backend

Böyük faciənin ildönümü yaxınlaşır, lakin hələ də təhlükə qarşısında əliyalınıq

Böyük faciənin ildönümü yaxınlaşır, lakin hələ də təhlükə qarşısında əliyalınıq















Ötən il dekabrın 24-də Tufandağ istiqamətində hərəkət edən 3 alpinist – Fəridə Cəbrayılzadə, Namin Bünyatzadə və Babur Hüseynov qar uçqununa məruz qalaraq dünyalarını dəyişdilər. Hazırda yenidən qış mövsümünə doğru gedirik. Bəs baş verən məşum olayın yenidən təkrarlanmaması üçün aidiyyəti qurumlar tərəfindən hansı tədbirlər görülüb, hansı addımlar atılıb? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb.

Azərbaycan Alpinizm Federasiyanın (AAF) prezidenti Nizami Mursaqulov ötən illərdən qalan problemlərin hələ də həllini tapmadığını bildirdi: “Bir çox nüanslarla bağlı planlarımız olsa da, bəzi məsələlərdə problemlərimiz hələ də qalır. Təəssüflər olsun ki, hələ də bizi eşitmək istəməyənlər var”.

“Dünyada təcrübə belədir ki, dağlara çıxmaq istəyən idman klublarının üzvləri üçün aidiyyəti federasiyadan rəsmi icazə alınır. Lakin təəssüflər olsun ki, Azərbaycanda bir çox təşkilatlar buna məhəl qoymur. Kimi istəyirlərsə, götürüb dağa qalxırlar. Bir problem olduqda isə, gəlib deyirlər ki, “Nizami müəllim, sizin alpinistləriniz dünyalarını dəyişib”” – deyə həmsöhbətimiz əlavə etdi.

Federasiya rəhbərinin sözlərinə görə, arzuolunmaz hadisələrin baş verməməsi üçün bir neçə suala cavab tapılmalıdır: “Bu bələdçiləri kim hazırlayır? Ümumiyyətlə, kim bu şəxslərə bələdçilik etmək üçün şərait yaradıb? Bütün bunlar aydınlaşmalıdır. Bələdçilik etmək üçün gərək həmin şəxslər federasiyada qeydiyyatdan keçib, sertifikat alsınlar”.

Müsahibimiz vurğulayıb ki, son zamanlar bəzi şəxslər tərəfindən xaricdən gələnlərin, eləcə də ərəb turistlərin dağlara aparılması dəb halını alıb: “Maraqlıdır, bəs Turizm Departamenti hansı işləri görür? Onlar bizə müraciət etmirlər. Deməli, belə olması onlar üçün daha sərfəlidir. Bundan başqa, turizm şirkətləri ilə yanaşı, bir sıra federasiyalar da var ki, bizə müraciət etmirlər. “FAİREX” (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) də alpinistləri dağa göndərməklə bağlı üzərinə müəyyən öhdəliklər götürüb. Lakin hazırda onlar fəaliyyətlərini dayandırıblar”.

Federasiya bədbəxt olayların baş verməməsi üçün bələdçi və alpinistlərlə bağlı bir sıra məsələlərin araşdırılmalı olduğunu qeyd edib: “Hər zaman dağa qalxmaq olar. Burada əsas məsələ dağlara aparan bələdçilərlə iştirakçıların təcrübələridir. Alpinistin təcrübəsi yoxdursa, o, hansısa zirvəyə qalxmamalıdır. Bələdçilik vəsiqəsi, bələdçilərin dərəcələri, sertifikatı da önəmlidir. Lakin alpinistlərin və bələdçilərin təcrübələrini, onların dərəcə və sertifikatlarının olub-olmamasını yoxlamaq üçün bizə imkan verilmir”.

N.Mursaqulov ötən il bədbəxt olayda dünyasını dəyişən alpinistlər haqda da danışıb: “Ötən il dünyasını dəyişən alpinistləri tanımırdım, hətta hansı marşrutla hərəkət etdikləri, məktəbləri, hətta təcrübələri haqda da məlumatsız idim. Onlar haqda əlavə informasiyam da yox idi. Həmin alpinistlər bizim federasiyadan dərəcə və marşrut kitabçası da almamışdılar”.

“Ümumiyyətlə həmin alpinistlərə o dağlara qalxmaq üçün kimin icazə verdiyi indiyədək bəlli deyil. Bir tərəfdən onların icazəsiz getdiyini düşünürəm. Lakin onların ekologiya postunu keçmələri haqda məlumatın yayılması, bu yürüşün icazəsiz olmadığını deməyə əsas verir. Sadəcə kimin onlara icazə verdiyi bəlli deyil. Hadisə ilə bağlı cinayət işinin qaldırıldığı da deyilir” – deyə həmsöhbətimiz əlavə edib.

AAF rəhbəri bildirib ki, bədbəxt olayların baş verməməsi üçün alpinistlərə bir sıra nəzəri biliklər verilməlidir: “Hər bir zirvənin öz çətinlik kateqoriyaları olur. Məsələn, mən SSRİ idman ustasıyam. Çətinliyi az olan marşrutla hərəkət etmək mənim üçün maraqsızdır. Bu səbəbdən daha çətin marşrutla hərəkət etmək istəyirəm. Əlbəttə, bunun üçün öncədən hansı marşrutla gedəcəyimi göstərməliyəm. Tutaq ki, hansısa ovçu əlinə tüfəng alıb, dağ keçisini vurur. Bu zaman ona alpinist demək olar?”

“Hər bir təcrübəli alpinist bilməlidir ki, çadır qurmaq istədiyi yerdə onu hansı təhlükələr gözləyir. Məsələn, çayın qırağında çadır qurmaq olmaz. Bu zaman çay daşıb çadırı apara bilər. Biz də alpinistləri səfər üçün hazırlayarkən onlara nəzəri biliklər veririk. Daha sonra həmin şəxslər dərəcələr alırlar. Dərəcələri aldıqdan sonra isə onları təlimatçı kimi hazırlayırıq. Maariflənmə üçün kitabçalar tərtib edirik. Bu kitabçalardan biri “Azərbaycan alpinistinin döş nişanı” adlanır. Bu kitabçanı öz hesabımıza hazırlamışıq” – N.Mursaqulov əlavə edib.

Federasiya prezidenti ötən il 3 idmançısının dünyasını dəyişdiyi “Gilavar” hava və ekstrim idman klubu haqda da danışıb: “Bu il də həmin klub tərəfindən federasiyaya üzv olmaq üçün müraciət daxil olmayıb. Təəssüflər olsun ki, bu gün belə klublar çoxluq təşkil edir. Onlar Alpinizm Federasiyasına üzv olmaq fikrində deyillər. Çünki belə klublara üzv olmaq onlara sərf etmir. Səbəb də odur ki, təcrübə olmadıqda biz zirvəyə qalxmağa icazə vermirik. Deyirik ki, öncə kurslara gələrək təcrübə yığın. Daha sonra həmin şəxsləri əvvəlcə kateqoriyası zəif olan dağa yollayırıq. Lakin onlar qalxan kimi Bazardüzünə, Şahdağa getmək istədiklərini bildirirlər”.

Məsələ ilə bağlı “Gilavar” hava və ekstrim idman klubunun təşkilatçısı Ziya Qasımova müraciət etdik. O bildirib ki, klub Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) üzvüdür: “Alpinist normativlərə cavab verirsə, sənədləri toplayaraq icazə almağa kömək edirik. Biz yürüşlə bağlı yalnız FAİREX-ə müraciət etmişik. Rəsmiləşdirmə olduqda onlar kimin hara yürüş etdiyindən xəbərdar olurlar”.

“Onu da qeyd edim ki, Azərbaycanda dağların 70 faizindən çoxu sərhəd zonasında yerləşdiyi üçün buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və FAİREX-in icazəsi olmalıdır. Biz FAİREX-in tələblərinə cavab verərək yürüşə getmişdik. Özbaşına heç nə etməmişik. Yəqin ki, müraciət də FAİREX tərəfindən Azərbaycan Alpinizm Federasiyasına yönəldilib” – deyə klub rəsmisi əlavə edib.

O, həmçinin qeyd edib ki, səfərqabağı hava şəraiti müxtəlif mənbələrdən yoxlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hava şəraiti ilə bağlı ciddi dəyişiklik olduqda Alpinizm Federasiyasına məlumat verilmir: “Belə bir məlumatı verməli deyilik. Tərəfimizdən yalnız əhaliyə hava haqda ümumi məlumat verilir. Xüsusi qruplara, turist qruplarına bununla bağlı xəbərdarlıq etmək təcrübəsi nəinki Azərbaycanda, heç dünyada da yoxdur”.

“Ayaq gəzintisinə çıxanlara xəbərdarlıq edilmir. Elə insan var ki, qarda, yağışda gəzməyi sevir. Ona görə xəbərdarlıq yalnız nəqliyyat vasitələrinə görə edilir. Məsələn, avtomobil sürücülərinə qarlı, buzlu hava ilə bağlı aidiyyəti qurum tərəfindən məlumat verilir. Məlumatda bildirilir ki, yollar buz bağlayıb, ehtiyatlı olun” – deyə ETSN-dən qeyd olunub.