backend

İbrahimi “peyğəmbər” Musayevin şok etirafları

İbrahimi “peyğəmbər” Musayevin şok etirafları















Azərbaycanda ibrahimilər təriqətinin üzvləri və banisi Ələsgər Musayev haqda səslənən iddialar geniş rezonans doğurub

qaynarxett.az Axar.az-ın bu təriqət üzvlərinin biznes şəbəkəsi və fəaliyyəti barəsində yazdıqlarına ciddi reaksiyalar gəlməkdədir.

Xüsusilə də icma rəhbəri Ə.Musayevin üç azyaşlı qızla evlənməsi, buna görə məhkumluq həyatı yaşamasını yazmağımız etirazla qarşılanıb. Redaksiyamıza və məqalənin şərh bölümünə çoxsaylı fikirlər yazılmaqdadır.

Bəziləri müəllifin ibrahimiləri təhqir etdiyini, bəziləri bunun yalan olduğunu qeyd edirlər.

Oxuculardan Kazım Həsənov yazıb ki, ibrahimilər əxlaqlı insanlardır və onlar qızlarını 18 yaşdan tez ərə vermirlər. Əlbəttə, yazı müəllifi heç də bu təriqət üzvlərinin əxlaqsız olduğunu iddia etməyib və təhqiramiz bir nüans da yoxdur.

Sadəcə, Ə.Musayevin üç azyaşlı qızla evləndiyini yazmışıq. Bunu özü də etiraf edib. Habelə, etibarlı mənbəyə istinadən onların geniş maddi rıçaqlarının olduğunu bildirmişik və qeyd etmişik ki, ibrahimilər özlərini İbrahim peyğəmbərin davamçıları adlandırır, Məhəmməd Peyğəmbərin hədislərini qəbul etmir, Qurani-Kərimə İslamda qəbul olunduğundan fərqli təfsir verirlər.

Məqalədə bütün ibrahimilərin azyaşlı qızlarla evləndiyinə dair bir sətir də yoxdur. Hərçənd, onların bunu məqbul saydıqları deyilir. Bu faktı Ə.Musayevin üzərində fokuslaşdırmışıq.

Oxucu Elvin İsa isə qeyd edir ki, Ə.Musayev azyaşlı qızlarla evlənməklə Allahın rəsulunun varlığını göstərmək istəyib. Dinara Əliyeva adlı xanım oxucu isə bildirib ki, Ə.Musayevlə əlaqə saxlamağa çalışsa da, baş tutmayıb.

Ümumilikdə, yazı ilə bağlı reaksiyaların əksəriyyəti ibrahimilərdən gəlib. Çünki onların “Allahın salamı olsun” xitabəti spesifik müraciətdir və bu təriqət üzvlərinə aiddir. Çox qəribədir ki, şərh yazanlar Ə.Musayevin vaxtilə Lent.az-a verdiyi müsahibəni yada salmaq istəməyiblər.

Belə ki, 2003-cü ildə yetkinlik yaşına çatmayan qızlarla ailə həyatı qurduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasından danışan Ə.Musayev əməlindən peşman olmadığını söyləyib. O, Nəzrin, Cəmilə və Xəyalə adlı üç yeniyetmə qızla evləndiyini təsdiqləyib:
“Məhkəmədə də demişəm. Bunu gözə çarpmaq üçün etmişdim. İstədim ki, insanlar Allah rəsulunun varlığından xəbər tutsunlar. Bir də Allah çoxarvadlılıqla bağlı qanunu qoyub demir ki, hökmən evlənməlisən.

Guya indi heç bir kişi “levıy” getmir? O üç qız mənim arvadımın yanında Quranın ayəsinə görə özünü mənə bəxşiş etmişdi. Tutulmaqdan da, öldürülməkdən də qorxmamışam. Ancaq Allahımdan qorxmuşam. İndi böyüyüblər, ağılları var. Soruşuram ki, birdən o zamana qayıtsanız, nə edərdiniz? Deyirlər, indi beş əlli gələrik. Yaşayırlar da özləri üçün, problem də çıxmır. Onlarla evlənəndə üç dəfə qızlara dedim ki, özünüzü mənə bəxşiş etdiniz.
Mən də qəbul elədim. Siz oldunuz mənim zövcəm. Siz bilirsiniz ki, ha, bu dəqiqə mən ölsəm siz heç kimə ərə gedə bilməzsiniz? Dedilər, bilirik. Dedim dünyaya, yoxsa Allaha xatir mənə gəlirsiniz? Dedilər, Allaha xatir, mən də qəbul elədim”.

Zövcələrin sürücülük vəsiqələri, altlarında maşınları var. Ə.Musayev onlarda böyük demokratiyanın hökm sürdüyünü deyib. İbrahimi “peyğəmbər”in indiyə kimi 6 zövcəsi olub. 6 zövcədən üçü sağdır, digər üç nəfəri isə dünyasını dəyişib. Onun 13 yaşlı zövcəsi Xəyalə ürək xəstəsi olduğu üçün ölüb. Müalicəsi üçün pul toplanılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu fikirlər ibrahimilərin Azərbaycandakı rəhbərinin dilindən səslənən arxiv materiallardır.

Xatırladaq ki, İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.

Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. Mətbuatda gedən xəbərlərdə bildirilir ki, Musayev hələ Sovetlər dönəmində şiə kimi fəaliyyətə başlayıb, sonralar vəhhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək ibrahimilər adlı təriqətini yaradıb.

Ə.Musayev 1996-cı ildə Əmircan qəsəbəsində “Şeyx Nizaməddin” məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib.