".

Hakim deyib ki, məhkəmə iclası başa çatandan sonra qərardadın surətini götürə bilərlər.

Vəkil K.Nəsibov daha sonra qeyd edib ki, Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən, iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılmalıdır. Lakin hazırkı işdə sədrlik edən hakim bununla bağlı tərəfləri xəbərdar etməyib. Bu zaman məhkəmə iclas katibi vəkil Kamandar Nəsibova bildirib ki, məhkəmə iclası keçirilən zalda prosesin video-audio yazı aparılmaqla keçirilməsi üçün şərait mövcud deyil.

Bundan sonra hakim proses dekabrın 13-dək təxirə salındığını bildirib.

Məhkəmə iclasından sonra K.Nəsibov "Report"a açıqlamasında qeyd edib ki, iqtisadi işlər üzrə məhkəmə iclası fasiləsiz video-audio yazı ilə aparılmalıdır və həmin audio-video görüntülər məhkəmə protokoluna əlavə olunmalıdır. Tərəflərin audio-video görüntülərlə tanış olmaq hüquqları var: "Mən də bu barədə məhkəmədə hakimə dedim. Lakin o, guya məhkəmə iclasının fasiləsiz video-audio yazı ilə aparılması ilə bağlı şəraitin olmadığını söylədi. Hakim vurğuladı ki, "bu məsələ ilə bağlı özüm bilərəm, özüm də qərar verərəm. Gedin şikayətinizi Ədliyyə Nazirliyinə edin"".

K.Nəsibovun sözlərinə görə, iddia təmin tədbiri ilə bağlı məhkəmənin rədd qərardadından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, "Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədov və onun şirkətinə qarşı London Məhkəməsində iddia qaldırıb.

İddiada bildirilir ki, F.Əhmədova məxsus "Baku Caspian Real Estates Limited” MMC – italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. Qeyd olunur ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı kontrak imzalayıb. Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməlidir. Lakin işlərin yekunlaşmasına çox az vaxt qalmış F.Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib və italyanları ərazidən çıxarıb.

Xatırladaq ki, F.Əhmədov Rusiyada yaşayır. O, "Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.