backend

Putinin evinə təbrik göndərdiyi professorun Bakıdakı mülkünü əlindən alıblar

Putinin evinə təbrik göndərdiyi professorun Bakıdakı mülkünü əlindən alıblar















Böyükağa Quliyev Azərbaycan dövlətindən kömək istədi

“Ata evimi əlimdən alıblar. Notariuslar saxtakarlıq edib. Məhkəmələr də həmin saxta sənədlərə istinad edib, atamın evindən mənə cəmi 5 kvadrat metr sahə ayırıb. Həmin sahəyə görə də 15 min manat pul kəsib hesaba köçürüblər. Halbuki ata mülküm 18 sot torpaq sahəsində yerləşir və 24,2 kvadrat metrlik evdən mənə 5 kvadrat metr ayırsalar da, 18 sotluq torpaq sahəsindən payımı verməyiblər” – professor Böyükağa Quliyev belə deyir.

1931-ci ildə Bakının Şüvəlan qəsəbəsində, Almas İldırım küçəsi dalan 5, ev 2 ünvanında anadan olan B.Quliyev illərdir ki, həmin ünvana gedə bilmir.

“Dəfələrlə ”Yeni Müsavat”ın redaksiyasına gəlmişəm. Dərdimi danışmışam, amma sonradan da çap olunmasını istəməmişəm. 88 yaşın içindəyəm. Rusiya paytaxtında, Moskvada evim var. Orada övladlarım yaşayır. Mənə ata mülkümün haqsızlıqla, saxtakarlıqla əlimdən alınması çox pis təsir edir. Halbuki həmin ünvanda mənim uşaqlığım, sonradan gəncliyim keçib. Xatirələrim ata evimlə bağlıdır. Bu gün mən ora gedə bilmirəm. Gedirəm, qapıdan geri qaytarırlar. İstədiyim budur ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələni dərindən araşdırsınlar” deyən B.Quliyev əlindəki çoxsaylı sənədləri bir-bir təqdim edir.

“Bizim evin kupçası olmayıb. Evimizə mənim imzam saxtalaşdırılmaqla, icazəm olmadan 7 və 31 saylı notariusların müdirləri, Bakı Texniki İnvertarlaşdırma İdarəsi və Əzizbəyov (indiki Xəzər) rayonunun məhkəmə işçiləri əlbirliyi nəticəsində kupça alınıb. Həmin kupçanın alınması ilə bağlı sənədlərin saxtalığını sübut etsəm də, xeyri olmadı. Mənə təklif olundu ki, mülkün yarısı – yəni ev və torpağın yarı hissəsi mənə veriləcək. Qalan hissəsini də qardaşıma verəcəklər. Bu razılaşmanı da pozdular. Əvəzində saxta sənədlərlə ata mülkümdən mənə cəmi 5 kvadrat metr verdilər. Bu günə qədər məsələ açıq olaraq qalır”.

Böyükağa Quliyev deyir ki, oğlu Pərviz, qızı da həmin ünvanda anadan olublar: “Ailədə 8 övlad olmuşuq. 1931-ci ildə anadan olmuşam. İlk övlad mənəm. 3 qardaşım, 4 bacım olub. Mən 1953-cü ildə Bakı Neft Texnoloji Texnikumunun energetika fakültəsini bitirmişəm. Bundan sonra Serpuxov Aviasiya Peşə Məktəbində oxumuşam. Kuybışev adına Hərbi Mühəndislik Akademiyasının dəmir yolları üzrə fakültəsini bitirmişəm. Akademiyada təhsil aldığım dövrdə, SSRİ Nazirlər Sovetinin nəqliyyat məsələləri üzrə müavini Lazer Moiseyeviç Kaqanoviçin şəxsi təşəbbüsü ilə Dərbənd Mahaçqala dəmir yolunun yenidən qurulması üçün göndərilmişəm. Məni Mahaçqalaya göndərəndə dəmir yolunun yenilənməsi üçün 2 il vaxt verdilər. Dəmir yolunu 10 ay ərzində yenilərək təhvil verdim. Bundan sonra Kurqan şəhərindən Qazaxıstana qədər dəmir yolu çəkilişinə yolladılar. 192 kilometrlik yolu çəkib təhvil verdik. Dəmir yolunun çəkilişində fərqləndiyimə görə mənə vaxtından əvvəl Azərbaycana qayıtmağa icazə vermişdilər. 1956-cı ildə anam SSRİ rəhbərliyinə məktub yazmışdı. Mənim Azərbaycana göndərilməyimdə anamın məktubunun rolu da böyük idi. Anam yazmışdı ki, Böyükağa Quliyev evin böyük övladıdır və özündən başqa qardaş-bacılarının dolanışığını təmin etmək, ailəni dolandırmaq üçün Bakıya göndərilməsini xahiş edir. Nəzərə almışdılar. Məni ”AzərBaşEnerji”yə göndərdilər. Oradan da təyinatla Şimali QRES-ə göndərdilər. Orada elektrik stansiyalarında texnoloji prosesləri idarə edən növbətçi mühəndis vəzifəsində 3 pillə yüksəldim. 1963-cü ildə məni “AzərBaşEnerji”yə işə çağırdılar. 3 ay ərzində vəzifəm 4 dəfə artırılıb və Elektrik Stansiyalarının Davamlı İstismarı və Texniki Təhlükəsizlik İnspeksiyasına rəis təyin olunmuşam”.

Böyükağa Quliyev həmin illərdə həm də təhsilini davam etdirib. 1973-cü ildə Azərbaycan Neft Kimya İnstitutunun energetika fakültəsini əla qiymətlərlə bitirib: “Elmi rəhbərlərim elmlər doktoru Oyrat Eldarov, elmlər doktoru Firudin Hüseynov və akademik Çingiz Cuvarlinski olublar. 1973-cü ildən 1975-ci ilə qədər ”Azenerqo”nun İstehsalat Tədris Kombinatının direktoru vəzifəsində çalışdım”. 1975-ci ilin sentyabrında Misir paytaxtı Qahirəyə Energetika və Elektrikləşdirmə Nazirliyinə xarici ölkələrdə – ABŞ, Almaniya və s. ölkələrdə təhsil almış vəzifəli şəxslərə elektrik stansiyalarının istismar-texnoloji proseslərini öyrədib.

1977-ci ildə Bakıya qayıdaraq İstehsalat Tədris Kombinatının direktoru vəzifəsində işini davam etdirib: “1980-cı ildə məni SSRİ Energetika Nazirliyinə dəvət etdilər. Orada Moskva Baş Enerji Sisteminin Tədris Kombinatının direktoru təyin olundum. Həmin illərdə təşəbbüsüm və birbaşa rəhbərliyimlə Tədris Kombinatında Moskva Politexnik İnstitutunun Elektrik Stansiyaları kafedrasını təşkil etdik. Bundan sonra, 1982-ci ildə professor adı verildi. Həmin illərdə Moskva Baş Enerji Sistemində 78 min nəfər, ”AzərBaşEnerji”də isə 17 min nəfər işləyib. İş yükü çox böyük idi. Amma öhdəsindən gəlirdik. İmkanlarımız da yaxşı idi. Bizə bu gün Rusiya Federasiyasının rəhbərliyi çox yaxşı ehtiram və hörmət edir. Hər il Böyük Vətən Müharibəsinin iştirakçısı kimi mayın 9-da parada çağırılıram. Vladimir Putin şəxsən evimə təbrik məktubu yollayır. Mükafat verilir. Rusiya Federasiyasının xüsusi imtiyazlı şəxslərindən biriyəm. Nəqliyyat xərclərimi dövlət qarşılayır, çoxsaylı restoranlar var ki, nə vaxt istəsək orada gedib qonaq oluruq, teatr, opera, muzeylərə də təmənnasız gedə bilirəm. Hər 3 ayda bir dəfə olmaqla pulsuz müayinə olunur, müalicə ehtiyacı olarsa, müalicə edilirik. Yəni mənim dünya malında gözüm yoxdur. Bu dünyanın malı burada qalacaq. Ata mülkümü məndən kimsə xoşluqla istəsəydi, ehtiyacına görə düşünmədən verərdim. Saxtakarlıqla, dələduzluqla mənim uşaqlığım keçən evin, uşaqlarımın anadan olduğu mülkün ələ keçriilməsi ilə barışa bilmirəm. Heç vaxt düşünməzdim ki, bir gün vətənimdə, ahıl yaşımda belə bir dələduzluqla üzləşərəm. Ona görə də dövlətimizdən xahiş edirəm ki, məsələni doğru-dürüst araşdırsınlar. Görəcəklər ki, mənə qarşı çox böyük haqsızlıq, həyasızlıq olub”.

Yaşının çox olması Böyükağa Quliyevə Azərbaycanda və Rusiya paytaxtında ictimai işlərlə məşğul olmağa mane olmur. Deyir ki, ötən ayın sonunda Rusiyada keçirilən, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsində birbaşa iştirak edib. Rusiya Federasiyasının İctimai Palatasında baş tutan səsvermələrdən birində o, görkəmli dövlət xadimi Sabit Orucovun adının Yeni Urenqoy aeroportuna verilməsinə səs verib. Orada çıxış edərək iştirakçıları Sabit Orucova səs verməyə çağırıb. Tez-tez Azərbaycana səfərlər etdiyini deyən professorun sözlərinə görə, burada da müxtəlif məktəblərdə, tədris ocaqlarında vətənpərvərlik mövzusunda çıxışları olur.

Putinin evinə təbrik göndərdiyi professorun Bakıdakı mülkünü əlindən alıblarPutinin evinə təbrik göndərdiyi professorun Bakıdakı mülkünü əlindən alıblarPutinin evinə təbrik göndərdiyi professorun Bakıdakı mülkünü əlindən alıblar