backend

Vasif Talıbovun əvəzlənməsi planı

Vasif Talıbovun əvəzlənməsi planı













Əksər iri fiqurlarla münaqişə vəziyyətində olan "Naxçıvan xanı” taxtından ayrılır

"Paytaxtda - mərkəzi hakimiyyətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovdan ciddi narazılıq var. Buna görə də Naxçıvan rəhbərliyinin dəyişdirilməsi planı hazırda Bakıda ən üst siyasi səviyyədə müzakirə olunan mövzulardandır”. Bu məlumat cumhuriyyet.az-a hakimiyyətə yaxın etibarlı qaynaqlardan daxil olub. Mənbəmizin sözlərinə görə, Vasif Talıbovun Naxçıvan MR Ali Məclisinin sədri postundan götürülərək "fəxri istirahətə” göndərilməsi ideyası hakimiyyətin ən üst qatındakı bütün iri siyasi və qeyri-siyasi fiqurların planları ilə üst-üstə düşür.
"Məsələ burasındadır ki, Vasif Talıbov əvvəla, ayrı-ayrı məmurlara münasibətdəki şəxsi mövqeyi, ikincisi isə özünün sərt və bəzən də anlaşılmaz dərəcədə primitiv idarəçilik metodları ilə hakim elitanı özündən narazı salıb. O, Naxçıvanın qapılarını mərkəzi hakimiyyətdə söz sahibi olan bir çox ağırçəkili şəxslərin, o cümlədən əslən Naxçıvandan olan qüdrətli oliqarxların da üzünə çoxdan bağlayıb. Bunu da dərhal sezmək olur ki, Vasif Talıbovun onlarla münasibətləri hazırda çox gərgindir. Vasif Talıbov hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin şəxsi mühafizəsinin rəisi, general Bəylər Əyyubov, ARDNŞ prezidenti Rövnəq Abdullayev kimi şəxslərlə toqquşmaqdan da çəkinmir. Buna görə də təsadüfi deyil ki, adıçəkilən şəxslərin heç biri son vaxtlar Naxçıvana gedib-gəlmir.” - deyə məlumatı verən mənbə bildirir.
Onu da qeyd etmək yerinə düşər ki, məhz Vasif Talıbovun təşəbbüsü ilə bu oliqarxların Naxçıvanın mərkəzində (köhnə şərab zavodunun yerində, məşhur "Karvanmusa” çeşməsinin yanında) dəbdəbəli villalar tikdirməsinə təhrik edilməsi, sonradan isə onların öz mülklərinə buraxılmaması da Bakıda Naxçıvan hakimiyyətindən ciddi narazılıq yaradıb. Baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, söhbət təkcə ayrı-ayrı məmurlardan da getmir: "Hətta İlham Əliyev özü də Vasif Talıbovun idarəçilik metodlarından əslində məmnun deyil. Bakıda siyasi rəhbərlik belə hesab edir ki, Talıbov özünü Naxçıvanda doğrudan-doğruya bir feodal kimi, xan kimi aparır. Bu isə həm hakimiyyətin özü haqqında sivil obraz yaratmaq cəhdlərinə, yeni kreativ idarəçilik üsullarına, həm də hakimiyyətin mərkəzləşməsi prinsipinə zidd olan siyasət kimi qəbul edilir. Talıbovun orta əsrlər idarəçiliyinə xas qeyri-standart və əcaib addımları beynəlxalq hesabatlara daha tez-tez düşərək rəsmi Bakını Qərbin sərt tənqid və qınaqları ilə üz-üzə qoyur”.
Mərkəzi hakimiyyətdə, xüsusən də ən yuxarı səviyyədə Vasif Talıbova münasibətin daha bir göstəricisinə baxmaq bu münasibətin işarəsi barədə aydın təsəvvür yaradar. Məsələn, ölkənin birinci xanımı Mehriban Əliyeva da muxtar respublikaya səfər etməkdən imtina edib və prezidentin Naxçıvana səfəri zamanı xanım Əliyeva onu müşayiət etməyib. Bu da özlüyündə çox ciddi siyasi yükə malik jestdir. Mənbəmizin iddiasına görə, artıq Vasıf Talıbovun postundan tezliklə uzaqlaşdırılması planı üzərində düşünülür. Sadəcə ən böyük maneə Vasif Talıbovun Naxçıvanda mütləq şəxsi hakimiyyətə malik olması və əsas postlara özünə şəxsən sadiq kadrları yerləşdirməsidir. Yəni Talıbovun istefası ilə Naxçıvanda hakimiyyətin tam konfiqurasiyası dəyişilməlidir.
Bir sözlə, Naxçıvanda Talıbov epoxası bitmək üzrədir. Hakimiyyət artıq öz sıralarındakı feodal təfəkkürü daşıyıcılarından imtina etməkdə qərarlı görünür...