backend

Deputatın seçkiqabağı "Milyarderlər İttifaqı” mesajının şok pərdəarxası...

Deputatın seçkiqabağı "Milyarderlər İttifaqı” mesajının şok pərdəarxası...















Deputat Siyavuş Novruzovun 2013-də xortlamış və sonra qeybə çəkilmiş “Milyarderlər İttifaqı”na ilin-günün bu vaxtında "ilişməsi" nəzərləri qarşıdakı parlament seçkilərinə yönəldir.

Cahan.info-nun əldə etdiyi məlumata görə, növbədənkənar parlament seçkiləri təyin ediləcəyi haqda proqnozlar səsləndiyi ərəfədə YAP funksioneri sensasion bəyanat verməklə hansısa yeni ssenarilərin hazırlanmasına eyham vurub.

Prezident seçkisi ərəfəsində Qüdrət Həsənquliyev və Yevda Abramov da Moskvanın yeni namizəd axtarışına çıxdığını iddia etmişdilər.

Lakin Kremldən Bakıya heç bir siyasi təzyiq müşahidə olunmadı. Parlament seçkilərinin yaxınlaşması dövründə S.Novruzovun oliqarxları xatırlatması isə müəyyən ehtimal və şübhələrə yol açır.

Ola bilsin ki, hakimiyyət kəşfiyyat məlumatlarına malikdir və növbəti seçkidə gizli oyunlar, planlar qurulması təxminləri var.

Deputatın Rusiyadakı oliqarxları ölkədəki bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməkdə suçlaması olduqca ağır ittihamdır.

Beləcə gözlər müxalifətə dikilir. Daha əvvəl isə Abbas Abbasov və digərlərinin xaricdəki söyüş makinasına pul xərclədiyi iddiaları səslənmişdi.

Deputat deyib ki, onlar “Milyonerlər İttifaqı”(əslində isə qurum qeyri-rəsmi “Milyarderlər İttifaqı”adlanırdı-O.) yaradır, anti-Azərbaycan mövqeyi tuturlar:

“Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar".

Belə anlaşılır ki, deputat informasiya əsasında çıxış edib və milyarderlərin yenidən fəallaşacağı gözləntisi olduğu üçün indidən belə danışıb.

Cahan.info xəbər verir ki, Azərbaycanı gözü götürməyən qüvvələr həmişə olub.. Ölkənin əleyhinə kampaniya aparan dairələr və fondlar var.

Həmin qrupların və şəbəkələrin əlində maşaya çevrilən müəyyən fəallar, bixəbər aktivistlər nəyin bahasına olursa-olsun hakimiyyətə qarşı fəaliyyətdə olublar.

Amma fondların maliyyə ötürməkdə məqsədi heç də Azərbaycanı sevməkdən irəli gəlmir, iqtidarla siyasi bazarlıq üçün bundan rıçaq kimi istifadə ediblər.

Eləcə də 2013-də milyarderlərin fəaliyyəti, Abbas Abbasovun indiyə qədər düşmənçiliyi davam etdirməsi belə əsas yaradır ki, bu güclər indi də növbəti seçkini gözləyirlər. Milyonçular pulları müəyyən qruplaşmalara xərcləyirlər.

S.Novruzovun bu cür sərt ritorikada çıxışı maraq doğurur. Düzdür, bu çıxışı YAP-ın rəsmi mövqeyi kimi qiymətləndirmək tezdir. Üstəlik, azərbaycanlı varlıların Azərbaycan diasporasının fəaliyyəti üçün əməli iş görmədikləri barədə tənqidlər də yeni deyil.

İctimai müzakirələrdə bu adamların Azərbaycanın taleyüklü məsələlərində susqun mövqeyi, Qarabağ probleminin həllində heç bir iş görmədikləri daima tənqid olunur.

Deputatın 2013-cü il prezident seçkiləri ərəfəsi sabiq vitse-primyer Abbas Abbasovun rəhbərliyi altında Rusiyada yaşayan nüfuzlu azərbaycanlıların yaratdıqları Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqını (“Milyarderlər İttifaqı”) yada salması daha çox diqqət çəkir.

Həm də o səbəbdən ki, S.Novruzov fəaliyyətini çoxdan dayandırmış bir qurumda təmsil olunanları yenə ittiham edib. Deputatın konkret hansı “anti-Azərbaycan” qüvvələri dediyini konkretləşdirməyib.

Amma güman etmək olar ki, söhbət ənənəvi müxalifətdən gedir. Çünki zaman-zaman müxalifətin bəzi qanadlarına “Rusiyaya işləmək” kimi ittihamlar da səsləndirilib.

S.Novruzov YAP rəsmisi kimi Azərbaycanda ən məlumatlı adamlardan biri olduğunu da nəzərə alsaq, o halda bu ittihamın üzərində qarşıdakı günlərdə daha geniş dayanmaq lazım gələcək.

RATİ-nin rəhbərliyində böyük imkanlara malik azərbaycanlı biznesmenlər - Araz Ağalarov, Vahid Ələkbərov, İsgəndər Xəlilov və digərləri təmsil olunurdu.

O zamankı hesablamalara görə, “Milyarderlər İttifaqı”nda təmsil olunanların ümumi varidatı 40-48 milyard dollar həcmində qiymətləndirilirdi.

Bu qurumda birləşənlər diaspor fəaliyyəti göstərəcəyinin bəyan etsələr də, bu istiqamətdə heç bir əməli addım atmadılar.

Abbas Abbasovun timsalında rəsmi Bakıya qarşı sərt mövqe tutan bir qurum yarandığı kimi də günlərin birində tarixə qovuşdu.

İttifaqda təmsil olunanlar isə Azərbaycan hakimiyyətinə sadiqlik bəyanatları verərək “siyasi səhnədən” çəkildilər.

Abbas Abbasov isə hakimiyyətlə bütün körpüləri yandırdı, Azərbaycana bir daha dönmək şansını, oğlu isə mandatını itirdi.