Şəhid ailələri qan pulu, deputatın qurbanları mənzillərin pulunu istəyir - Aksiya...

gundem / Sosial 29-11-2018, 11:27
Şəhid ailələri qan pulu, deputatın qurbanları mənzillərin pulunu istəyir - Aksiya...














Bir müddətdir ki, şəhid ailələri dövlətdən alacağı 11 min manat qan pulu ilə bağlı aksiyalar keçirir. Bu etirazlar əsasən parlament önündə təşkil olunur.

Cahan.info xəbər verir ki, Milli Məclis qarşısında növbəti aksiyanı vətən üçün canını qurban verənlərin valideynləri yox, deputat Rəfael Cəbrayılovun ev fırıldağının qurbanı olanlar təşkil etməyə hazırlaşır.

Bu barədə ik məlumatı yenicag.az yayıb. Deputatın və qardaşının aldatdığı vətəndaşlar MM önündə toplaşmaqdan başqa yol görmürlər. Bəlkə bu halda spiker Oqtay Əsədov, ölkə rəhbərliyi məsələyə diqqət ayırar.

Çünki müxtəlif instansiyalara edilən müraciətlər, məhkəmə qərarları ayaqlar altına atılaraq icra olunmur. Söhbət deputata məxsus “Dərhal” MMC-dən mənzil alan və aldadılan payçılardan gedir.

Şirkətin eyni mənzili bir neçə vətəndaşa satması onları çıxılmaz duruma salıb. Pulunu ödədikləri yeni mənzili əldə edə bilməyən şikayətçilər deputatın şirkətinə ödədikləri vəsaiti də geri ala bilmirlər.

Deputatın dələduzluğuna məruz qalan vətəndaşlar isə Milli Məclisin qarşısında etiraz aksiyası keçirərək, Rəfael Cəbrayılovun mandatdan məhrum olunmasını tələb etməyə hazırlaşırlar.

Doğurdan da çox sarsıdıcı mənzərədir: bir tərəfdə qan pulunu ala bilməyən şəhid ailələri, bir tərəfdə milətin vəkili və qardaşı tərəfindən aldanan, evsiz-eşiksiz qalan, pulları batan sadə vətəndaşlar...

Hər ikisi haqlarını tələb edir. Hər iki zümrə daha artığını istəmir, öz payını tələb edir. Amma ortada hələlik nəticə yoxdur. İnsanlar millət vəkillərinə güvənir ki, səslərini yuxarıya çatdırsınlar.

Amma deputatlar vətəndaşların başına elə oyun açırlar ki, yuxarılara onlardan şikayət etmək məcburiyyətindən qalırlar.

Bakı sakini, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadılıblar.

Şikayətçinin vəkili Kamandar Nəsibov open.az-a bildirib ki, məsələ ilə bağlı dəfərlərlə Milli Məclisinin deputatı Rafael Cəbrayılovla danışsa da, müvəkillərin pulu qaytarılmayıb.

Deputatın qardaşı Elşən Cəbrayılov Məlahət Qurbanova, Sülhiyyə Məmmədova, Fərid Əliyev, Osman Hacıyev kimi onlarla mənzil sahibinə fırıldaq gələrək pulunu yeyib.

Deputatın qardaşına bu işdə dostu Mirəhməd Abbasov köməklik edir. Onlar əlbir olaraq, şirkətin tikdiyi 5 mərtəbəli binalarda ev satır, sonra mənzilləri təhvil vermirlər.

İş bununla da bitmir. Eyni dərddə olan onlarla insandan biri də onun çalışdığı “Lombard”ın müdiri Məlahət Qurbanovadır.

M.Qurbanova Cəbrayılov və şəriki Mirəhməd Abbasova verdiyi nə 165 min manatı, nə də bu pulun qarşılığında təqdim olunan 300 minlik mülkü ala bilir.

Şirvan camaatı isə deyir ki, Rəfael Cəbrayılov "işəyaramaz” deputatdır və onun seçilməsinin şəhər əhlinə heç bir faydası olmadı.

Hələ dəyərlər.org saytı 8 may 2013-cü il tarixli sayında "Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verdiyindən yazıb.

Burada göstərilirdi ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və "Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə, həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.

İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf, Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.

Rəfael Cəbrayılovla bağlı iddialardan birinin yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.

Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir:

“Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…”.

Bu məqamda Cahan.info olaraq onu da xatırladaq ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb.

Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Oxunub: 226
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10