backend

Bakıda yeddinci sinif şagirdi niyə məktəbə qoyulmur? – SƏBƏB

Bakıda yeddinci sinif şagirdi niyə məktəbə qoyulmur? – SƏBƏB















Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməməsi ilə bağlı açıqlama verilib.

216 nömrəli tam orta məktəbdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərs ilinin əvvəlindən VII sinif şagirdinin (müvafiq səbəblərə görə qız şagirdin adı yazılmır – red.) dərsə davamiyyəti ilə bağlı problem yaranıb:

“Məsələni aydınlaşdırmaq üçün 26 sentyabr 2018-ci il tarixində sinif rəhbəri M.Heybətova, fənn müəllimi R.Vəkilova və texniki işçi X.Məhərrəmova (məktəblinin ev ünvanını bildiyi üçün) şagirdin yaşadığı ünvana gediblər. Onlara özünü şagirdin nənəsi kimi təqdim edən yaşlı qadın xeyli təkiddən sonra məktəblini görməyə icazə verib.

Şagirdin nə üçün dərsə gəlmədiyini soruşduqda, o, yolun uzaq olduğunu, anasının müalicə aldığını, atasının isə Rusiyada işlədiyini deyib. Bu səbəbdən şagirdin dərsə gəlməsinin mümkün olmadığını söyləyib.

Şagirdin dərsə davamiyyətinin atası Azərbaycana qayıtdıqdan sonra bərpa olunacağını bildirib. Nənəyə şagirdin dərsə davamiyyəti bərpa olunmazsa, Xəzər Rayon Polis İdarəsinə müraciət olunacağı deyilib.

Noyabr ayında şagirdin anası məktəbə gələrək bir həftəyə məktəbə yaxın ev kirayələyəcəklərini və tezliklə qızını dərsə göndərəcəyini söyləyib.

Təəssüflər olsun ki, sonra da şagird dərsə göndərilməyib və valideynlə əlaqə saxlamağa çalışsaq da, onun telefonuna zəng çatmayıb.

Belə olan halda, noyabrın 22-də Xəzər Rayon Polis İdarəsinə müraciət edilib və bizdə olan məlumata görə, məsələnin müvafiq qaydada araşdırılmasına başlanılıb”, – deyə məlumatda qeyd edilib.