backend

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl




...İsmayıllı eli dağ başında yuva tikmiş qartala bənzəyir. Nəğməsini dağdan-daşa; düzdən-düzə, eldən-elə yayaraq yaşayır, hüsnünə nəğmələr qoşulur, həm də el sənətkarlarının söz sərvətinin köksündə yaşadır bu oba...

... İlin hər fəslində gözəldir İsmayıllı!

... Yazda gələsən İsmayıllıya, yağışların nöqtə-nöqtə iz açdığı cığırlara, şırıl-şırıl suyu tökülən şırımlara baxasan, ala-tala buludların kişnərtisi səslənə qulağında...

... Yayda gələsən İsmayıllıya... Gül dolu, çiçək dolu dağlarının sinəsini, yamyaşıl meşələrini gəzəsən, diz çökəsən buz bulaqların önündə, suyunu içəsən yarpızlı bulaqların...

... Payızda gələsən İsmayıllıya – qamətli gözəllər tək səmalara uzanan şamları, sinəsi şimşəklərdən cadar-cadar olmuş palıdların qızılı yarpaqlarının torpağın köksünə necə ahəstə-ahəstə uçduğunun şahidi olasan. Çöllər qızı ceyran-cüyürün qoşa ayaq izlərinin uzandığı cığırlarla Lahıca gedəsən, ulu Basqalın köksünə doğru dırmanasan. Oradan kəndə-kəsəyə, elə-obaya göz işlədikcə, uzanan Taglabiyan çökəyinə, şüşə kimi parıldayan çayına nəzər salasan...

... Qışda gələsən İsmayıllıya. Dümağ qardan ulduz-ulduz çiçək açmış meşələri gəzəsən, ağaclardan yaranmış «şaxta baba»larla «görüşəsən». Gözünü dolandırıb dağlara baxasan, zirvəsi ağlı-qaralı dağlara, sinəsi güllü-çiçəkli, laləli dağlara... Ehey!..

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl
Payız öz yerini təzəcə təhvil-təslım edib qışa... Vaxt vardı, İsmayıllıya yalnız yaz-yay aylarında getmək olurdu. Çünki havalar bir az soyuyan kimi sel-su, yağış-qar yolları bağlayır, dağlar diyarını əlçatmaz edirdi. Qaz, işıq olmur (meşələrə divan tutulur), keçilməz yollar göz qorxudurdu. İndi vəziyyət tam dəyişib: yollar xeyli abaddır, dolama yoxuşlar “ram” edilib. Avtomobillərin hərəkəti qarlı-çovğunlu havalarda da asanlaşıb. Hər fəsildə dağlar diyarına gedib gəzmək, ulu təbiətin seyrinə dalmaq imkanı yaranıb. Elə yerli əhalinin həyatı da sahmandadır, rahat yaşamaq üçün burada hər şərait var.

...Biz rayonda olanda Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori başda olmaqla nümayəndə heyəti İsmayıllıya gəlmişdi. İcra hakimiyyətindən öyrəndik ki, 2004-cü ildən başlayaraq İsmayıllıda Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə sosial yönümlü layihələrin həyata keçirilməsinə başlanılıb. Hazırda Qafqazda ilk yaradılan “Yapon bağı” daxil olmaqla artıq 15 layihə istifadəyə verilib. Bunların sırasında təhsil, səhiyyə və içməli su təchizatı layihələri əsas yer tutur.

Rayon icra hakimiyyətinin konfrans zalında icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səfir və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Mirdaməd Sadıqov səfiri, onun xanımı Noriko Katorini, onlarla birgə gələn qonaqları salamlayıb, İsmayıllıya gəlişlərindən məmnun qaldığını bildirdi. Dedi ki, İsmayıllı Yaponiyanın İto şəhəri ilə qardaşlaşma müqaviləsi bağlayıb, intensiv xarakter daşıyan qarşılıqlı səfərlər bu müqaviləni daha da möhkəmləndirir. İsmayıllıdan şagirdlər İtoya, oradan da yapon şagirdlər İsmayıllıya gəlirlər. Distant yolla qarşılıqlı surətdə yaponlar Azərbaycan dilini, azərbaycanlı şagirdlər yapon dilini öyrənirlər. Yaponiya səfirliyinin həyata keçirdiyi layihələr İsmayıllıda təhsilin, səhiyyənin, xalq sənətkarlığının inkişafına, içməli su təchizatının yaxşılaşmasına xidmət edir. Buna görə də səfirin timsalında Yaponiya dövlətinə təşəkkürümüzü bildiririk.
İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl
RİH-nin başçısı daha sonra İsmayıllının tarixi, iqtisadiyyatı, turizm imkanları, kənd təsərrüfatı, multikultural bir bölgə olduğu barədə müfəssəl məlumat verdi.
Yaponiya səfiri Teruyuki Katori mehribanlıqla, geniş tərkibdə qarşılandıqlarına görə rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi. Daha sonra dedi ki, müstəqilliyinə qovuşduqdan sonra Yaponiya səfirliyinin dəstəyi ilə Azərbaycanda 230 layihə həyata keçirilib. Onun 15-i İsmayıllının payına düşüb. Həmin layihələri həyata keçirəndə daha çox ucqar ərazilərdə yaşayanların ehtiyaclarını nəzərə almışıq. Sosial xarakterli layihələrə daha çox üstünlük vermişik. Azərbaycanla Yaponiya arasında əlaqələrin yaranmasının 26 illik tarixi var. Bu əlaqələrin ilkin yaranma zamanında İsmayıllının xüsusi yeri vardır. Ona görə də burada daha çox layihə icra olunub. İsmayıllıya səfərə gələn yaponiyalı şagirdlər geri qayıdarkən səfirlikdə qonaq edilirlər. Onlar bu zaman İsmayıllıdan böyük razılıqla, onlara qayğı göstərənlər barədə hörmətlə danışırlar.

Baçının və səfirin çıxışından sonra səfir Teruyuki Katori ilə tərəfdaş təşkilat olan “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Rasim Allazov arasında rayonun Sulut və Sumağallı kəndlərində tibb məntəqəsi tikintisi barədə qrant müqaviləsi imzalandı.

Rayon icra hakimiyyətinin başçısı qonaqlara xalq sənətkarlığını əks etdirən hədiyyələr bağışladı.

Qonaqlar “Yapon bağı”nda, Velosiped zavodunda oldular, sonra Lahıc qəsəbəsinə getdilər.

...Bu qış günlərinin birində İsmayıllının ucqar Lahıc kəndinə gedirik. Mənzil başına yolda hec bir əziyyət çəkmədik. Hamar asvalt yol bizi bu tarixi qəsəbənin mərkəzinə catdırır. Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc qəsəbəsi nəinki ölkəmizdə, eləcə də dünyada məşhurdur. Dağlar qoynundakı bu yaşayış məskəni ölkəmizin qədim sənətkarlıq mərkəzlərindən biri kimi tanınır. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı məşhurlaşdırıb. Uzun illər yerli ustaların düzəltdikləri qablar və silahlar bütün Qafqazda və yaxın Şərqdə çox həvəslə alınıb. Lahıc bu gün də çoxsaylı sənət ocağı kimi inkişaf edir və yaşayır. Tolerantlığın ən gözəl mərkəzlərindən olan Lahıc ümumiyyətlə turistlər üçün ən gəzməli və görməli yerlərdən biri hesab olunur.
İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl
Tarixi mənbələrə görə, Lahıcın ilk məhəlləsinin əsası III-IV əsrlərdə qoyulub. Maraqlıdır ki, şəhərdə min beş yüzdən artıq yaşı olan su və kanalizasiya sistemi fəaliyyət göstərir. Mərkəzi küçənin altında 1 m dərinlikdə 2 km uzunluğu olan üçsəviyyəli kollektor çəkilib. İlk iki səviyyədə xətlərlə içməli su, kollektorun aşağı hissəsi - çay daşından düzülmüş düzbucaqlı novça hər bir evin həyətində olan dəliklərdən daxil olan çirkab sular üçün nəzərdə tutulub. Sakinlərdən heç kim kanalizasiyanın harada başlayıb harada qurtardığını, hansı prinsiplə işlədiyini bilmir, lakin bu, kollektorun uzun əsrlər boyu işləməsinə mane olmur. Lahıc özünəməxsus memarlıq üslubu və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Bu məharətlə və mozaik şəkildə ağ çay daşları ilə döşənmiş küçə -meydanları olan və inkişaf etmiş kanalizasiya, su təchizatı sisteminə malik kiçik bir orta əsr şəhəridir. Burada iki və üç mərtəbəli evlər və ictimai hamamlar görmək mümkündür . Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir . Lahıc Tarix-Mədəniyyət Qoruğu tərəfindən ərazidə 90-dan artıq tarixi abidə qorunmaqdadır.Bura 5 məscid , 5 hamam , 60-dan artıq yaşayış evi , 1 körpü ,onlarla qəbirüstü daş , 1 su dəyirmanı , bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar aiddir. Qalanlar isə yaşayış evləri, kitabələr, sərdabələrdir. Onda məscidlər də pis vəziyyətdə olub. Məscidlər layiqincə təmir olunaraq istifadəyə verilib. Amma bu gün də qəsəbədə bir çox abidə və küçələrin təmirə ehtiyacı var. Tikintilərin əksəriyyəti XII- XIX əsrlərdə yerli tikinti materiallarından inşa edilmişdir. Ağsaqqalların dediyinə görə , Lahıc yeddi məhəllələyə bölünürdü : Ağalı, Bədöyun, Pishta, Zəvəro, Ərəgit, Dərelilo və Bagmija. Lahıcda hər məhəllənin öz məscidi, bulağı, hamamı, və s. vardı.

Lahıca həm ticarət-həm ziyarət üçün gələnlər burada qarşılanır, buradan da yola salınırlar. Qəsəbənin mərkəzi küçəsi də elə bu meydandan baş alıb gedir. Buna görə də Bazar meydanı çox vaxt gur, səs-küylü olur. Bu yurda istər hər tərəfin çağladığı, yaşıl dona büründüyü günlərdə gəl, istərsə də xəzanında, yaxud ağ örpəyə büründüyü vaxtda - Lahıcdan xoş xatirələrlə ayrılacaqsan. Çünki qədim mədəniyyət mərkəzi olan bu qəsəbədə həmişə gəzib-görməli, görüb-götürməli və yaxşı istirahət etməli ünvan az deyil. Təbiətin heyranedici guşələri ilə yanaşı, əsrləri arxada qoymuş tarixi-mədəni abidələr, daş döşənmiş küçələr, dəmirçi və misgər emalatxanalarından gələn çəkic səsləri qonaqlara unudulmaz anlar yaşadır. Sərhədi artıq Lahıca qovuşmuş Girdiman çayının haçansa bu yerdə gözəl bir şəhəri yuyub apararaq nağıla çevirməsi haqda ağsaqqalların söylədikləri rəvayəti ilk dəfə eşidənlərin qəlbində isə təəssüf hissi baş qaldırır.
İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl
Bu gün Lahıcda həyat qaynayır. Yeni il bayramı ərəfəsi qəsəbədə bir qələbəlik hiss olunur. Sakinlərdən öyrənirik ki, rayonun icra başcısı Mirdamət Sadıqov ən azı həftədə bir dəfə də olsa buraya baş cəkir, sakinlərlə görüşüb problərini öyrənir, onların həllinə calışır. Sakinlər deyirlər ki, Lahıc qəsəbəsinin təhsil məsələlərinin həlli yerli hakimiyyətin daim diqqət mərkəzindədir. Keçən il Prezident sərəncam verdi və bu il məktəbin açılışını oldu. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Hətta məktəbin acılışına Prezident özü belə təşrif buyurdu.

Lahıc qəsəbəsinə təbii qazın çəkilişi də tarixi layihədir. Prezidentin sərəncamı ilə Lahıcın Azərbaycanda xüsusi yerini nəzərə alınaraq, bu böyük , möhtəşəm layihə ugurla icra olunub. Və təbii ki, ölkə Prezidenti cənab İlham Əliyev İsmayıllıya axırıncı səfəri zamanı rayonda baş verən dinamik inkşafı bu sözlərlə ifadə etmişdir: “İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə, prezidentlik dövrümdə bu, mənim altıncı səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Bu gün icra başçısı mənə görüləcək işlər haqqında məlumat verdi, təqdimatlar edildi. Burada həm turizm sektorunun inkişafı, həm də kənd təsərrüfatının, emal sənayesinin inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.”

...İsmayıllının ağsaqqalları deyirlər ki, yurdun indiki durumuna min şükür, dağların növrağına min əhsən! Rayon sakinlərinin tarixə qovuşmuş 2018-ci ili də fərəhlə xatırlamağa haqları var. Çünki həmin il onların ömründə-günündə xüsusilə silinməz iz buraxıb. Hansı yöndən baxsan, dağlar diyarında həyatın daha da canlandığının şahidi olarsan. Ölkənin dinamik inkişafı İsmayıllıda da geniş əksini tapıb. Rayonun sosial-iqtisadi və mədəni həyatında yeni bir mərhələnin başlanğıcı qoyulub.

Həmkarım, İsmayıllıda yaşayan Valeh Salehov ötən ilin yekunlarını şərh edərək dedi ki, inkişafın yeni mərhələsi ilk növbədə özünü insan amilinə zəruri önəm verilməsi ilə sağlam münasibətlər sisteminin qurulmasında göstərib. İşgüzar mühit, qarşılıqlı inam sayəsində vahid və işlək mexanizm qurulub, ləngitmə riçaqları birdəfəlik aradan qaldırılıb.
İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl
Qələm dostum daha sonra bildirdi:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə çəkilən Dəmirçi-Lahıc magistral yolu, Lahıc qəsəbəsi ilə bağlı Prezident sərəncamları qonşu Əhən kəndinə də yeni həyat gətirib. Magistral yoldan Əhənə ayrılan hissədə -Cəfələ çayı üzərində körpü tikilib, “Kəndinvestisiya” layihəsi əsasında yola çınqıl döşənib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə burada yeni məktəb binası inşa edilib. Rayon icra hakimiyyəti yerli imkanlara əsaslanaraq yararsız vəziyyətə düşmüş köhnə klub binasını müasir hala gətirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması Proqramı çərçivəsində ərazidə eroziyanın qarşısının alınması, ekoloji tarazlığın qorunması, bitki örtüyünün zənginləşdirilməsi məqsədilə qoz, fındıq, digər meyvə ağacları əkilir, bağlar salınır.

Sonra Valeh müəllim bildirdi ki, dövlət qayğısından hərtərəfli yararlanan Əhən kəndində görüş-qəbul keçirən İcra başçısı Mirdaməd Sadıqov cənab Prezident İlham Əliyevin İsmayıllıya, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Lahıca səfərlərinin rayona bəxş etdiyi yeni həyat zənginliyindən, səfərdən sonrakı Prezident sərəncamlarının bölgənin yüksəlişinə, dağ kəndlərində həyatın bərpasına əsas olacağından ətraflı danışıb. Qeyd edib ki, rayonun sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə görülən işlər proqramlaşdırılıb və Respublikanın aid təşkilatlarına təqdim olunub. İsmayıllı Rayon İcra Hakimiyyəti proqramdan öz üzərinə gələn vəzifələrin icrasına artıq başlamışdır.

İnkişafdan doğan məmnunluqla qəbula gələn Əhən sakinləri ölkə başçısına yekdilliklə minnətdarlıqlarını bildiriblər. Bəzi məsələlər də diqqətə çatdırılıb: internetin zəif olması, bir neçə elektrik dirəyinin dəyişdirilməsi, çınqıl döşənmiş yolda bərkidilmə işlərinin aparılması, məscid binasının təmirinə yardım göstərilməsi, kəndə qaz çəkilişi və digər sosial məsələlər. Hər bir təklif və xahiş rayon icra hakimiyyətində yenidən təhlil olunub və icrası üçün tədbirlər müəyyənləşdirilib.

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

Məlumdur ki, yerlərdə əhali ilə görüşlər keçirmək, səyyar qəbullar, dinləmələr təşkil etmək müasir idarəetmənin ən məqbul formalarındandır. Prezident İlham Əliyevin vaxtaşırı bölgələrə səfər etməsi, regional inkişaf Dövlət Proqramının icrasını nəzarətdə saxlaması və ictimaiyyət nümayəndələri ilə görüşərək səmimi söhbətlər aparması hər bir rəhbər kadr üçün örnəkdir. Rayonun icra başçısı Mirqamət Sadıqov bu mexanizmin səmərəsini fəaliyyəti ilə bir daha ortaya qoyub. Çətin coğrafi relyefə baxmayaraq o, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun yaşayış məntəqəsinin hamısında görüşlər keçirib, problemlərlə tanış olub. Bu zaman rəsmi qəbullardan fərqli olaraq, insanlar öz istək və arzularını, narahatedici məsələləri rayon rəhbərinə birbaşa çatdırmaq üçün real imkan qazanıblar.

Beləcə, səmimi dialoqlara, təkliflərə, müraciətlərə həssas və obyektiv münasibət rəhbərliklə əhali arasında olan inam körpüsünü daha da möhkəmləndirib. Sosial-iqtisadi inkişafın bütün aspektləri işə salınıb. Sağlam atmosferdən, işgüzar auradan ruhlanan xeyriyyəçilər, az-çox imkanlı adamlar da qollarını çırmalayıb ürəklə işə girişiblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair” müvafiq sərəncamı ilə əlaqədar 2013-cü ildən hal-hazıradək rayonda 39 subartezian quyusu qazılaraq istismara verilmişdir. Bu günlərdə İsmayıllı şəhəri və Topçu kəndində qazılmış yeni artezian quyularının təntənəli şəkildə açılışı olub və həyat mənbəyi hesab edilən su əhalinin istifadəsinə verilib.

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

Təzəkənd inzibati ərazi dairəsinə daxil olan Gəndov kəndi son illər yeni həyata qovuşması ilə diqqəti cəlb edir. Buraya asfalt yol, qaz kəməri çəkilib, ümumi orta məktəb üçün modul tipli bina tikilib, sakinlər son bir neçə il ərzində 24 fərdi ev inşa ediblər. Enerji təchizatı sabitləşib, dayanıqlığı artıb. İçməli və suvarma su problemi də çoxdan həll olunub. Gəndov kənd sakinləri ilə görüş-qəbul keçirən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün bunları cənab Prezident İlham Əliyevin qayğısının və diqqətinin bariz təzahürü olduğunu bildirib. Qeyd edib ki, olanlarla kifayətlənmək olmaz. Ölkə rəhbərinin, dövlətimizin qayğısı hər kəsi daha səmərəli işləməyə, fəaliyyətini yeni düşüncə əsasında qoymağa sövq edir. Torpaqlardan səmərəli, düşünərək istifadə olunmalıdır. Evlər məsləhətdir ki, əkinə yararlı olmayan torpaqlarda tikilsin.

Gəndov kənd sakinləri keçmiş illərdən fərqli olaraq fərdi məsələləri yox, ümumi xarakter daşıyan istəklərini dilə gətiriblər. Deyiblər ki, yeni məktəbin su çəni quraşdırılmalı, isitmə sistemi işə salınmalı, tibb məntəqəsi üçün otaq ayrılmalı, yeni çəkilmiş və sayğac qoyulmuş xətlərlə bütün evlərə qazın verilişi tezləşdirilməli, İsmayıllı-Lahıc marşrutu ilə işləyən avtobus daha tutumlusu ilə əvəz edilməlidir. Aidiyyatı xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi görüş-qəbulda hər bir məsələnin icrası ilə əlaqədar RİH-nin başçısı M.Sadıqov tərəfindən konkret tapşırıqlar verilib.

Rayon mərkəzini gözəl və yaraşıqlı bir dağ şəhərinə çevirmək istiqamətində tikinti-abadlıq işləri daha da sürətləndirilib. Artıq indiyədək şəhərin giriş hissəsindən başlayaraq kilomerlərlə istinad divarı hörülmüş və ağ üzlük daşlarla bərkidilmişdir. İndi həmin istiqamətdə magistral yol da genişləndirilib, su arxları salınıb, piyadalar üçün səkilər tikilib. Piyada yollarına ornamentli üzlük plitələr döşənib.

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

İsmayıllı rayonunda görülən işlər, həyata keçirilən tədbirlər həqiqətən diqqətəlayiqdir. Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. Məhz bu düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən qabaqcıl ölkələri sırasında yer alıb. Ölkəmiz mötəbər idman tədbirlərinə ev sahibliyi edən dünyanın tanınmış ölkələrindən biridir. Belə böyük və əhəmiyyətli tədbirlər Azərbaycana gələn turistlərin sayını xeyli dərəcə artırmışdır. Bu da ölkəmizdə turizm sektorunun inkişafına xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan məqsədlərin kifayət qədər geniş və əhatəli olmasına imkan yaradıb. Son dövrlərdə bu istiqamətdə müsbət dinamika güclənib.

Dünya turistlərinin diqqətini Azərbaycana cəlb etmək üçün indi müxtəlif istiqamətlərdə fəal işlər görülür. Bu işdə Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Azərbaycanın I Vitse Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında son illərdə ölkəmizdə və xaricdə çoxlu tədbirlər keçirilir, Azərbaycanın turizm potensialının tanıdılması və təbliği ilə bağlı bir sıra layihələr icra olunur. Turizmin inkişafı da Azərbaycançılığın təbliğatından və ölkəmizə gələn turistlərin qarşılanmasında tam asılı olan məqamdır. Ölkəyə gələn qonaqları yaxşı qarşılamaq üçün müasir tələblərə cavab verən otellər və istirahət mərkəzləri tikib istifadəyə verilir. Azərbaycana gələn xarici qonaqlarla yanaşı yerli vətəndaşların istirahəti üçün də həmin otellərə ehtiyac vardır. Bu məqsədlə təkcə paytaxtda deyil regionlarda da bu sahənin inkişafına xüsusi diqqət yetirilir. İsmayıllının inkişafında Rayon İcra hakimiyyəti başçısı Mirdaməd Sadıqovun xüsusi xidmətləri vardır. Rayondakı inkişafa dəyərli tövhə vermək üçün, aparılan abadlıq və quruculuq işlərinin davamı olaraq “İsmayıllı” otelinin tikintisinə başlanmışdır. Dövlətimizin davamlı iqtisadi və digər sahələrdəki inkişafı hər bir region kimi İsmayıllı rayonuna da öz müsbət təsirlərini göstərmişdir. Azərbaycanda, xüsusən də regionlarda müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “İsmayıllı” otelinin təsis olunmasını şərtləndirmiş və buna təkan vermişdir. İsmayıllı otelinin tikintisinə 2016-cı ildə başlanılıb. Otel Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də respublikamıza gələn turistlərin sayının artmasına zəmin yaradır. “İsmayıllı” oteli təkcə İsmayıllı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik bu otel kompleksindəki şərait böyük turizm potensialına malik olan İsmayıllıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar yaradacaqdır.

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

İnşası davam etdirilən oteldə yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstərilməsi nəzərdə tutulur. Otel kompleksi maraqlı memarlıq üslubunda inşa edilir. Avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə edilməsi nəzərdə tutulub. Oteldə yüksək hazırlıq kursu keçmiş heyətin xidmət göstərməsini və onların əksəriyyətini yerli kadrlar təşkil etməsi əsas məqsəddir ki, bu da istirahət edən qonaqların xidmətdən məmnun olmasına istiqamətlənmişdir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, 50 qədər yüksək səviyyəli xidməti otaqlar, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərəcəkdir. Oteldə müxtəlif kateqoriyadan olan nömrələrin ən müasir tələblər səviyyəsində tərtib edilməsi və yüksək dizaynı ilə fərqlənməsi plana daxildir.

Azyaşlı qonaqların da istirahətinin təşkili üçün lazımı şərait yaradılacaqdır. Burada müxtəlif əyləncə və idman sahələri təşkil olunacaq, qonaqların vaxtlarını səmərəli keçirmələri üçün bilyard və boulinq zalları təsis ediləcək, təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənəcəkdir. Qonaqların sağlam istirahətini təmin etmək məqsədi ilə oteldə idman və sağlamlıq mərkəzi trenajorlar, müasir idman avadanlıqları və hovuzlar quraşdırılacaqdır. Həmçinin otelin arxa hissəsində qonaqların əlavə istirahəti üçün yardımçı binanın tikilməsinə başlanmışdır.

Hal-hazırda otelin özəl hissələri tikilib, arakəsmə və hörgü işləri aparılıb, suvaq çəkmə işləri, həmçinin dam örtüyünün çəkilməsi ilə bağlı işlər tamamlanmışdır, binanın fasad örtüyü çəkilib, yekunlaşmaqdadır. “İsmayıllı” otel kompleksində 50 nəfər üçün iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılacaqdır, yaşıllıq sahəsi salınacaqdır. Otel xidmətindən istifadə edənlər həm də burada inşa edilən parkovka meydançasından da, rahatlıqla istifadə edəcəklər. Otel üçün zəruri avadanlıqlar sifariş verilib və yaxın zamanlarda hazırlanması gözlənilir. İnşallah otelin ən qısa zaman kəsiyində son tamamlanma işləri aparılaraq qonaqların və rayon sakinlərinin istifadəsinə veriləcəkdir. Bu kimi quruculuq və abadlıq işlərinin vaxtaşırı həyata keçirilməsini, günü-gündən çiçəklənən Azərbaycanımızın dayanıqlı inkişafının İsmayıllı modeli də adlandırmaq olar.

VALEH SALEHOV DEYİR:

- Yola salmaq ərəfəsində olduqumuz 2018-ci ildə rayonda dövlət vəsaiti və sahibkarlar tərəfindən geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülmüşdür. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunmuş, şəhərdaxili küçələr abadlaşdırılmış, yollara asfalt örtük vurulmuş, ictimai yaşayış binalarında təmir işləri aparılmışdır.
İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl
Əvvəlki illərdə inşasına başlanılmış bir sıra obyektlərin tikintisi başa çatdırılmışdır. Hazırda rayon ərazisində bir neçə iri həcmli istirahət-turizm obyektlərinin, o cümlədən İsmayıllı şəhərində 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo əyləncə istirahət mərkəzi”nin, Talıstan kəndi ərazisində “İstirahət Kompleksi”nin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir. Rayon ərazisində 60 yaşayış evinin, 9 obyektin inşasına razılıq, 6 obyektin istismarına icazə sənədi verilmişdir.

İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində 28 May küçəsində kommunikasiya xətlərinin yeri dəyişdirilərək küçə genişləndirilmiş, 1 saylı tam orta məktəbə yaxın ərazidə avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılmışdır. Heydər Əliyev adına parkda fontan əsaslı təmir edilmiş, Günəşli parkında abadlıq işləri aparılmış, M.Orucov, S.Ə.Şirvani və M.F.Axundov küçələrində hasarlar təmir edilmiş, divarlar rənglənmişdir.

Həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı bu gün İsmayıllıda şəhərin siması ilə uyuşmayan, arxitektura baxımından şəhərə xələl gətirən obyektlər də mövcuddur. Bu obyektlərin daha müasiri ilə əvəz olunması üçün mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılır. Qeyd etmək lazımdır ki, istifadəyə verilən hər bir obyekt şəhərə estetik baxımdan gözəllik verir, eyni zamanda yeni iş yerləri açılır. Təəssüf doğurası haldır ki, əvvəlki illərdə istifadəyə verilmiş bəzi obyektlərdən gözlənilən nəticə əldə edilməmişdir. Belə ki, 2014-cü ildə istifadəyə verilmiş 140 yerlik uşaq bağçası üçün maliyyələşmə açılmadığına görə bu günə qədər fəaliyyət göstərmir. “Sİ ENERJİ” şirkətlər qrupuna daxil olan İsma-Bikes velosiped istehsalı zavodu ilin əvvəlində normal fəaliyyət göstərsə də, son iki ayda iş zəifləmişdir. Digər obyektlərin də fasilələrlə işləməsi müşahidə olunur. Bu cür halların aradan qaldırılması üçün sahibkarlar, iş adamları və aidiyyəti təşkilatlar təsirli tədbirlər görməlidirlər.

Cari ildə respublika əhəmiyyətli və kəndlərin giriş yollarının tikintisi və təmiri ilə əlaqədar xeyli iş görülmüşdür. 10 kilometr uzunluğunda Keyvəndi-Bilistan və 14 kilometr uzunluğunda Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolu əsaslı təmir edilib, asfalt örtük vurulmuşdur. “9 №-li Yol İstismarı” MMC tərəfindən Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarında və yerli əhəmiyyətli kəndlərin giriş yollarında cari təmir işləri aparılmışdır.


İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

...İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun növbəti görüş-qəbulu vaxtilə İvanovkadakı kolxozla birgə təsərrüfat olmuş, aqrar inkişaf üçün geniş imkanları olan Külüllü kəndində keçirilirdi. Bütün aidiyyati idarə-müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüş qəbulu giriş sözü ilə RİH-nin başçısı cənab Mirdamət Sadıqov acdı. O, qeyd etdi ki, Külüllü kəndi problemli yaşayış məntəqələrindən deyil. Müasir təsərrüfat fəaliyyəti üçün burada hər cür şərait var. Yetərlidir ki, sakinlər bir araya gəlib birgə təsərrüfat, kooperativ formasında işləsinlər. Özəl fəaliyyət üçün imkanları özlərində axtarsınlar. İvanovka bələdiyyəsi əhatəsində olan Külüllü kəndinə diqqəti artırmalı, torpaqlardan istifadəni tam qanuni əsasa keçirməlidir. Bələdiyyənin mülkiyyətində olan torpaqların icarəyə verilməsinə xüsusilə diqqət yetirilməlidir.

İcra başcısı daha sonra sakinləri dinlədi. İştirakçılar xahiş etdilər ki, kənddə ümumi orta məktəb açılsın, mərkəzi yolun düzəldilməsinə, elektrik xətlərinin təmirinə, bələdiyyə torpaqlarından qanunauyğun istifadə olunmasına köməklik göstərilsin.

Hər bir məsələnin icrası, tənqidi qeydin aradan qaldırılması məqsədilə RİH-nin başçısı aid təşkilatlara müvafiq tapşırıqlar verdi.

...Bəli, İsmayıllı inkişaf edir və gözəlləşir. Ölkə başçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rayona tarixi səfəri zamanı söylədiyi bu fikirlər artıq həqiqətə çevrilir : “Yaxın zamanlarda İsmayıllı Azərbaycanın qabaqcıl rayonlarından birinə çevriləcəkdir”. Bəli, İsmayıllıdakı inkişafı, gözəlliyi görmək üçün gərək onun gəzməli, görməli yerlərinə gedəsən, zəhmətsevər, qayğıkeş, səmimi, mehriban adamlarının, yüksək işgüzarlıq, təşəbbüskarlıq, nizam-intizam yaradılmasına nail olan rayon rəsmilərinin həmsöhbəti olasan.

Bəli, İsmayıllıda söz əməli işə, ümid inama, inam qələbəyə vəsilə olmaqla özünü təsdiqləyir.

İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

... 28 DEKABR...İsmayıllının mərkəzi cal-cagırdır. Bu gün “Qala” şadlıq sarayında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri keçirilir. 400 nəfərdən çox iştirakçını özündə birləşdirən tədbirin təşkilatcısı Rayon İcra Hakimiyyətidir. Musiqili ədəbi-bədii proqramla müşaiyət olunan bayram tədbirində RİH-nin başçısı Mirdaməd Sadıqov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını, İsmayıllı sakinlərini, bayram təntənəsinə toplaşanları təbrik edir. Rayonda gedən geniş abadlıq və quruculuq işlərindən, yeni tikilən və tikilməkdə olan obyektlərdən söz açır. Rayonun gələcək sosial- iqtisadi inkişafı barədə ətraflı məlumat verən başcı İsmayıllıya göstərilən dövlət qayğısı barədə danışır, Ölkə Prezidenti cənab İlham Əliyevin həmişə ismayıllılara arxa, kömək durduğunu diqqətə çatdırır. Sonra tədbirdə qonaq qismində iştirak edən tarix elmləri doktoru Qafar Cəbiyev, Azərcell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, şair Maarif Soltan, qiraətçi Pünhan İsmayıllı, şairə Turac Hilal və başqaları çıxış edərək bildiriblər ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır. Hər Yeni il xoşbəxt gələcəyimizdən xəbər verir. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqova Gənclər İdman İdarəsi adından “Gənclərin dostu” mükafatını təqdim edir.

“İlin ən fəalı” nominasiyasına təqdim olunan bir qrup qabaqcıl, əmək fəaliyyəti ilə fərqlənənlərə mükafatlar təqdim olunur.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra çox böyük və şərəfli bir yol keçib, misli görünməmiş nailiyyətlər əldə edib. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradıb.

Rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan xalqının milli birliyi, xalqımızın mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası təşkil edib. Bayram tədbirində bir daha dərindən dərk olunub ki, bütün bunlar Prezident İlham Əliyevin milli dövlətçiliyə, xalq maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir.


İLİN SON GÜNÜ: İsmayıllı - dağ başında yuva qurmuş QARTAL... - Özəl

... Artıq axşam düşür...Xoş və zəngin təəssuratla Bakıya qayıdırıq. Yol boyu düşünürəm ki, elə dogrudan da .İsmayıllı eli dağ başında yuva tikmiş qartaldır ki, durub. Nəğməsini dağdan-daşa; düzdən-düzə, eldən-elə yayaraq yaşayır, hüsnünə nəğmələr qoşulur, həm də el sənətkarlarının söz sərvətinin köksündə yaşadır bu oba... Elə bil bir anlıq Babadağ, Əsəddağ, Qaraburğa, Şahnəzərdağ, Qəmçə zirvəsindəyəm, ayagımın altındadır bu dünya... İstər-istəməz köksümdən bir haray qopur... Ehey!..bu yurdun ərənləri, qoc igidləri, o gün olsun əmək meydanlarından gələn hayqırtınız yagı düşmən tapdagında qalan Vətən torpaqlarından ucalsın, düşməni lərzəyə gətirsin! O gün uzaqda deyil, lar elə bir addımlıqdadır...
Ədalət NƏNİBƏYLİ,
Qaynarxett.az