backend

Ali Məhkəmənin hakimini Eldar Mahmudovla birləşdirən nədir? - təfsilat

Ali Məhkəmənin hakimini Eldar Mahmudovla birləşdirən nədir? - təfsilat














Eldar Mahmudov “vurulasa” da, Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar şəbəkəsi ifşa olunsa da, hakimiyyət orqanlarındakı şəbəkəsi bu gün də ayaqdadır. MTN-dəki məlum əməliyyatdan sonra bir neçə nazirlikdə əməlli-başlı təlatüm yaşanması da, bir daha bunun sübutudur.

Rabitə Nazirliyi, ardından Vergilər Nazirliyindəki yoxlamaların kökündə də məhz Eldar Mahmudov amili dayanırdı. Sabiq nazirin Azərbaycanın məhkəmə sisteminə də yol tapması da yeni xəbər deyil. Belə ki, vaxtilə MTN-də çalışan bəzi müstəntiqləri sonradan məhkəmə sisteminə yeridilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Novruz Kərimov, Faiq Qəniyev və digərilərinin MTN-dən məhkəmə sisteminə transferi birbaşa olaraq Eldar Mahmudovun şəxsi maraqlarına söykənməsi haqda iddialar da yeni deyil.

MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudovun “hakimləri” verib. Hələ 2004-cü ildə Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra onun nəzərə çarpan, vəzifəsində möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb edən əməliyyat baş tutdu. 2005-ci ildə Hacı Məmmədov və onun bandasına qarşı əməliyyat keçirildi. Həmin əməliyyatdan sonra cərəyan edənlər isə göstərdi ki, Eldar Mahmudovun məqsədi “Qara Kəmər” əməliyyatı üzərindən özünün qara niyyətlərinə çatmaqdır. Hacı Məmmədovun işi o dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adlanan instansiyaya göndərildi. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxıldı. Həmin dövrdə hakimin Eldar Mahmudovla şəxsi münasibətləri olması haqda xəbərlər dolaşırdı. Məhkəmənin gedişatı, Hacı Məmmədovun işi üzrə verilən hökm də Eldar Mahmudovun maraqlarından kənar çıxmadı.

Məsələn Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəisi Zakir Nəsirova qarşı ittihamların məhkəmədə söz yığnağından başqa bir şey olmadığı isbat olundu. Buna rəğmən hakim Əli Seyfəliyev ittiham aktına əsaslanıb Zakir Nəsirova ömürlük həbs cəzası oxudu.

Bilənlər bilir ki, Zakir Nəsirovu Eldar Mahmudovun bandası həbs etməzdən əvvəl 3 dəfə MTN-ə çağırmışdılar. Hər dəfə də ona təklif olunmudu ki, DİN rəhbərliyinə qarşı hazırlanan ifadələrə imza atsın, gedib işini davam etdirsin. Zakir Nəsirov sonuncu dəfə belə təklifi rədd edərkən ona Eldar Mahmudovun adından “sən öl, ömürlük həbsə göndərəcəyik” demişdilər.

Hakim Əli Seyfəliyevin hökmü həmin hədənin nə dərəcədə real olduğunu da ortaya qoymuşdu. 2006-cı ildə verilən hökmdən 1 il sonra Əli Seyfəliyev artıq Ali Məhkəmənin hakimi idi. Bu gün də Əli Seyfəliyev həmin vəzifədədir və nə qədər qəribə olsa da, Eldar Mahmudovun yaxın qohumu, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun işi də məhz bu hakimin icraatındadır.

Bu təsadüfdür yoxsa xoş təsadüfdür?

Beytulla Hüseynov uzun illər “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə rəhbərlik edib və həmin dövrdə Eldar Mahmudovun bandasının qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib.

2015-ci ilin oktyabrında MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatından bir neçə gün sonra Beytulla Hüseynov da istintaqa cəlb edilib. Onun həbsinin əsas səbəbi kimi “MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi. Barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi başlandı. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.

13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev Beytulla Hüseynovun cəzasını mümkün olan qədər, yəni 7 il 6 aya endirdi. Dövlətə xəyanət etmiş, ölkə rəhbərliyini, Eldar Mahmudovun bandasının maraqlı çərçivəsində məmurları, hər kəsi dinləmiş birinə qarşı hakimin qəlbinin dərinliklərində bunca mərhəmət hissinin nəyə əsaslandığını söyləmək üçün Nostradamusluğa gərək yoxdur.

Hazırda Beytulla Hüseynovun işi Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatındadır və Eldar Mahmudovun qohumu azadlığa çıxmasını istəyir. (istiqlal.az)